Məhkəmə qərarları › İş №3(006)-2746/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2746/2023

31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2746/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-3842/2018 saylı icra sənədinə əsasən 5.130 manat məbləğində pul Şəxs alınaraq tələbkar Ə.H.Cümşüdova ödənilməlidir. Lakin tələb tam şəkildə təmin edilməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon İcra Şöbəsinin icra məmuru M.Ə.Xudaverdiyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-3842/2018 saylı icra sənədinə əsasən 5.130 manat məbləğində pul Şəxs alınaraq tələbkar Ə.H.Cümşüdova ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, sonuncu icra şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən hələdə yayınmaqdadır. Hazırda borclunun ödənilməmiş 760 (yeddi yüz altmış) manat borcu qalmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan əlavə icra məmuru M.Ə.Xudaverdiyev məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs tərəfindən tələbkara hər ay mütəmadi olaraq pul ödənilir, 5130 manat borcdan 760 manat qalmışdır. Borclu barəsində axtarış və ya məcburi gətirmə qərarlarının çıxarılmasına zərurət qalmamışdır, belə ki, borclu icra şöbəsinin çağırışlarına vaxtlı-vaxtında gəlmiş və hər ay mütəmadiyən ödənişlər etmişdir. Sonuncunun barəsində protokol tərtib edilməsinin səbəbi tələbkarın qalıq borcun ona tam ödənilməsi tələbi olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, icra sənədindən məlumatlıdır. Həmin icra sənədinə əsasən o, indiyənədək 5130 manat borca görə mütəmadi olaraq ödənişlər etmiş, 760 manat borcu qalmışdır. Heç vaxt icra məmurunun çağırışlarından yayınmamış, vaxtlı-vaxtında çağırışlara gəlmiş və ödənişlərini etmişdir. Bundan sonra da, qalıq 760 manat borcunu ödəyəcəkdir. Göstərilənləri, vaxtlı-vaxtında ödənişlər etməsini, qadın olmasını, qalıq borc məbləğini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Ə.H.Cümşüdov öz izahatında göstərmişdir ki, maddi ehtiyacı olduğu üçün borcun tam ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-3842/2018 saylı icra sənədindən görünür ki, 5.130 manat məbləğində pul Şəxs alınaraq tələbkar Ə.H.Cümşüdova ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi Rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-3842/2018 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Nəsimi Rayon İcra şöbəsinin məktubundan görünür ki, borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, borclu Şəxs tərəfindən tələbkar Ə.H.Cümşüdovaya 4.370 (dörd min üç yüz yetmiş) manat məbləğində ödənişlər edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-3842/2018 saylı icra sənədinə əsasən 5.130 manat məbləğində pul Şəxs alınaraq tələbkar Ə.H.Cümşüdova ödənilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, sonuncu icra şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən hələdə yayınmaqdadır. Hazırda borclunun ödənilməmiş 760 (yeddi yüz altmış) manat borcu qalmışdır. Buna görə də xx.xx.2023-cü il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə iclasında Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru M.Ə.Xudaverdiyevin izahatından və təqdim olunmuş qəbzlərin surətlərindən müəyyən olunmuşdur ki, Şəxs 5130 manat borcundan 4.370 (dörd min üç yüz yetmiş) manatını ödəmişdir. Bu fakt məhkəmə iclasında iştirak edən bütün proses iştirakçıları tərəfindən də təsdiq edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi üzrə borc Şəxs tərəfindən hər ay vaxtlı-vaxtında ödənildiyindən və borcun ödənişindən yayınmadığından həmin icra sənədinin sonuncu tərəfindən qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən A.M.İslamovun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar