Məhkəmə qərarları › İş №3(006)-2755/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2755/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2755/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-in) 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 09 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş, eyni tarixli MN seriyalı ******* nömrəli qərardadı ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən işğaldan azad edilmiş ərazilərlə iş icazəsi alınmış X7, X13 xx.xx.2024-cü il tarixindən, X15, X14, X6 xx.xx.2024-cü il tarixindən Nazirliyin «Əmək və məşğulluq» sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar edilməmiş, həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur. Nəticədə, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X16 protokolun məzmununa uyğun çıxış edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətin tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, «Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş» informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, Şəxs işğaldan azad olunmuş ərazilərə iş icazəsi aldığı şəxs X7, X13, X15, X14, X6 Nazirliyin «Əmək və məşğulluq» sistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmiş, həmin şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə müraciət edərək bildirmişdir ki, «X17 şirkəti 2002-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Şirkət Azərbaycanın tikinti, interyer dizayn və mebel sahəsində aparıcı şirkətlərindən biridir. Keçdiyi bu 22 illik yolda şirkət yerli və xarici, 300-dən çox tamamlanmış layihə ilə uğurlarını ard-arda sıralamışdır. Müəssisə həm tikinti, həm də layihələndirmə işləri üzrə xüsusi lisenziyaya malikdir. Bu illər ərzində tərəfimizdən nəinki əmək müqaviləsi olmadan hər hansı şəxsin işə cəlb edilməsi, ümumiyyətlə hər hansı inzibati xəta tərkibli pozuntuya yol verilməyib, buna cəhd edilməyib, daim qanunvericilik çərçivəsində müəyyən edilən tələblərə uyğun sahibkarlıq fəaliyyəti həyata keçirilmişdir. Bu, şirkətin qanundan irəli gələn vəzifəsi olmaqla birlikdə həm də müəssisəmizin adı və formalaşdırdığı nüfuzu, əsaslandığımız dəyərlər və partnyor şirkətlərimizin dairəsi baxımından bizim üçün uyğun deyildir. Hazırda müəssisəmizdə ümumi işçi sayı 380 nəfərdir və 5 nəfər şəxsin rəsmiləşdirilməsi bizim üçün hər hansı əlavə yük və ya öhdəlik yaratmayacaqdır. Müəssisə barəsində məhkəməyə təqim olunan bu protokol qanunsuz və əsassızdır. Belə ki, müəssisənin Qarabağ regionuna daxil olan şəxslər üçün elektron icazə sisteminə birbaşa giriş səlahiyyəti yoxdur. Bu səbəblə də, Qarabağ ərazisində iştirakçısı olduğu layihələrə cəlb ediləsi şəxslərin siyahısı Təhsil Nazirliyinə (bundan sonra “Nazirlik”) göndərilir və icazələrin əldə olunması üçün müraciət Nazirlik tərəfindən həyata keçirilir. 2024-cü ilin iyul ayında baş tutması planlaşdırılan layihədə işləməsi üçün nəzərdə tutulan bir sıra şəxslərin məlumatları müəssisəmiz tərəfindən may, iyun da daxil olmaqla müxtəlif aylarda Nazirliyə təqdim edilmişdir. Qarabağda işləyən əməkdaşlar Bridge House yataqxanasında qonaqlayırlar. Həmin yataqxanadan sorğumuz əsasında əldə edilmiş arayışı qoşmada təqdim edirik. Yataqxananın arayışından və Qasımov Aslanın məhkəməyə ünvanlanmış notarial ərizəsindən də göründüyü kimi o, xx.xx.2024 tarixdə Qarabağ ərazisinə daxil olmuş, həmin gün yataqxanaya qeydiyyatı aparılmışdır. Lakin əmək şəraitini uyğun hesab etmədiyi üçün Qarabağ ərazisini bir gün sonra tərk etmişdir. Digər şəxs, X2 ərazisinə 15 may tarixdə daxil olmuş, həmin gün yataqxanaya qeydiyyatı aparılmış, lakin işi bəyənmədiyi üçün növbəti gün Qarabağ ərazisini tərk etmişdir. Bu hal şəxsin özü tərəfindən məhkəməyə ünvanlanmış teleqramda da öz təsdiqini tapır. X3 ərazisinə 27 may tarixdə daxil olmuş, həmin gün yataqxanaya qeydiyyatı aparılmış, lakin işi bəyənmədiyi üçün növbəti gün Qarabağ ərazisini tərk etmişdir. Əsədov Aqşin məhkəməyə ünvanlanmış notarial ərizəsi ilə də müəssisə ilə hər hansı əmək münasibətlərində olmadığını təsdiq etmiş, yalnız 1 gün Qarabağ ərazisində olduğunu qeyd etmişdir. X1 ərazisinə 27 may tarixdə daxil olmuş, həmin gün yataqxanaya qeydiyyatı aparılmış, lakin işi bəyənmədiyi üçün növbəti gün Qarabağ ərazisini tərk etmişlər. O tarixdən sonra onunla əlaqə saxlamaq mümkün olmamış, həmin şəxslə bağlı hər hansı əlaqəmiz olmamışdır. Son olaraq əldə etdiyimiz məlumata əsasən, başqa şirkətdə işə düzəlmişdir. Təqdim edilən şəxsiyyət vəsiqəsi ilə məhkəmə tərəfindən şəxsin iş yeri məlumatları müəyyən edilə bilər. Protokolda göstərilən sonuncu şəxs, X9 isə ümumiyyətlə Qarabağ ərazisinə giriş etməmiş, onunla əlaqə saxlamaq və məlumat almaq mümkün olmamışdır. Belə ki, həmin şəxs əvvəlcə işlə tanış olmaq üçün Qarabağ ərazisinə getmək üçün razılığını vermiş, daha sonra isə nömrəsini söndürdüyü üçün (**********) əlaqə saxlamaq mümkün olmamışdır. Ümumiyyətlə bu şəxslə yalnız bir dəfə - iş təklifi barədə danışıq aparılmış, ondan sonra isə şirkətimizlə hər hansı əlaqəsi olmamışdır. Həmin şəxsi ümumiyyətlə fiziki olaraq görməmişik, hazırda da barəsində hər hansı məlumatımız yoxdur. Qeyd olunan şəxslər müəssisə tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmiş, yalnız əmək şəraiti ilə tanış etdirilmiş, görüləcək işlər və şərtlər barəsində məlumat verilmişdir. Açıq-aşkardır ki, müəssisəmiz tərəfindən heç bir şəxs əmək müqaviləsi olmadan işlərə cəlb olunmamışdır, ona görə də, DƏMX tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi nəzərdə tutulmaqla tərtib edilən protokol qanunsuz və əsassızdır. Ümumiyyətlə, protokolla birlikdə təqdim edilən şəxslərin adlarını göstərən cədvəl Əmək Müfəttişliyinin özü tərəfindən tərtib edilmiş, həmin şəxslərin protokolda qeyd edildiyi kimi “Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına giriş informasiya sistemində” olması müəyyən olunmur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən həmçinin prosessual pozuntuya yol verilmiş və inzibati xəta haqqında elektron protokol tərtib edilməmişdir. Belə ki, “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiq informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə baxılmanın xüsusiyyətləri” adlanır. Qeyd olunanlara əsasən, təqdim olunan protokol əsassız və qanunsuz olduğu üçün ləğv edilməsini başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə vəsatətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X15 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Şəxs MMC-nin Qarabağda yerləşən obyektində işlə tanış olmaq üçün MMC tərəfindən İcazələr portalında iş icazəsi alınmışdır. İş uyğun olmadığı üçün təklifi qəbul etməmiş, MMC-nin xeyrinə hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmamışdır. X14 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Şəxs MMC-nin Qarabağda həyata keçirilən layihələrlə tanış olmaq üçün oraya yollanmış, Şuşa- Xankəndi şəhərində Bridge House yataqxanasında gecələdikdən sonra xx.xx.2024-cü il tarixdə hər hansı işin görülməsinə cəlb edilmədən Füzuliyə geri qayıtmışdır. Əmək şəraiti uyğun olmadığı üçün Şəxs MMC-nin iş təklifini qəbul etməmiş, həmin müəssisə ilə hər hansı əmək fəaliyyəti olmamışdır. X13 məhkəməyə teleqramla müraciət edərək bildirmişdir ki, Şəxs MMC-nin Qarabağda yerləşən obyektində işlə tanış olmaq üçün MMC tərəfindən İcazələr portalında iş icazəsi alınmışdır. İş uyğun olmadığı üçün təklifi qəbul etməmiş, MMC-nin xeyrinə hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmamışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi tərkibinin yaranması üçün şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməlidir. Sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq işçinin əmək qanunvericiliyində təsbit olunmuş əsas hüququ hesab olunur. İşçi əvvəlcə əmək şəraiti ilə tanış olmalı, daha sonra əmək müqaviləsinin bağlayıb-bağlamamaq barədə qərara gəlməlidir. Əmək müqaviləsi bağlamazdan əvvəl protokolda göstərilən şəxslərin əmək şəraiti ilə yaxından tanış olmaq məqsədilə icazə üçün elektron müraciət etməsi əmək münasibətlərinə daxil olma əsası kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, həmin sübutlar sübutetmə predmetinə daxil olan bütün halların sübuta yetirilməsi üçün kifayət etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan mötəbər sübutlara istinad etməyərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs MMC-nin qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlamadan Şəxs MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilmir. Beləliklə, hazırkı iş üzrə “fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və işəgötürən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və Şəxs MMC barəsində əsassız olaraq “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul etmişdir. Odur ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş hallar məhkəmədə Şəxs MMC-nin inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən isə məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırki iş üzrə sübutetmə predmetinə daxil olan əsas hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Hazırki iş üzrə səlahiyyətli orqanın təqdim etdiyi sübutlar şəxsin təqsirliliyi barədə nəticəyə gəlməyə imkan vermir. Yalnız belə sübutların mövcudluğu vəziyyətində isə şəxs barəsində başlanmış icraata xitam verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 09 iyul 2024-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 09 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar