Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2762/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin sahə inspektoru X4 iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 14 aprel 2025-ci il tarixdə zərərçəkmiş şəxs X6 məxsus 200 manat dəyərində “Velostrim” markalı velosipedi gizli yolla oğurlamış və qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, X2 RPİ-nin 20-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona məxsus 200 manat dəyərində “Velostrim” markalı velosiped gizli yolla oğurlanmışdır. Aparılmış araşdırmalar nəticəsində Şəxs 14 aprel 2025-ci il tarixdə zərərçəkmiş şəxs X6 məxsus “Velostrim” markalı velosipedi gizli yolla oğurlaması müəyyən edilmişdir. Şəxs saxlanıldıqdan sonra törətdiyi əməli etiraf etmiş və bundan əlavə narkotik maddələrdən istifadə etməsi barədə məlumat vermişdir. Bundan sonra Şəxs narkoloji müayinə olunması üçün Respublika Narkoloji Mərkəzinə göndərilmiş və həmin Mərkəzin tərtib etdiyi rəydə narkotik vasitədən istifadə etməsi aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 14 aprel 2025-ci il tarixində o, binanın qarşısından velosipedi oğurluq yolu ilə ələ keçirmişdir. Lakin sonradan polis əməkdaşları tərəfindən saxlanılmış və etdiyi oğurluq əməlini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində etdiyi əməli etiraf etmiş, həmçinin arabir narkotik maddələrdən istifadə etməsi barədə məlumat vermişdir. O, 20-ci Polis Şöbəsinə aparıldıqdan sonra onun barəsində narkoloji rəy alınmış və rəy əsasında barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəzanın qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 haqqında xx.xx.2025-ci il tarixli, 2454 saylı rəyinə görə Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstələiyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Şəxs İİİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. İş materiallarında olan 28 aprel 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 aprel 2025-ci il tarixdə, saat 19:30 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Şəxs İİ qrup əlillik dərəcəsi verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs törətdiyi əməldən peşman olmasını İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda o, inzibati qaydada tutulduğu üçün həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 30.2 və 31.4-1-ci maddəsi nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2762/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2762/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver