Məhkəmə qərarları › İş №3(006)-2764/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2764/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2764/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə əldə edib istehlak etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati xəta törətdiyinə görə barəsində Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə baş əməliyyat müvəkkili Çingiz Təhməzli və sahə rəisi Ərəstun Qurbanov xidməti ərazidə olan zaman Nəsimi rayonu, Sübhi Salayev küçəsində 2 nəfərin yüksək səslə danışdıqlarını görmüşlər. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və onlardan ictimai qaydanı pozmamasını tələb etmişlər. Bu vaxt həmin şəxslərin qeyri-adekvat hərəkət etdiklərini gördükdə onların narkotik vasitə təsiri altında ola biləcəkləri güman yarandığından həmin şəxslərin şəxsiyyətini müəyyən edilməsi üçün Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmiş, daha sonra Şəxs Respublika Narkoloji Mərkəzə aparılmış və müayinədən keçirilmişdir. Nəticədə məlum olmuşdur ki, Şəxs narkotik vasitədən istifadə edir və sidiyində narkotik vasitə MET və MOP aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, əvvəllər narkotik vasitə qəbul etsə də, polis əməkdaşları tərəfindən saxlanılan zaman narkotik vasitə qəbul etməmişdir. Həmin saxlanılarkən qardaşı da yanında olmuş və onları narkoloji dispanserə aparmışlar. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 4837 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 77, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 16 iyul 2024-cü il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilsin, inzibati həbs müddətinin başa çatdığı gün Şəxs inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar