Məhkəmə qərarları › İş №3(006)-2769/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2769/2021

30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2769/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin səlahiyyətli şəxsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 14 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin səlahiyyətli şəxsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 14 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Tarkhun pub” obyektini işlədir, həmin obyekt ona məxsusdur. Qeyd edir ki, həmin yeri işlədərkən ölkədə mövcud olan karantin qaydalarına riayət etmiş, karantin qaydalarının pozulmasının qarşısını almaq üçün bütün zəruri tədbirləri görmüşdür. 13.09.2021-ci il tarixində axşam saat 12-yə 10-15 dəqiqə qalmış müştərilərin hamısı çıxdıqdan sonra o da qapını bağlayaraq çıxmışdır. O, qapını bağladıqdan sonra iki nəfər mülki formada ona yaxınlaşmış və onlardan biri özünü polis əməkdaşı kimi təqdim etmişdir. Onlar obyektin ona məxsus olub-olmadığını soruşmuşlar və o da obyektin ona məxsus olduğunu demişdir. Onlar demişlər ki, “Sən işlətdiyin obyektdə karantin qaydalarını pozmusan, buna görə də sənə 4000 (dörd min) manat məbləğində cərimə yazılmalıdır”. O, heç bir karantin qaydasını pozmadığını, işlətdiyi obyektdə karantin qaydalarına əməl edilməsi üçün bütün tədbirləri gördüyünü bildirmişdir və əgər bununla bağlı hər hansı sübutları varsa, ona təqdim etməklərini tələb etmişdir. Onlar heç bir sübut təqdim edə bilməmişlər və konkret bir hala istinad edə bilməmişlər. Onlar demişlər ki, “bizə göstəriş verilib, sənə cərimə yazılmalıdır. Sən obyekt işlədirsən, VÖEN-in də var, bu pulu ödəmək sənin üçün nədir ki? Get, ödə”. Onların bu qanunsuz hərəkətlərinə etiraz etdikdən sonra polis maşını ilə onu Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə aparmışlar. X2 heç bir izahat almamışlar və heç bir protokol tərtib etməmişlər. Onun şəxsi məlumatlarını götürmüşlər və 4000 (dörd min) manat cərimə yazılacağını deyib onu göndərmişlər. O, da 19-cu Polis Bölməsindən çıxıb getmişdir. Sonradan hər ehtimala qarşı ona cərimə yazılıbyazılmamasını yoxlamaq məqsədilə ASAN ödəniş sisteminə daxil olduqda görmüşdür ki, onun barəsində 14.09.2021-ci il tarixli EXP ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilərək ona 4000 (dörd min) manat məbləğində cərimə yazılmışdır. Həmin protokol və onun əsasında qəbul edilmiş qərar ona rəsmi qaydada təqdim olunmamışdır, o, ümumiyyətlə həmin protokolun məzmunundan xəbərsizdir. Həmin protokol qanunsuz olaraq tərtib edilmişdir. 19-cu Polis Bölməsinin əməkdaşları onun VÖEN-i barədə məlumatları qanunsuz oiaraq əldə etməklə barəsində qanunsuz və saxta protokol tərtib etmişlər. Onun hüquqlarını kobud surətdə pozmuşlar. Qeyd etdiyi kimi həmin protokol ona təqdim olunmamışdır. Protokolun barəsində məlumatı ancaq ASAN Ödəniş sistemi vasitəsilə əldə etmişdir. O, protokolun məzmunu ilə tanış olmasa da, işin faktiki hallarına və qanunvericiliyin tələblərinə əsasən, həmin protokol tamamilə qanunsuz və əsassızdır. Belə ki, İXM-də protokolun tərtib edilməsi ilə bağlı qaydalar müəyyən edilmişdir. Buna əsasən, protokol dərhal, yəni onun 19-cu Polis Bölməsinə getdiyi 13.09.2021-ci il tarixində, onun iştirakı ilə tərtib olunmalı idi və onun həmin protokol barəsində öz izahatını vermək hüququ təmin edilməli idi. Lakin bunların heç biri olmamış, protokol bir gün sonra, ümumiyyətlə, onun xəbəri olmadan tərtib olunmuşdur. Həmçinin, o, 19-cu Polis Bölməsində olduğu müddətdə protokolun tərtib olunması ilə bağlı ona heç nə deyilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, İXM-in 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifıkasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları mülahizələri protokola əlavə olunur. Göründüyü kimi onun tərəfindən heç bir inzibati xəta və ya başqa hüquq pozuntusu törədilmədiyi halda 19-cu Polis Bölməsi müəyyən "göstəriş” əsasında onun barəsində qanunsuz və əsassız, protokol tərtib etmiş və nəticədə həmin qanunsuz protokol əsasında qəbul edilmiş qərar ilə mənə 4000 (dörd min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 19cu Polis Bölməsinin 14.09.2021-ci il tarixli EXP1138098 nömrəli protokolu qanunsuz, əsassız və saxta olduğu və mənim heç bir təqsirim olmadığı üçün həmin protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısınınalınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, məsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə rəisi tərəfindən tərtib edilmiş 14 sentyabr 2021ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 14 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə lazımi qaydada məlumat verilsə də, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə rəisi tərəfindən tərtib edilmiş 14 sentyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 14 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin səlahiyyətli şəxsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 14 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar