Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2771/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mustafa Topçubaşov küçəsi, ev 21, mənzil 10, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 15.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki o, 118990,02 avro məbləğində olan vəsaiti bank hesabından 26.08.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddətin keçməsinə baxmayaraq 47897,01 avro vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Şəxs MMC məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, tərəflərindən 118990,02 avro məbləğində FONTÜELL İMPORT- EXPORT UNİPESSOAL LDA şirkətinə pul köçürülmüşdür. Həmin köçürülmüş pulun müqabilində onlara həm nəğd ödədikləri və həmçinin nisyə olaraq mallar göndərilmişdir. Ərizəyə əlavə edilmiş gömrük bəyannamələrindən göründüyü kimi 16.09.2019-cu il tarixdə 68941,44 avro və 12.09.2019-cu il tarixdə 72260,66 avro məbləğində mallar göndərilmişdir. Həmin mallar müvafiq olaraq gömrük rüsumları ödənilməklə tərəflərindən qəbul edilmişdir. Həmçinin tərəflər arasında olan razılaşmaya əsasən açılacaq mağazanın bütün dizayn və interyeri, həmçinin onun avadanlıqları hamısı həmi şirkət tərəfindən həyata keçirilməlidir. Təqdim edilən bəyənnamələrin açıqlamasında da qeyd edilir ki, gələn mallar çoxu mebellərdir. Həmçinin dizayn və işlərin görülməsinə görə müqavilə bağlanmış tərəfə əlavə olaraq təqdim edilən 27.08.2019-cu il tarixli invoice sənədinə əsasən 19999,76 avro pul vəsaiti ödənilmişdir. Təqdim edilən invoice qarşı tərəfin imzası və möhürü ilə təsdiqlənmiş və bunun müqabilində də ödəniş həyata keçirilmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Şəxs MMC tərəfindən onlara 3 bəyannamə təqdim olunmuş, lakin 47897,01 avro vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd onlara təqdim edilməmişdir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X4 inzibati xəta haqqında protokolla razı olmadıqlarını, 49000,00 avronun xidmətlərinin göstərilməsi ilə bağlı xərclər olduğunu və lazımi bəyannamələrin bağlandığını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdim edilmiş materiallara əsasən: - "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş 26.08.2021-ci il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda Şəxs MMC-nin 26.08.2019-cu il tarixdə 118990,02 avro göndərildiyi və 47897,01 avro bəyan olunmayan məbləğ olduğu qeyd olunmuşdur; - Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən “FONTÜELL İMPORT- EXPORT UNİPESSOAL LDA” şirkətinin hesabına 24.06.2019-cu il tarixli müqavilə ilə bağlı 20.05.2019-cu il tarixli, 5 saylı invoys üzrə 118990,02 avro məbləğində pul göndərilmişdir. Beləliklə müəyyən edilir ki, Şəxs MMC 118990,02 avro məbləğində xarici valyutada olan vəsaiti 26.08.2019-cu il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində 2 il müddət ərzində 47897,01 avro vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X5 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Şəxs MMC-nin nümayəndəsi barələrində tərtib olunmuş inzibati xəta haqqında protokolun əsassız olduğunu bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Cəmiyyət tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən 15.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun əsassız olması təsdiqini tapmır. Buna görə də məhkəmə hesab edir ki, qurum Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 47897,01 avro valyuta vəsaiti məbləğinin 20 faizi – 9579,402 (doqquz min beş yüz yetmiş doqquz avro, dörd yüz iki sent) avro məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2771/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2771/2021
19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver