Məhkəmə qərarları › İş №3(006)-2771/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2771/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2771/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, tərcüməçi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Özbəkistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, M.R.Abbasovna xx.xx.2023-cü il tarixdə, saat 07:44-də idarə etdiyi “Ford Kuga” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nəsimi rayonu, X.Şuşinski küçəsi ilə hərəkətdə olan vaxt Vaqif prospektinin kəsişməsində yol ayrıcına daxil olmuş bu zaman “Toyota” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri almışdir. Bununla da, M.R.Abbasovna Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta, haqqında iş üzrə icraat aparılan şəxs M.R.Abbasovna özünü təqsirli bilərək izahatında bildirmişdir ki, törədilmiş əməl ehtiyatsızlıqdan baş vermiş, hal-hazırda əməlindən səmimi peşmandır və gələcəkdə dahada diqqətli olacağına söz verir. Göstərilənləri, nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin DYPŞ-nə və zərərçəkmiş şəxsə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişlər, eləcə də, onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmişlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Zərərçəkmiş şəxs qeydiyyatda olduğu ünvan 2 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. İş materiallarına əlavə edilmiş SMS xəbardarlığı AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş göndərilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, CD diskdə olan videogörüntüləri baxış keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, M.R.Abbasovnanın Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və M.R.Abbasovnanın Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsindən ötrü toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-nin vasitəsilə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2023-ci il tarixli, 518 saylı rəyindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə X5 müraciət edərkən ona “Sol 11-ci qabırğanın qapalı sınığı” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2023-ci il tarixli, 354 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin ön səthininsol yarısının dərialtı emfizema ilə müşayət olunan hematoması, sağ diz oynağı nahiyəsinin qançırı, bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan CD diskindəki videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər DİN-nin NHİX-dən götürülmüşdür. Videoda xx.xx.2023-cü il tarixdə, saat 07:44-də “Ford Kuga” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Nəsimi rayonu, Vaqif prospektinin kəsişməsinin yol ayrıcına daxil olarkən “Toyota” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsinin öz təsdiqini tapması müşahidə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, M.R.Abbasovna xx.xx.2023-cü il tarixdə, saat 07:44-də idarə etdiyi “Ford Kuga” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Nəsimi rayonu, X.Şuşinski küçəsi ilə hərəkətdə olan vaxt Vaqif prospektinin kəsişməsində yol ayrıcına daxil olmuş bu zaman “Toyota” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri almışdir. Bununla da, M.R.Abbasovna Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən M.R.Abbasovnanın özünü təqsirli bilməsi, əməlindən səmimi peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən M.R.Abbasovnanın məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə M.R.Abbasovnanın şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar