Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2778/2021 22.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Nəsimi Rayon Polis İdarəsinin 22ci polis şöbəsinin sahə inspektoru, polis leytenantı X1, zərər çəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 10.07.1965-ci il tarixdə Lənkəran rayonu, Port qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Lənkəran rayonu, Port qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 21.09.2021-ci il tarixdə saat 12:00 radələrində Nəsimi rayonu, S.Əsgərova küçəsi 184 ünvanında yerləşən ət mağazasından 12 kiloqram əti oğurlayaraq xırda talama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə inspektoru, polis leytenantı X2 izahatında bildirmişdir ki, Şəxs 21.09.2021-ci il tarixdə saat 12:00 radələrində Nəsimi rayonu, S.Əsgərova küçəsi 184 ünvanında yerləşən ət mağazasından 12 kiloqram əti oğurlayaraq zərər çəkmiş şəxs X5 200 manat məbləğində maddi ziyan vurmuşdur. Aparılmış araşdırma nəticəsində Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X7 izahatında bildirmişdir ki, o, ünvan 1 ünvanında yerləşən ət mağazasında ət satmaqla məşğul olmuşdur. 21.09.2021-ci il tarixdə mağazanın qapısını örtərək çıxmış, geri qayıtdığında təxminən 12 kiloqram ətin oğurlandığını aşkar etmişdir. Təhlükəsizlik kamerasına baxdıqda əti oğurlayan şəxsin ərazidə tüfeyli həyat tərzi keçirən Mərdan adlı şəxs olduğunu görmüşdür. O, Mərdana yazığı gəldiyi üçün dəfələrlə yemək də vermişdir. Ona dəymiş zərər ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək bildirmişdir ki, o işləmir, küçələrdə gecələyib yaşayır. 21.09.2021-ci il tarixdə saat 12:00 radələrində Nəsimi rayonu, S.Əsgərova küçəsi 184 ünvanında yerləşən ət mağazasına gəlmiş, ətlərin qalıqlarını pişiklər üçün aparmaq niyyətində olmuşdur. Lakin mağazanın açıq olduğunu və qəssabın olmadığını görmüşdür. Asılqanda asılan təxminən 12 kiloqram əti götürüb çıxmışdır. Əməlindən peşman olduğunu və bir daha belə səhvə yol verməyəcəyini bildirmiş, ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 22.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, zərər çəkmiş şəxs X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Nəsimi RPİ-nin 22-ci PŞ-nə həvalə edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 21.09.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolun surətindən görünür ki, Şəxs 21.09.2021-ci il tarixdə, saat 23:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən isə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 02 (iki) ay müddətinə inzibati həbs tətbiq edilsin. Həbs etmə müddətinin əvvəli 21 sentyabr 2021-ci il tarixdən saat 23:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2778/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2778/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver