Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2779/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Şikayət vermiş şəxs: X1 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 16.09.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 12.09.2021-ci il tarixdə, saat 00:11-də mülki geyimli polis əməkdaşları onun işlətdiyi “X6” adlı kafeyə daxil olmuşlar. O, bu şəxslərin polis olduğunu bilməmiş və onlara kafenin işləmədiyini, bağlı olduğunu demiş, həmçinin içəridə olan tanış adamlarla birgə çıxacağını bildirmişdir. Həmin vaxtı kafedə 3 nəfər dostu var idi. Bütün işçilər artıq evə getmiş, kafedə heç bir xidmət göstərilmirdi. Həmin üç şəxsin masasının üzərində də demək olar ki, heç nə qalmamışdır. Sadəcə onlar 5-6 dəqiqəyə qalxıb onu da ötürəcəkdilər. O isə təmizlik işləri aparırdı ki, bu şəxslərlə birgə çıxsın. Lakin polislər onu dediyini qəbul etməyib onu 19-cu polis şöbəsinə dəvət etmişlər. Bölmədə onun barəsində vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokol tərtib edilmiş, bu protokol əsasında qəbul olunan 16.09.2021-ci il tarixli qərarla o, 4.000 manat məbləğində cərimə olunmuşdur. Bu cərimə ilə, o cümlədən törətdiyi bildirilən xəta ilə bağlı vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilməsi ilə razı deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.07.2013-cü il tarixli Qərarında qeyd olunur ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxlər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquqi münasibətlərinin əmələ gəlməsi ilə nəticələnən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Onun törətdiyi əməl isə belə bir nəticənin yaranmasına gətirib çıxarmır. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayəin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 13.09.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X3 həmin günü ünvan 1 ünvanda yerləşən “X6” adlı obyektdə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir; - 16.09.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə 4.000 manat cərimə edilmişdir; - “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən X3 (VÖEN:**********) aktiv olaraq çay evi işlədir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X3 həm öz şikayətində, həm də məhkəmədə verdiyi izahatında 12.09.2021-ci il tarixdə, saat 00:00-dan sonra işlətdiyi “X6” adlı kafedə 3 nəfər kənar şəxsin olmasını və onların masa arxasında əyləşməsini, bu zaman həmin şəxslərin qarşısında artıq heç bir qida və s. olmamasının bildirməsi artıq onun tərəfindən törədilmiş xətanın mövcudluğuna dəlalət edir. Eyni zamanda F.Abbasovun özünün vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunması ilə razı olmadığının bildirməsi, dolayı yolla onun tərəfindən bu xətanın törədilməsi inkar olunmur, sadəcə olaraq o, fiziki şəxs kimi daha az məbləğdə cərimə olunmasına iddia edir. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.09.2020-ci il tarixli, 336 saylı Qərarının 1.2.2-ci bəndinə əsasən sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmət dayandırılmış, qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə,Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdətəşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, F.Abbasovun əməlində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkib əlamətləri olduğundan o, vəzifəli şəxs kimi düzgün olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 16.09.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2779/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2779/2021
01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver