Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2779/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin polis sahə rəisi X1 iştirakları ilə, xx xxxxxxxx 1981-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 01 may 2025-ci il tarixdə Nəsimi rayonu, Y.Səfərov və A.Cəlilov küçələrinin kəsişməsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru X2 izahat verərək göstərdi ki, yol-patrul xidməti əməkdaşları xx.xx.2025-ci il tarixdə saat 02:40 radələrində Nəsimi rayonu, Y.Səfərov və A.Cəlilov küçələrinin kəsişməsində “Niva” markalı avtomobili saxlamış və konstruktiv dəyişikliklər olduğuna görə avtomobilin duracağa yerləşdirilməsinin zəruri olduğunu bildirmişlər. Lakin həmin vaxt avtomobildə sərnişin qimində əyləşmiş Şəxs avtomobilin ona məxsus olduğunu bildirmiş və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt sonuncunun sərxoş vəziyyətdə olması məlum olmuşdur. Şəxs avtomobilini duracağa təmin etməsi təklif olunsa da, sonuncu polisin qanuni tələblərini yerinə yetirməkdən imtina etmişdir. Bundan sonra Şəxs polis Bölməsinə aparılmasını təmin etmişlər. Polis Bölməsində Şəxs şəxsiyyəti müəyyən edildikdən sonra İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Hal-hazırda protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, sərxoş vəziyyətdə olduğuna görə avtomobilini dostu idarə etmiş və 01 may 2025-ci il tarixdə Nəsimi rayonu Y.Səfərov və A.Cəlilov küçələrinin kəsişməsində yol-patrul polis əməkdaşları dostuna avtomobili saxlamasını əmr etmişlər, o da həmin vaxt qabaq oturacaqda əyləşmiş və avtomobil saxlanıldıqdan sonra polis əməkdaşlarına avtomobilin ona məxsus olduğunu bildirmişdir. Yol-patrul xidməti əməkdaşları ona avtomobilin duracağa aparılacağını bildirdikdə sərxoş vəziyyətdə olduğuna görə polis əməkdaşlarının tələbini yerinə yetirməkdən imtina etmişdir. Bundan sonra yol-patrul xidməti əməkdaşları onu polis bölməsinə aparmışlar. İzahatının sonunda səhv etdiyini, törətdiyi əməldən peşman olduğunu və himayəsində iki uşağının olduğunu bildirərək, barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi rayon Polis İdarəsinin DYPŞnin yol-patrul xidməti inspektoru X3 izahat verərək bildirmişdir ki, o, Nəsimi rayon Polis İdarəsinin DYPŞ-nin yol-patrul xidməti inspektoru İlham Muradov ilə birlikdə xx.xx.2025-ci il tarixdə saat 02:40-da Nəsimi rayonu, Y.Səfərov və A.Cəlilov küçələrinin kəsişməsində xidməti vəzifələrini yerinə yetirərkən “Niva” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobildə konstruktiv dəyişikliklər olduğunu müşahidə etmişlər. Həmin vaxt qeyd olunan avtomobilə “saxla” əmri verilmiş və ilkin olaraq həmin avtomobil əmrə tabe olmasa da, sonradan avtomobilin saxlanılmasını təmin etmək mümkün olmuşdur. Bundan sonra, “Niva” markalı avtomobildə qabaq oturacaqda əyləşmiş şəxs onlara yaxınlaşmış və avtomobilin ona məxsus olduğunu bildirmişdir. Lakin həmin şəxsə avtomobilin duracağa yerləşdirilməsinin zəruri olduğunu bildirdikdə sonradan şəxsiyyəti ona məlum olan Şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş və avtomobilin duracağa aparılmasına etiraz etmişdir. Daha sonra Şəxs polis bölməsinə aparılmış və bölmənin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş 01 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 01 may 2025-ci il tarixli, 2/24136 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, 1981-ci il təvəllüdlü Şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətində olması halı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta hadisəsini sərxoş halda törətməsi əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, ona 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 01 may 2025-ci il tarixdən, saat 03:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X5 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2779/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2779/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver