Məhkəmə qərarları › İş №3(006)-2783/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2783/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2783/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndələri X3 və X6 iştirakları ilə, Şəxs QSC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov, ev 14, mənzil 1; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görə Şəxs QSC tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X7, X2 və X13 xx.xx.2024-cü il tarixindən hal-hazıradək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir, bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş X11 Xidmətinin nümayəndəsi X14 izahatında bildirmişdir ki, Şəxs QSC tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X7, X2 və X13 xx.xx.2024-cü il tarixindən hal-hazıradək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs QSC-nin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndələri X4 və X10 məhkəməyə ünvanlanmış ərizələrinə uyğun izahat verərərk bildirmişlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 xidməti tərəfindən hüquqi şəxs ŞəxsQSC barəsində tərtib edilmiş xx.xx.2024-cu il tarixli MN1933289 nömrəli inzibati xəta haqqında protokol qanunsuz və əsasızdır. Belə ki, protokolda qeyd edilən şəxslərin əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi halı mövcud deyil. Cəmiyyətin Daxili İşlər Nazirliyinin “işğaldan azad olunmuş ərazilərdə buraxılış informasiya sisteminə” giriş səlahiyyəti yoxdur. Siyahıda adları şəkilən işçilərdən X7 ilə xx.xx.2023-cü ildən qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü ildə əmək müqaviləsinə xitam verildiyi gün icazənin ləğv olunması üçün layihəsini icra etdikləri "xxxx" MMC-ə müraciət edilmişdir. Protokolda adı qeyd olunmuş X2 Şəxs QSC-nin işçisi olmamış, onun əmək müqaviləsi "xxxx" MMC ilə bağlanmışdır. Şəxs QSC ilə "xxxx" MMC arasında bağlanmış subpodrat müqaviləsinə əsasən "xxxx" MMC-nin əməkdaşı X1 əmək müqaviləsi bildirişi alındıqdan sonra layihəsini icra etdikləri Ağdam, Füzuli və Xocəvənd rayonlarındada bərpa tikinti və idarəetmə PHŞ-nə icazənin alınması üçün müraciət edilmişdir. "xxxx" MMC-dən alınmış məlumata əsasən bildirirlər ki, X2 xx.xx.2024-cü ildə öz ərizəsi ilə işdən azad edilmiş, lakin "xxxx" MMC-dən onlar məlumat verilmədiyi üçün adı icazə portalında qalmışdır. X2 05 may 2024-cü il tarixində vəfat etmişdir. Protokolda qeyd olunmuş X13 Şəxs QSC-nin işçisi olmamış, onun əmək müqaviləsi fərdi sahibkar X15 ilə bağlanmışdır. ŞəxsQSC ilə "xxxx" MMC arasında bağlanmış subpodrat müqaviləsinə, "xxxx" MMC-nin öz növbəsində fərdi sahibkar X15 ilə bağlanmış subpodrat müqaviləsinə əsasən X9 əmək müqaviləsi bildirişi alındıqdan sonra layihəsini icra etdikləri “Ağdam, Füzuli və Xocəvənd Rayonlarında Bərpa Tikinti və İdarəetmə” PHŞ-nə icazənin alınması üçün müraciət edilmişdir. 05 iyul 2024-cü ildə öz ərizəsi ilə işdən azad edilmiş, lakin Cəmiyyətə bu barədə məlumat verilmədiyindən Cəmiyyət də öz növbəsində “Ağdam, Füzuli və Xocəvənd Rayonlarında Bərpa Tikinti və İdarəetmə” PHŞ-nə məlumat verməmişdir. 23 sentyabr 2023-cü il tarixli, 70/23 nömrəli subpodrat müqaviləsinin 4.6-cı maddəsinə əsasən, 01 aprel 2024-cü il tarixli, 23/24 nömrəli subpodrat müqaviləsinin 4.2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi yanında X11 Xidməti tərəfindən Hüquqi şəxs Şəxs QSC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1933289 nömrəli inzibati xəta haqqında protokol qanunsuz və əsasız olduğundan icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında əmək müqaviləsi bildirişindən görünür ki, X7 ilə Şəxs QSC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında əmək müqaviləsi bildirişindən görünür ki, X13 ilə Şəxs QSC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında əmək müqaviləsi bildirişindən görünür ki, X2 ilə Şəxs QSC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 ilə Şəxs QSC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixində, X13 ilə Şəxs QSC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixində və X2 ilə Şəxs QSC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Bundan sonra, X2 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xəta haqqında protokolda inzibati xəta hadisəsinin baş vermə vaxtı göstərilməmişdir. Bundan əlavə, protokol tərtib edilərkən iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktıkı halları tam və hərtərəfli qaydada öyrənmək üçun lazımi tədbirlər görülməmiş, yalnız Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsas götürülməklə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs QSC barəsində olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol heç bir sübuta istinad edilmədən tərtib edilmiş, protokol tərtib edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 61.1.1-61.1.7-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 112.1.1-112.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən: işə baxan şəxs, baxılan işin qısa məzmunu, işinə baxılan şəxs elan olunur; inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir; fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir; iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir; işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur; edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, hüquqi şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl mövcud deyildir. Ona görə də, Şəxs QSC barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 105, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar