Məhkəmə qərarları › İş №3(006)-2793/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2793/2022

16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2793/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin 69.112,50 Avro məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 69,112.50 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi A.E.Qurbanov bildirmişdir ki, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs MMC 69.112,50 Avro məbləğində pulu xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Həmin köçürməyə əsasən də xarici partnyorlar tərəfindən sifariş edilmiş mallar və xidmət yerinə yetirilmişdir. Belə ki, xidmətlərinin göstərilməsi ilə bağlı Şəxs MMC ilə X5 B.V. şirkəti arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 20PAG0025C saylı müqaviləyə əsasən Şəxs MMC-nin xx.xx.2020-ci il tarixində ödədiyi 69.112.50 Avro avans köçürmədən 26.401,98 Avro xx.xx.2021-ci il tarixdə hesabda daxil olan vəsait əsasında qismən bağlanmışdır. Həmçinin həmin müqaviləyə əsasən xaricə şirkətə 42.710.52 Avro dəyərində olan sifariş edilmiş xidmətlər xx.xx.2022-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə lazımi qaydada yerinə yetirilmişdir. Həmin halları təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Göründüyü kimi Şəxs MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Ona görə də, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov Şəxs MMC-nin barəsində olan inzibati iş üzrə icraata xitam verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən sənədlər MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Mərkəzi Banka təqdim edilməmişdir. Əks halda, həmin sənədlər Bank tərəfindən nəzərə alınaraq, MMC-nin barəsində inzibati xəta haqqında protokol da tərtib edilməzdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış və məhləmə iclasında təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 002 saylı köçürmə ərizəsindən Şəxs MMC həmin tarixdə "xxxx" ASC-də olan hesabından 69.112,50 Avro məbləğində vəsaiti xaricə köçürmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş faylının surətindən görünür ki, X5 B.V. şirkət tərəfindən 26.401,98 Avro dəyərində olan mallar xx.xx.2021-ci il tarixdə Şəxs MMC-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən təsdiq edilmiş arayışdan görünür ki, Şəxs MMC-nin (VÖEN: **********) "xxxx" ASC-nin Sahil filialındakı AZ08AZFİ140170EU**********003 saylı cari Avro hesabından X5 B.V.-yə 20PAG0025C saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixində ödədiyi 69.112,50 Avro avans köçürmədən 26401.98 Avro xx.xx.2021-ci il tarixində hesaba daxil olan vəsait əsasında qismən bağlanmış, hazırda avans köçürmənin qalığı 42.710,52 Avro təşkil edir və statusu qismən açıqdır. İş materiallarına əlavə edilmiş X5 B.V.şirkəti ilə Şəxs MMC arasında bağlanılmış 20PAG0025C saylı, xx.xx.2020-ci il tarixli müqaviləyə əlavədən görünür ki, xx.xx.2020-ci il tarixli, 20PAG0025C saylı müqaviləyə əsasən X5 B.V.şirkət Şəxs MMC-yə ödənilmiş məbləğ əsasında xidmətlər göstərəcəkdir. İş materiallarına əlavə edilmiş təhvil-təslim və xidmətlərin göstərilməsi aktından görünür ki, X5 B.V. şirkəti Şəxs MMC üçün avadanlıqla və təmin xidmətlərini təmin edir və bu sahədə müvafiq təlimlər təqdim edir. Göstərilən xidmətlərin məbləği 42.710,52 Avro təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC ilə X5 B.V.şirkəti arasında xx.xx.2020-ci il tarixdə 20PAG0025C saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdə 69.112,50 Avro məbləğində vəsait qabaqcadan ödəniş etməklə X5 B.V.şirkətinin hesabına köçürülmüş, həmin köçürməyə əsasən X5 B.V. şirkəti tərəfindən sifariş edilmiş mallar xx.xx.2021-ci il tarixdə ölkə ərazisinə müəyyən edilmiş müddət ərzində idxal edilmiş, eləcə də həmin müqavilənin əlavəsinə əsasən qalıq qalmış 42.710.52 Avro məbləğdə vəsait müqabilində xidmətlər lazımı qaydada, xx.xx.2022-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddət ərzində yerinə yetirilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq xidmət yerinə yetirildiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, Məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar