Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-28/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X4, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 14 dekabr 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X6 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərinin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X7 izahatında göstərmişdir ki, X1 müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində sonuncunun Şəxs MMC tərəfindən əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərinin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Araşdırma zamanı Fidan Umudovanın gördüyü işlər müqabilində 100 manat gəlir əldə etməsi və "xxxx" platforması üzərindən mesajlaşmalarla həmin MMC-də əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərinin yerinə yetirilməsinə cəlb edilməsi təsdiq olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq, hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X10 izahatında göstərdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə 14 dekabr 2023-cü il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola etiraz edərək bildirir ki, Fidan Umudova şəxsən ona yaxınlaşaraq işlə tanış olmaq və işlərin gedişatı ilə maraqlanmaq istədiyini bildirmişdir. Bundan sonra, o, Fidan Umudovanın ailə vəziyyətini və işlə maraqlanmaq istədiyini nəzərə alaraq, sonuncunu MMC əməkdaşlarının vahid şəkildə mesajlaşdığı "xxxx" platforması üzərindən qrupa daxil etmiş və orada işlərin gedişatı ilə maraqlanması, həmçinin özünün təcrübə toplamaqla gələcəkdə şirkətdə işlə təmin edilməsi üçün şərait yaratmışdır. Bundan əlavə, Fidan Umudovaya iki ədəd dərman hədiyyə edərək, həmin dərmanların tərkib göstəriciləri ilə tanış olmasına və dərmanlarla bağlı təcrübə toplamasına şərait yaratmışdır. Fidan Umudovanın maddi vəziyyəti yaxşı olmadığından sonuncuya uşağına 100 manat vermiş və həmin pulu hər hansı gördüyü işin müqabilində deyil, xeyriyyə məqsədilə vermişdir. Belə ki, ona dəfələrlə xanımlar müraciət edərək maddi vəziyyəti ilə əlaqədar pul istəmiş, o da həmin şəxslərə müəyyən miqdarda pul məbləğlərini xeyriyyə məqsədilə vermişdir. X9 müraciət edərək şirkətdə işləmək istəmədiyini şəxsən bildirmiş, lakin 1000 manat məbləğində borc istəmiş, lakin o, sonuncuya həmin məbləği verməkdən imtina etmişdir. Bundan sonra, Fidan Umudova onu şantaj etməyə başlamış və pul verməyəcəyi təqdirdə guya şirkətdə işləmsi ilə əlaqədar müvafiq inzibati orqana müraciət edəcəyini bildirmişdir. O, şantaj ifadələrinə kəskin etiraz edərək hər hansı pul verməyəcəyini və şikayətinin heç bir əsasının olmadığını bildirmişdir. X3 müxtəlif şirkətlərə işləmək adı ilə müraciət etdikdən sonra təcrübə vaxtında həmin şirkətləri şantaj edərək pul istəməsi barədə məlumat əldə etmişdir. Göründüyü kimi, Fidan Umudovanın məqsədi hər hansı şirkətdə işləmək deyil, yalnız həmin şirkətləri şantaj edərək pul əldə etmək olmuşdur. Halbuki, onun direktoru olduğu şirkətdə müxtəlif xanım əməkdaşlar öz zəhməti müqabilində əmək haqqı almışdır. Onun direktoru olduğu şirkətin iş prosesi xanım əməkdaşların dərmanlar üzrə ixtisaslaşması və həmin dərmanların satılması üçün dərmanlara uyğun həkimlərlə əlaqələr yaradılaraq satılmasına təşəbbüs göstərməsindən ibarətdir. Lakin, Fidan Umudova hər hansı dərman sahəsi üzrə ixtisaslaşmamış və onun hər hansı həkimlə dərmanların satılması üçün ünsiyyəti olmamışdır. Belə ki, şirkətin xanım əməkdaşları həkimlərə dərman vasitələrini qaimə əsasında təqdim edir. Lakin, Fidan Umudova şirkətdə işləmədiyindən onun qaimə əsasında hər hansı sənədi olmamışdır. Göründüyü kimi, Əmək Müfəttişliyi hər hansı araşdırma aparmadan yalnız şikayətçinin izahatına və "xxxx" mesajlarına istinad edərək birtərəfli qaydada əsassız protokol tərtib etmişdir. Ümumiyyətlə, Fidan Umudovanın şirkətdə işləməsi üçün hər hansı təcrübəsi olmamış və qeyd olunan təcrübəsiz işçilər şirkətin iş prosesində iştirak edə bilməz. Fidan Umudova şirkətin işçisi olmaq üçün 15 günlük kursdan belə keçməmişdir. Göründüyü kimi, Fidan Umudovanın təcrübəsiz olaraq şirkətin əməkdaşı olması Şəxs MMC-nin maraqlarına zidd olmuşdur. Ona görə də, göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə tərtib edilmiş 14 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsassız sayılmaqla iş üzrə icraata xitam verilməsi xahiş olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, Şəxs MMC 29 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, nizamnamə kapitalı 10000.00 AZN təşkil edir. X6 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin rəisi Vəli Quliyevə ünvanlanmış ərizədən görünür ki, X6 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X11 Universitetinin Bakıda baş ofisi adlı müəssisədə əmək müqaviləsiz satış meneceri vəzifəsində çalışmışdır. O çalışdığı dövr ərzində əmək haqqı tam ödənilməmişdir. Yalnız 100 manat şəxsi kartına köçürülmüşdür. İşə qəbul olduqda əmək haqqı 1000 manat olaraq razılaşdırılmışdır. X10 tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanmış izahatdan görünür ki, Fidan Umudova şirkətin nümayəndəsi olmamışdır. Fidan Umudova iş üçün müraciət edərək başqa firmalarda çalışdığını və 2000 manat əmək haqqı istədiyini bildirmişdir. Onun tərəfindən Fidan Umudovanın qarşısına məhsul kvotası qoyulmuş və işə başlamadan öncə marketinq təlimindən keçməsi istənilmişdir. Fidan Umudova məhsullar haqqında məlumat almaq üçün 3 məhsul verilməsini və tanıdığı həkimlərlə məsləhət üçün 1 həftə vaxt istəmişdir. Əgər həkimlərlə müzakirəsi uğurlu olarsa gəlib şirkətin marketinq dərslərinə qatılacağını və həmin dərslərdən uğurla keçərsə işlə təmin olunacağını bildirmişdir. X13 1 həftə sonra marketinq dərslərinə qatılmayacağını bildirmişdir. Fidan Umudova əgər şirkətin əməkdaşı olubsa apteklərə təqdim etdiyi şirkətin möhürü ilə yazılmış və sonuncunun adına vurulmuş malları təqdim etməlidir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və məhkəməyə təqdim edilmiş sənədlərlə Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin hallarını tam və hərtərəfli araşdıraraq qeyd edir ki, inzibati xəta haqqında protokolda göstərilən X1 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı müəyyən edilmir. Belə ki, iş üzrə tədqiq edilmiş sənədlərdən və tərəflərin izahatından müəyyən edildi ki, Fidan Umudova həqiqətəndə işlə təmin olunmaq məqsədilə Şəxs MMC-yə müraciət etsə də, onun həmin şirkətdə işləməsi nə şahid ifadələri, nə də digər mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, Fidan Umudovanın əmək haqqı olaraq aldığını qeyd etdiyi 100 manat məbləğində pulun həqiqətəndə gördüyü işlərin müqabilində alması təsdiq olunmur. Məhkəmə iclasında MMC-nin direktoru həmin pulu xeyriyyə məqsədilə verdiyini bildirmiş və bunu təkzib edəcək hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, Fidan Umudovanın "xxxx" platformasında mesajlarda Şəxs MMC-nin digər əməkdaşları ilə mesajlaşması və orada yazılan ümumi mesajların mahiyyəti üzrə sonuncunun həmin şirkətdə işləməsi nəticəsinə gəlməyə dəlalət edə bilməz. Bundan əlavə, Fidan Umudovanın iddia etdiyi müddət ərzində Şəxs MMC-nin əməkdaşı olaraq işləməsi şirkətin iş prosesi nəzərə alınaraq, qaimə-faktura hesabları üzrə sənədlərlə təsdiq olunmalıdır. Halbuki, məhkəməyə təqdim edilmiş sənədlərdən və tərəflərin izahatlarından Fidan Umudovanın qaimə sənədlərinə malik olması təkzib edilmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokolla Fidan Umudovanın izahatları arasında ziddiyyət mövcuddur. Belə ki, Fidan Umudova izahatında 13 oktyabr 2023-cü il tarixdən 31 oktyabr 2023-cü il tarixədək işlərin görülməsinə cəlb edilməsini göstərsə də, inzibati xəta haqqında protokolda sonuncunun 03 oktyabr 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək işlərin görülməsinə cəlb edilməsi göstərilmişdir. Qeyd olunan ziddiyyət isə nə məhkəməyə təqdim olunan sənədlərlə, nə də tərəflərin izahatları ilə aradan qaldırılmamış və Əmək Müfttişliyi tərəfindən əsaslı izah verilməmişdir. Belə olduğu təqdirdə isə Fidan Umudovanın yalnız şəxsi mülahizələri və "xxxx" platformasında mesajlarda qeyd etdikləri ilə Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi təqsirsizlik prezumpsiyası prinsipi baxmından qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnə bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələbinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə bu hala dair qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş orqan kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə izah edir ki, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq inzibati xəta haqqında iş üzrə icraat aparan orqanın vəzifəsidir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət vermədən, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, bununla da sonuncunun hüquqlarını pozmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarın əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 14 dekabr 2023cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 14 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-28/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-28/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver