Məhkəmə qərarları › İş №3(006)-2829/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2829/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2829/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1, tələbkar X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 tərtib etdiyi 24.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Nəsimi Rayon Məhkəməsinin 31.03.2016-cı il tarixli, 2(006)-2365/2016 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 23 fevral 2016-cı il tarixdən başlayaraq hər ay 29.08.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 117 manat sabit pul məbləğində aliment tutulub X4 verilməlidir. Lakin borclu öz üzərinə düşən vəzifələri icra etməmiş, icra sənədi üzrə yaranmış 5141 manat borcunu ödəməmişdir. Məhkəmə iclasında Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X5 bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 31.03.2016-cı il tarixli, 2(006)-2365/2016 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 23 fevral 2016-cı il tarixdən başlayaraq hər ay 29.08.2015ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 117 manat sabit pul məbləğində aliment tutulub X4 ödənilməlidir. Lakin borclu Şəxs edilmiş xəbərdarlığa baxmayaraq o, icra sənədi üzrə yaranmış borcunu ödəməkdən boyun qaçırmışdır. Hazırda Şəxs ödənilməmiş 5141 manat borcu vardır. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 izahatında göstərdi ki, onun borclu ilə evliliyi 1 il 06 ay çəkmişdir. O, 6 il uşağa özü baxmış, borcu bu vaxta kimi uşaqla maraqlanmamışdır. Borclu Şəxs məhkəmə qətnaməsinin icrasına etinasız yanaşır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, 2016-cı ildə Naxçıvana getmiş, orada hərbidə işə başlamışdır. Evdəkilərin borcu olduğundan onlara kömək etmiş, ona görə də aliment borcundan həmin vaxt ödəniş edə bilməmişdir. Lakin bir müddət sonra tələbkarla əlaqə saxlamış, aliment borcunu ödəmək istədiyini bildirmişdir. Bank hesabı almış və ödənişlərə başlamışdır. Daha sonra müharibə başlamış və o, döyüşlərə qatılmışdır. Döyüşlər müddətində də ödənişlər etmişdir. Aylıq 117 manat ödəməli olduğu halda 170-180 manat olmaqla ödənişlər etmişdir ki borcunu bağlaya bilsin. Hazırda işləmir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-2365/2016 saylı, 31.03.2016-cı il il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 23 fevral 2016-cı il tarixdən başlayaraq hər ay 29.08.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 117 manat sabit pul məbləğində aliment tutulub X4 verilməlidir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin 12.05.2021-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli, 17/70-4582/20 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-2365/2016 saylı, 31.03.2016-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru tərəfindən xəbərdarlıqlar edilməsinə baxmayaraq, Şəxs Nəsimi Rayon Məhkəməsinin 2(006)-2365/2016 saylı, 31.03.2016-cı il tarixli icra vərəqəsi üzrə yaranmış aliment borcundan lazımı qaydada ödəniş etməmiş və ona görə də onun barəsində 24.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, Bakı Şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş 24.09.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan da görünür ki, icra sənədi üzrə tələb borclu tərəfindən hazırki tarixədək təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Nəsimi Rayon Məhkəməsinin 31.03.2016-cı il tarixli, 2(006)-2365/2016 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs məhkəmə qərarında göstərildiyi qaydada üzərinə düşən öhdəliyi icra etməmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxsnın Dövlət adından çıxarılmış məhkəmə qərarına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar