Məhkəmə qərarları › İş №3(006)-2831/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2831/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2831/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, inzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1 iştirakları ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə EP seriyalı, ******* nömrəli 17 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokolda göstərilmişdir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın 16 avqust 2021-ci il tarixli, 26-10113-2021 saylı icrası məcburi olan göstərişini icra etməmiş, səhmdar R.Əkbərova ASC-nin fəaliyyəti ilə tanış olmaq üçün şərait taratmamış, müvafiq sənədləri ona təqdim etməmiş və bu barədə Mərkəzi Banka məlumat verməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında 26 avqust 2021-ci il tarixdə törədilmişdir. Məhkəmənin iclasında iştirak etmiş barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən inzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində tərtib edilmiş 17 sentyabr 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tam qanunsuzdur. Mərkəzi Bank Şəxs ASC-yə 05 avqust 2021-ci il tarixdə 26-09636-2021 saylı məktub göndərərək X5 Cəmiyyətin illik hesabatları, həmçinin onun nizamnəməsinin, səhmdarların reyestrinin və keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərinin təqdim edilməsi və bu barədə Mərkəzi Banka məlumat verilməsini tələb etmişdir. Şəxs ASC tərəfindən də Mərkəzi Bankın məktubuna baxılmış və qeyd olunan məsələ ilə bağlı ətraflı araşdırma aparılmışdır. Şəxs ASC tərəfindən Mərkəzi Bankın ondan 05 avqust 2021-ci il tarixli, 26-09636-2021 saylı məktubla icrası məcburi olan göstərişləri, yəni səhmdar Rəfael Əkbərova Cəmiyyətin fəaliyyəti ilə tanış olması və sənədlərin surətinin ona təqdim edilməsi üçün şərait yaratmışdır. Lakin bütün bunlara baxmayaraq, Mərkəzi Bank tərəfindən 17 sentyabr 2021-ci il tarixdə Şəxs ASC barəsində onun İXM-nin 548.1-ci maddəsi ilə cərimə edilməsinə dair qanunsuz EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən hazırkı iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına səhmdar Rəfael Əkbərov müraciət edərək Şəxs ASC tərəfindən ona illik hesabatların, həmçinin onun nizamnəməsinin, səhmdarların reyestrinin və keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərinin təqdim edilməməsini bildirmişdir. Bundan sonra Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-yə məktub ünvanlanaraq, səhmdar Rəfael Əkbərova Cəmiyyətin illik hesabatların, həmçinin onun nizamnəməsinin, səhmdarların reyestrinin və keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərinin təqdim edilməsi və bu barədə Mərkəzi Banka məlumat verilməsi tələb olunmuşdur. Lakin qeyd olunan xəbərdarlıq məktubu üzrə lazım olan zəruri tədbirlər Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilmədiyindən barəsində İXM-nin 548.1-ci maddəsi ilə EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halhazırda protokolu müdafiə edərək Şəxs ASC barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestr məlumatları haqqında daxil edilmiş məlumatların çıxarışından görünür ki, nizamnamə kapitalı 435822.00 AZN olan Şəxs Açıq Səhmdar Cəmiyyəti 08.10.1997-ci ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 14 oktyabr 2021-ci il tarxli təhvil-təslim aktından görünür ki, Şəxs ASC-nin İdarə heyətinin sədri Səlim Səlimov, baş mühasib Alidə Musayeva, baş mühəndis Volodya Danakari, digər tərəfdən səhmdar Rəfael Əkbərov aktı ona görə tərtib etmişlər ki, Şəxs ASC-nin 31.12.2018 və 31.12.2019-cu il tarixlərinə maliyyə hesabartları və müstəqil auditor rəyinin surətlərini, 31.12.2020-ci il tarixinə maliyyə hesabatını təhviltəslimini həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının Şəxs Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 05 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi X4 müraciəti daxil olmuşdur. O, öz müraciətində Şəxs ASC-nin illik hesabatları, həmçinin onun nizamnəməsinin, səhmdarların reyestrinin və keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərini əldə etmək üçün cəmiyyətə müraciət etdiyini, lakin qeyd edilən məlumat və sənədlərin ona təqdim edilmədiyini bildirmişdir. Səhmdar, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 102.4, 106-1.3.2, 1062.3 və 107-6.3-cü maddələrinə müvafiq olaraq, səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı, mühasibat balansı ilə tanış olmaq, cəmiyyətinin nizamnaməsinin, səhmdarların reyestrinin və səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərinin ona təqdim edilməsini tələb etmək hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq, “Qiymətli kağızlar bazarı haqqında" Qanunun 83.0.9-cu maddəsinə müvafiq olaraq M.Ə.Cəfərovun Şəxs ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, yuxarıda göstərilən sənədlərin surətlərinin ona təqdim edilməsi və bu barədə 7 (yeddi) gün ərzində Palataya məlumat verilməsi tələb olunur. İş materiallarında olan Şəxs ASC-nin idarə heyətinin sədri tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının baş direktoru Rəşad Orucova ünvanlanmış 12 avqust 2021-ci il tarixli məktubundan görünür ki, X5 Şəxs Açıq Səhmdar Cəmiyyətinə qeyd olunan sənədlərin təqdim edilməsi barədə müraciəti daxil olmamışdır. X5 Şəxs Açıq Səhmdar Cəmiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada sözügedən sənədləri tələb etməsinə dair müraciəti daxil olduğu halda həmin sənədlərin təqdim edilməsinin təmin olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində EP seriyalı, ******* nömrəli 17 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mərkəzi Bankın 26- 09636-2021 saylı 05 avqust 2021-ci il tarixli göstərişi icra etməməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Qeyd olunan göstərişlə əlaqədar Şəxs ASC Azərbaycan Respublikasının Mərkəzi Bankının 26-09636-2021 saylı 05 avqust 2021-ci il tarixli göstəriş məktubunu almasına baxmayaraq tərəflərindən Rəfael Əkbərovun Şəxs Açıq Səhmdar Cəmiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada sözügedən sənədləri tələb etməsinə dair müraciəti daxil olduğu halda həmin sənədlərin təqdim edilməsi təmin olunacağı bildirilmişdir. Bundan əlavə 14 oktyabr 2021-ci il tarxli təhvil-təslim aktı ilə göstərişdə qeyd olunan xüsusatlar üzrə tələb yerinə yetirilmişdir. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs ASC-nin 26- 09636-2021 saylı 05 avqust 2021-ci il tarixli göstərişi yerinə yetirilməməsi əsası ilə barəsində 17 sentyabr 2021-ci il tarixdə EP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göründüyü kimi Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə inzibati protokolun tərtib edilməsi ilə bağlı səlahiyyətli orqanın gəldiyi qənaət əsassızdır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsi (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs ASC tərəfindən bu pozuntunun həyata keçirilməsi inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar