Məhkəmə qərarları › İş №3(006)-2834/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2834/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2834/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə, xx.xx.1967-ci ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X8 barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitantı X3 tərəfindən X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, 22 sentyabr 2021-ci il tarixdə, saat 23:50 radələrində Nəsimi rayonu, Bülbül prospekti 18 ünvanında yerləşən “Boss” klubda polisin qanuni tələbinə qəsdən məhəl qoymamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitantı X3 izahatında bildirdi ki, 22 sentyabr 2021-ci il tarixdə, saat 23:50 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Boss” klubda mübahisə baş verməsi ilə əlaqədar məlumat daxil olmuş, CAŞ-ın əməkdaşları həmin kluba yaxınlaşmışlar. Mübahisə edən şəxslər içkili olmuş, həmin şəxsləri polis əməkdaşları maşına mindirmək istəyəndə onlardan X8 polisə tabesizlik göstərmişdir. Göstərilənləri nəzərə alaraq, X2 barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 özünü təqsirli bilərək polisə müqavimət göstərdiyini etiraf etmiş və bunu içkili olması səbəbindən etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin CA üzrə kiçik inspektoru, polis baş serjantı X4 izahatında göstərmişdir ki, o, digər polis serjantı X5 ilə birlikdə Nəsimi rayonu, Bülbül küçəsi ərazisində xidmətdə olarkən mübahisə olduğunu görmüş, yaxınlaşıb özlərini təqdim etməklə içkili vəziyyətdə olan X6 nizam-intizama dəvət etmiş, lakin sonuncu onların qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin CA üzrə kiçik inspektoru, polis serjantı X5 izahatında göstərmişdir ki, 22 sentyabr 2021-ci il tarixdə saat 23:00 radələrində polis baş serjantı X4 ilə birlikdə Nəsimi rayonu, Bülbül küçəsi ərazisində xidmətdə olarkən mübahisə olduğunu görmüş, yaxınlaşıb özlərini təqdim etməklə içkili vəziyyətdə olan X6 nizam-intizama dəvət etmiş, lakin sonuncu onların qanuni tələbinə tabe olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadəsini dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 24 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X8 22 sentyabr 2021-ci il tarixdə saat 23:50 radələrində Nəsimi rayonu, Bülbül prospekti 18 ünvanında yerləşən “Boss” klubda polisin qanuni tələbinə qəsdən tabe olmamış və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 23.09.2021-ci il tarixli, 2/13292 saylı “Sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X8 həmin tarixdə saat 01:05-də içkili olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitantı X3 tərəfindən tərtib edilmiş 24 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X2 inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi qəbul edir. Məhkəmə iclasında X2 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, X7 inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar