Məhkəmə qərarları › İş №3(006)-2841/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2841/2023

19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2841/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Nəsimi rayon prokurorluğunun nümayəndəsi X10, hüquqi şəxs Şəxs nümayəndəsi X11 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 01 iyun 2023-cü il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə Qərar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi Şəxs tərəfindən 21 fevral 2023-cü il tarixdə vəfat etmiş X3 əmək müqaviləsi və ya mülki müqavilə hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsi göstərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon prokurorluğunun nümayəndəsi X16 izahatında göstərmişdir ki, 21 fevral 2023-cü il tarixdə saat 10:25 radələrində 1975-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında naməlum səbəbdən vəfat etməsi barədə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna məlumat daxil olmuşdur. Araşdırma zamanı materiala əlavə olunmuş hadisə yerinin fotoşəkillərindən görünür ki, X3 vəfat etdiyi mühafizə köşkü Bakı şəhəri, Nəsimi rayonu A.Mirqasımov 4 ünvanının qarşısında yerləşir. Araşdırma zamanı izahatı alınmış X6 bildirmişdir ki, İlqar Abdullayevi təxminən 3-4 ay olar ki, tanımışdır. İlqar həyətdə fəhlə işləmişdir. İlqarın vəfat etdiyi mühafizə köşkü həmin ərazidə söküntünü həyata keçirən şirkətin rəhbər şəxslərinin göstərişi ilə istifadə olunmuş, İlqar da həmin şirkətdə fəhlə işləmiş, bəzi hallarda isə şirkətin əmlakının mühafizəsi İlqara tapşırılmış, mühafizəni Mirqasımov 4 ünvanında yerləşən mühafizə köşkündə həyata keçirmişdir. Qeyd olunanlar nəzərə alınmaqla Nəsimi rayon prokuroru tərəfindən 01 iyun 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə Qərar qəbul edilməklə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında icraat başlanılmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X17 məhkəməyə yazılı etiraz təqdim etmiş və ona uyğun izahatında bildirmişdir ki, Prokurorluğun qeyd edilən qərarı ilə hüquqi şəxs olaraq Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlamasının səbəbi kimi xx.xx.2023-cü il tarixdə saat 10:25 radələrində Nəsimi RPİ-nin 20 PB-dən ünvan 4 ünvanında yerləşən mühafizə köşkündə X3 naməlum səbəbdən ölməsi barədə məlumatı əsasında toplanmış materialın prokuror nəzarəti qaydasında öyrənilməsi zamanı inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların bilavasitə aşkar edilməsi və onun əsasında aparılmış araşdırma zamanı qeyd edilən maddədə nəzərdə tutulan xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması göstərilmişdir. Həmçinin prokurorluğun qərarında göstərilmişdir ki, Şəxs onun adından qərar qəbul etmək səlahiyyətinə malik vəzifəli şəxs MMC-nin direktoru X14 MMC-nin işəgötürən səlahiyyətini yerinə yetirən şəxs olaraq X7 əmək müqaviləsi (kontraktı) bağlamadan işlərin yerinə yetirilməsinə cəlb etməklə Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə həmin MMC inzibati məsuliyyətə cəlb edilməlidir. Aşağıdakılara əsasən prokurorluğun qeyd edilən qərarında göstərilən əsassızdır və hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin normaya əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetrilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Normanın məzmunundan aydın görünür ki, inzibati xəta əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə yaranır. Prokurorluq mərhum İlqar Abdullayevin guya MMC ilə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən MMC-də işə cəlb edilməsini yalnız araşdırma zamanı izahatı alınmış ünvan 5 ünvanında X1 izahatı ilə əsaslandırmışdır. Halbuki, bu həmin X6 araşdırma zamanı izahatını təsirlər nəticəsində vermiş və izahatı həqiqəti əks etdirməmişdir. X6 hal-hazırda məhkəmə iclasındakı izahatıyla həqiqətən də mərhum İlqar Abdullayevin həmin ərazidə işləmədiyini, yalnız sakinlər ordan köçərkən onlara kömək etdiyini təsdiq etmişdir. Şəxs MMC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma əsaslandırılmasına, Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına və torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamının, eləcə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin” Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəyinin, Bakı Şəhər İcra Hakimiyyəti ilə Şəxs MMC arasında 1635 nömrəli 19 yanvar 2021-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə”nin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli, 11 nömrəli Sərəncamının tələblərinə uyğun olaraq sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur və bu proses hazırki vaxta kimi davam edir. Şəxs MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 dekabr 2020-ci il tarixli 274 nömrəli sərəncamından irəli gələn vəzifələrim vicdanla həyata keçirməsinə (bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərməsi) baxmayaraq ünvan 5 ünvanında X6 digər 42 nəfər sakin ilə birləşərək iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında Şəxs istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci :i tarixli, 274 saylı Sərəncamının ləğv edilməsi barədə iddia qaldırmışlar. Qeyd edilən iddia Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə rədd edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 10:25 radələrində Nəsimi RPİ-nin 20 PB-dən ünvan 4 ünvanında yerləşən mühafizə köşkündə X3 naməlum səbəbdən ölməsi barədə araşdırma aparılarkən ünvan 5 ünvanında X1 məhkəməyə qədər olan izahatı nəzərə alınmışdır. Lakin nədənsə araşdırma zamanı prokurorluq izahatları alınmış MMC-nin səlahiyyəti nümayəndəsi X2 və mərhumun qardaşı X4 izahatlarını nəzərə almamış və ya almaq istəməmişdir. Belə ki, əvvəla, mərhumun qardaşı X12 izahatında qardaşının konkret olaraq MMC-də fəhlə işləməsini təsdiq etməmişdir. Eyni zamanda da səlahiyyəti nümayəndə X8 isə izahatında göstərmişdir ki, MMC tərəfindən icarəyə götürülən ərazidə hələ də bəzi sakinlər yaşamağa davam etdiyindən, həmin ərazinin tam hasarlanması mümkün olmadığından oraya girib-çıxan şəxslərə nəzarət etməyin mümkün olmadığını, buna görə də həmin ərazidə kənar şəxslərin çox olduğunu bildirmişdir. O və MMC-nin direktoru X24 rayonu, Mirəsədulla Mirqasımov küçəsi 4 ünvanında yerləşən mühafizə köşkündə vəfat etmiş X7 tanımır, həmin şəxsə işlədiyi MMC tərəfindən əmək haqqı ayrılmamışdır. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 də prokurorluğa verdiyi məlumatda da X4 adma əmək müqaviləsi bildirişinin sistemə daxil olmamasını təsdiq etmişlər. Göründüyü kimi, prokurorluq MMC-yə qarşı qərəzli olan sakinin heç bir sübutla təsdiq edilməyən izahatını rəhbər tutaraq hazırki qərarı qəbul etmişdir. Baş vermiş hadisədən əvvəl MMC ilə fiziki şəxs X13 arasında 2023-cü ilin yanvar ayında 10-da "söküntü, qazıntı və daşınma xidməti" adlı müqavilə bağlanmışdır və ehtimal edilir ki, söküntü işlərinə hazırlıqla əlaqədar mərhum məhz həmin şəxsin işləri ilə bağlı binanın həyətinə gəlb gedə bilərdi. Bu barədə prokurorluğa məlumat verilməsinə baxmayaraq onlar mərhumun məhz MMC tərəfindən fəhlə kimi işlədilməsinə dair izahat olmasını əsas gətirərək müqavilə bağlanmış fiziki şəxsi araşdırmaya cəlb etməkdən imtina etmişlər. Barələrində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, İlqar Abdullayev tikinti işlərinin aparıldığı ərazidə sakinlərin köçürülməsi zamanı fiziki şəxslər tərəfindən əşyaların daşınması zamanı işlərə cəlb edilmişdir. Belə ki, mərhum İlqar Abdullayev Şəxs tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. O, prokurorluğun araşdırması zamanı ona edilmiş təzyiqlər nəticəsində göstərilmiş formada izahat vermişdir. Halbuki, orada olan mühafizə köşkü mərhumun öldüyü tarixdə yeni qoyulmuş və orada mühafizəçi olmamışdır. İlqar Abdullayevin həmin mühafizə köşkündə ölməsi təsadüfən olmuşdur. İlqar Abdullayev yalnız fərdi əmək fəaliyyəti göstərərək sakinlərə etdiyi kömək nəticəsində az məbləğdə pul ödənişlərini həmin sakinlərdən almışdır. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Nəsimi rayon prokurorluğunda toplanmış material üzrə sənədləri məhkəmə iclasında tədqiq edilərkən müəyyən olundu ki: 21 fevral 2023-cü il tarixdə saat 10:25 radələrində 1975-ci il təvəllüdlü Abdullayev iqar Eylas oğlunun ünvan 1 ünvanında naməlum səbəbdən vəfat etməsi barədə Bakı şəhəri Nəsimi rayon prokurorluğuna məlumat daxil olmuşdur. Araşdırma zamanı izahatı alınmış X6 bildirmişdir ki, ünvan 7 ünvanında yaşayır. İlqar Abdullayevi təxminən 3-4 ay olar ki tanımışdır. İlqar həyətdə fəhlə işləmişdir. İlqarın vəfat etdiyi mühafizə köşkü həmin ərazidə söküntünü həyata keçirən şirkətin rəhbər şəxslərinin göstərişi ilə istifadə olunmuş, İlqar da həmin şirkətdə fəhlə işləmiş, bəzi hallarda isə şirkətin əmlakının mühafizəsi İlqara tapşırılmış, mühafizəni Mirqasımov 4 ünvanında yerləşən qaravul köşkündə həyata keçirmişdir. Araşdırma zamanı materiala əlavə olunmuş hadisə yerinin fotoşəkillərindən görünür ki, X3 vəfat etdiyi mühafizə köşkü Bakı şəhəri, Nəsimi rayonu A. Mirqasımov 4 ünvanının qarşısında yerləşir. Mühafizə köşkünün qapısı bağlanıla bilən, sağlam vəziyyətdədir və kənar şəxslərin daxil olması üçün əlverişli deyildir. Araşdırma zamanı izahatı alınmış X12 bildirmişdir ki, İlqar Abdullayev onun böyük qardaşı olmuşdur. İlqar 2022-ci ilin dekabr ayının əvvəllərindən Bakı şəhərinə gəlmiş və Bakı şəhərində Tibb Universitetinin yaxınlığında tikinti şirkətlərinin birində işləmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X22 Bakı şəhəri Nəsimi rayon şöbəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 34 saylı ekspertiza rəyindən görünür ki, 1975-ci il təvəllüdlü X3 meyitində aşkar edilmiş xəsarətlər alın nahiyəsinin əzilmiş-cırılmış yarası, burun nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən ölümündən bir neçə saat əvvəl əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqələri yoxdur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. İ.E.Abdullayevin ölümünün bilavasitə səbəbi narkotik maddə ilə (metamfetaminlə) zəhərlənmə olmuşdur. İ.E.Abdullayevin ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə saat 15:45-də) 12-16 saat əvvəl baş vermişdir. E Abdullayevin meyitindən götürülmüş qanda və qaraciyərdə məhkəmə-kimya tədqiqatı nəticəsində fenilalkilamin qrupuna aid olan Metamfetamin adlı maddə aşkar edilmişdir. Qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər həmçınin tiryək qrupu), fenotiazin pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” 19 mart 2023-cü il tarixli qərardan görünür ki, X3 ölməsi faktında cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs MMC-nin vəzifəli şəxslərinin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğundan Şəxs MMC və həmin MMC-nin vəzifələri şəxsləri barəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul edilməsi üçün toplanmış materiallar təqrirlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərarın baxılması üçün aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.118.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə görə həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Məhkəmə Şəxs nümayəndəsi X11 və məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatlarına tənqidi yanaşır və hesab edir ki, İlqar Abdullayevin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Belə ki, X6 prokurorluğun araşdırması zamanı X3 MMC tərəfindən fəhlə olaraq işlədildiyini, həmçinin mühafizə işlərinin bəzən həmin şəxs tərəfindən aparıldığını bildirmişdir. X6 məhkəmə iclasında həmin izahatını təsir nəticəsində verməsini bildirsə də, həmin izahatı şübhə altına alacaq sübut təqdim etməmiş və təsirin nədən ibarət olması barədə məlumat verməmişdir. Həmçinin mərhumun qardaşı X4 izahatından məlum olur ki, İlqar Abdullayevin tikinti şirkətlərindən birində işlədiyini qeyd etmiş və həmin şirkətin məhz Şəxs olmasını təsdiq edən sübutlar iş materialları təsdiq olunur. Bundan əlavə, iş materaillarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3 vəfat etdiyi mühafizə köşkü Bakı şəhəri, Nəsimi rayonu A. Mirqasımov 4 ünvanının qarşısında yerləşir. Mərhumun meyitinin həmin köşkdən aşkarlanması isə İlqar Abdullayevin məhz həmin köşkdə mühafizəçi olaraq çalışdığını təsdiq edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən: 1.İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir.

3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.

4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs tərəfindən işçi ilə əmək müqaviləsi bağlanılmadan işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar