Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2850/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 46.480,00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 46.480,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi B.V.Cumayev bildirmişdir ki, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs MMC tərəfindən xaricə köçürülmüş 46.480 (qırx altı min dörd yüz səksən) ABŞ dolları məbləğində vəsait hesabına xx.xx.2021-ci il tarixində GNC-210524 saylı invoysa əsasən Koreya Respublikasından işlənmiş avtomobillər alınaraq konteyner vasitəsi ilə İran İslam Respublikasının Bəndər-Abbas portuna göndərilmişdir. Avtomobillərin Bəndər-Abbas portundan Azərbaycan Respublikasına daşınması üçün isə İran İslam Respublikasında fəaliyyət göstərən “İran Transit” şirkəti ilə razılığa gəlinmişdir. Razılığa əsasən “Bili of Lading” sənədində şirkətin adı “İran Transit” kimi yox məhz “Fereshte Mamasani” kimi qeyd edilmişdir. Bu tələb onlara “İran Transit” şirkətinin rəsmiləri tərəfindən edilmişdir. Apardıqları araşdırmalar nəticəsində şirkətin tamamilə aldadıcı fəaliyyətlə məşğul olduğu, sifarişçilərdən əvvəlcədən daşınma ödənişləri alaraq pulları mənimsədikləri, bunun müqabilində heç bir xidmət göstərməyərək aldatdıqları məlum olmuş və şirkətə məxsus konteynerlərin götürülməsinə İran İslam Respublikası tərəfindən icazə verilməmişdir. Baş verənlərlə bağlı "xxxx" MMC-yə məxsus konteynerlərin götürülməsini təmin etmək üçün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi tərəfindən həmin konteynerlərin həqiqətən də şirkətə məxsus olmasının təsdiq edilməsinə zərurət yaranmışdır. Bu barədə tərəflərindən xx.xx.2022-ci il tarixli, 044 saylı məktubla Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə və xx.xx.2022-ci il tarixli, 045 saylı məktubla Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə müraciət edilmişdir. Bundan sonra MMC-yə konteynerlərin götürülməsi üçün Zəhra xanımla (+98 912-372- 29-15) əlaqə saxlanılmasının zəruri olduğu bildirilmiş, tərəflərindən Zəhra xanıma bütün lazımi sənədlər göndərilmişdir. Bundan başqa Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi tərəfindən İran İslam Respublikasının XİN Konsulluq İdarəsinə 4-277/22 saylı, xx.xx.2022-ci il tarixli Nota göndərilmiş, eyni zamanda konteynerlərin buraxılması və MMC-yə məxsus olması barədə Zəhra xanıma rəsmi məktub ünvanlanmışdır. Lakin hələdə məsələ öz həllini tapmamış və MMC-yə məxsus konteynerlərin götürülməsinə icazə verilməmişdir. Qeyd edilən məsələ uzun müddət uzadılaraq öz həllini tapmadığından Koreya Respublikasında fəaliyyət göstərən şirkət tərəfindən onlara maddi ziyanlarının qarşılanması məqsədilə eyni məbləğdə avtomobillərin göndərilməsi təmin edilmişdir. Həmiınavtomobillər tezliklə ölkə ərazisinə daxil olacaqdır. Həmiçinin bildirmişdir ki, Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsində asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Göründüyü kimi, Şəxs MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Göstərilənləri nəzərə alaraq inzibati xətanın törədilməsinin Şəxs MMC-nin təqsiri olmadan baş verməsi səbəbilə MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli invoysun surətindən görünür ki, Şəxs MMC tərəfindən həmin tarixdə Koreya Respublikasında yerləşən “GNC Global CO”.LTD şirkətinin bank hesabına 46.480,00 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli invoysun surətindən görünür ki, Şəxs MMC tərəfindən sifariş edilmiş 08 ədəd avtomobil xx.xx.2021-ci il tarixdə İran İslam Respublikasına gətirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 46.480,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürməyə əsasən satın alınmış mallar xx.xx.2021-ci il tarixdə Koreya Respublikasında yerləşən “GNC Global CO”.LTD şirkəti tərəfindən İran İslam Respublikasına göndərilmiş, daha sonra Şəxs MMC kargo-daşıma şirkəti olan “Bill of Lading” şirkəti ilə malların idxalı üçün müqavilə bağlamış, lakin müqavilənin şərtlərini pozaraq həmin malları ölkə ərazisinə çatdırmamışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq malların ölkəyə idxalının gecikdirilməsi Şəxs MMC-dən asılı olmayan səbəbdən baş verdiyindən MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2850/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2850/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver