Məhkəmə qərarları › İş №3(006)-2857/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2857/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2857/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ondan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətin məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə müraciət edərək onun ləğv olunmasını xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət vermişdir. X2 vəsatətində mübahisələndirilən qərarı Bakı Nəqliyyat Agentliyinə müraciət edərək xx.xx.2023-cu il tarixdə əldə etdiyini göstərmişdir. Vəsatəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərərk hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət rədd olunaraq şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, X2 şikayətində göstərir ki, xx.xx.2019-cu il tarixdə, saat 17:50-də “Hyundai Accent” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini ünvan 1 ünvanında müvəqqəti saxlamalı olduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə BNA ******* saylı cərimə qərarı çıxarılmış və “Asanpay” kabinetinə yerləşdirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 57.5-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda (ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan). Eyni zamanda həmin Məcəllənin 57.6-cı maddəsinə görə bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan (57.6.1-ci maddə); nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) (57.6.2-ci maddə); “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) (57.6.3cü maddə); bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) (57.6.4-cü maddə). Qeyd olunan Məcəllənin 124.6-cı maddəsinə müvafiq olaraq bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir (125.2.1-ci maddə); eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir (125.2.2-ci maddə); inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir (125.2.3-cü maddə). Şikayətin məzmunundan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərar həmin Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun vaxtında onun “ASAN” ödəniş sistemində olan elektron kabinetinə (asanpay.az) yerləşdirilmiş və bu barədə şikayətçinin özü da məlumatlı olmuşdur. Qərardan şikayət isə 3 ilə yaxın müddət keçdikdən sonra verilmiş və bu müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1– 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.2 və 130.3-cü maddələrinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar