Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2862/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İş № 3(006)-2862/2023 QƏRAR (İnzibati xəta haqqında iş üzrə) 13 iyul 2023-cü il Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili “Verdiktum” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, xx.xx.2023-cü il tarixdə, saat 14:40-da ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan tibbi praktiki fəaliyyət aşkarlanmışdır (X7, X8). Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi İ.M.Hacıyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs MMC-də yoxlama keçirilən zaman orada işləyən iki əməkdaşın lisenziyası olmadan fəaliyyət göstərmələri aşkar edilmiş və bunun əsasında MMC barəsində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili E.N.Əzizov məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” PHŞ tərəfindən Şəxs MMC-də xx.xx.2023-cü il tarixində aparılmış yoxlama zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə əlaqədar Şəxs MMC barəsində qanunsuz və əsassız protokol tərtib etmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 127-ci maddəsinin 1-ci hissəsinə görə uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” PHŞ-nin tərəfinin 17 may 2023-cü il 601№-li qərarında adı çəkilən Şəxs MMC-də cərrah stomatoloq kimi çalışan X5 xx.xx.2021-ci il tarixində X15 adlı övladının dünyaya gəlməsi xx.xx.2021-ci il tarixli 1455 №-li akt ilə təsdiq olunmuş doğum haqqında şəhadətnamədə qeyd olunmuşdur. X9 xx.xx.2023-cü ildə ərizə ilə müraciət edərək onun Əmək Məcəlləsinin 127-ci maddəsinin 1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə qismən ödənişli sosial məzuniyyətə göndərilməsi ilə bağlı xahiş etmişdir. O, həmin klinikanın direktoru Olqa Abbasovanın xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdən uşağın üç yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətə göndərilmişdir. xx.xx.2023-cü il tarixində X9 ərizə ilə müraciət edərək onun qismən ödənişli sosial məzuniyyətdən vaxtından əvvəl qayıtması və ixtisas artırma kursuna göndərilməsi barədə xahiş etmişdir. Olqa Abbasova xx.xx.2023-cü il tarixində Günel Əliyevanın qismən ödənişli sosial məzuniyyətdən qayıdaraq işə başlaması və ixtisas artırma kursu keçməsi barədə əmr imzalamışdır. Əmək məcəlləsinin 67-1-ci maddəsinin 2-ci bəndinə görə hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Bununla əlaqədar Günel Əliyeva sertifıkasiya keçməkdən azad olunmalıdır. Yuxarıda adı çəkilən qərarda sözü gedən - Şəxs MMC-də ortodent vəzifəsində çalışan X8 xx.xx.2023-cü il tarixində əmək müqaviləsilə işə götürülmüşdür. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə görə Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Həmin maddəyə görə Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixində X1 keçənə qədər praktik tibb fəaliyyətinə buraxılmaması məqsədilə əmr imzalanmışdır. Ümumiyyətlə qanunvericilikdə işçinin sertifikasiyadan keçməməsi onunla əmək müqaviləsinin bağlanmasına və praktik tibb fəaliyyətinə aid olmayan işlərlə məşğul olmasına qadağan qoyulmur və qanunla nəzərdə tutulmayan tələbə görə şəxsin inzibati məsuliyyətə cəlb olunması qanunsuz və əsassızdır. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə, Azərbaycan gespublıkası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 1-ci və 2-ci bəndinə və Əmək Məcəlləsinin 127-ci maddəsinin 1-ci hissəsinə, “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə əsaslanaraq Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:40-da ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikasiya şəhadətnaməsi olmadan tibbi praktiki fəaliyyət aşkarlanmışdır (X7, X8). Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli, 02 nömrəli qismən ödənişli sosial məzuniyyətin verilməsi əmrindən görünür ki, G.A.Əliyevaya Azərbaycan Respublikasl Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (uşağın üç yaşı tamam olana qədər) qismən ödənişli sosial məzuniyyət verilmiş və işçinin işə başlamalı olduğu tarix xx.xx.2024-cü il müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli, 03 nömrəli qismən ödənişli sosial məzuniyyətin verilməsi əmrindən görünür ki, G.A.Əliyevaya uşağa bilavasitə qulluğa görə uşaq üç yaşına çatanadək verilən qismən ödənişli sosial məzuniyyətindən qayıtdığ üçün xx.xx.2023-cü il tarixdən etibarən işdə hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli, 04 nömrəli praktik tibb fəaliyyətinə buraxılmama barədə əmrindən görünür ki, Şəxs MMC-nin ortodent vəzifəsinə çalışan F.A.Əliyevanın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə sertifikasiya keçənə qədər praktik tibb fəaliyyətə buraxılmaması məqsədilə cəmiyyətin ordodent vəzifəsində çalışan F.A.Əliyeva xx.xx.2023-cü il tarixdə ixtisas artırma kursu və sertifikasiya keçənə qədər praktik tibb fəaliyyətinə buraxılmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC-də işləyən G.A.Əliyevanın qanunvericiliyə uyğun olaraq sosial məzuniyyədə olduğundan sertifikasiya keçməkdən azad olunmuş və digər işçi F.A.Əliyevanın sertifikasiya keçənə qədər praktik tibb fəaliyyətə buraxılmamışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 215.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2862/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2862/2023
13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver