Məhkəmə qərarları › İş №3(006)-2867/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2867/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2867/2024 19.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 iştirakı ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən "xxxx" ASC Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(003)-157/2024 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən "xxxx" ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tələbkar X3 və "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə X3 və "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X4 bildirdi ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(003)- 157/2024 saylı icra sənədinə əsasən X2 məxsus ünvan 1 ünvanına işıq enerjisinin verilməsinin bərpa olunması və işıq enerjisinin dayandırılmasının "xxxx" ASC-yə qadağan edilməsi qərara alınmışdır. Qeyd olunanlara baxmayaraq məhkəmə qərarı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən uzun müddət icra edilməmişdir. Buna baxmayaraq, halhazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən icra sənədi tam olaraq icra edilmişdir. Qeyd olunanları nəzərə alaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçısını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(003)-157/2024 saylı icra vərəqəsinə əsasən X2 məxsus ünvan 1 ünvanına işıq enerjisinin verilməsinin bərpa olunması və işıq enerjisinin dayandırılmasının "xxxx" ASC-yə qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC hüquq idarəsinin rəisi Arif Ləzimzadə tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 20 avqust 2024-cü il tarixli, 01-563/24 saylı məktubun surətindən görünür ki, "xxxx" ASC-yə daxil olmuş xx.xx.2024-cü il tarixli, e211216/2023-5-29-004 nömrəli bildirişə cavab olaraq bildirilmişdir ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(003)-157/2024-002 nömrəli icra sənədi "xxxx" ASC tərəfindən icra edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(003)-157/2024 saylı icra sənədi "xxxx" ASC tərəfindən tam olaraq icra edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi üzrə "xxxx" ASC tərəfindən qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-yə istinad edilən inzibati xəta hadisəsi hal-hazırda mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-yə istinad edilən inzibati xəta hadisəsi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar