Məhkəmə qərarları › İş №3(006)-2867/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2867/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2867/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 28 aprel 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs 61000,00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 61000,00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 verdiyi izahatında göstərmişdir ki, inzibati xəta haqqında icraatın başlanmasına səbəb olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 23 aprel 2025-ci tarixli inzibati xəta haqqında protokol əsassızdır. Sözügedən protokola əsasən Şəxs tərəfindən müəyyən məbləğdə xaricə pul köçürülsə də, guya həmin pul vəsaitinin müqabilində mallar idxal edilməmiş, edilmədiyinə görə isə ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Lakin təqdim olunan müqavilələrrdən görünür ki, Şəxs vasitəçi şirkət olaraq gəlir əldə etmişdir. Belə ki, Şəxs MMC ilə "xxxx" şirkəti arasındakı müqaviləyə əsasən müvafiq malların sifarişi MMC-yə verilmişdir. Lakin həmin mallar Şəxs MMC-nin birbaşa balansında olmadığına görə digər xarici şirkət “Puh Dankop” şirkətinə həmin malların sifraişi ilə bağlı müqavilə əsasında 61000,00 Avro pul vəsaiti köçürülmüşdür. Lakin sifarişi verən və malları balansında olan hər iki şirkət xarici şirkət olduğundan mallar ölkəyə idxal edilmədən birbaşa “Puh Dankop” şirkəti tərəfindən "xxxx" şirkətinin müvafiq anbarına yerləşdirilmişdir. Göründüyü kimi, Şəxs sadəcə vasitəçilik funsiyaların yerinə yetirmiş və buna uyğun gəlir əldə etmişdir. Bunu qeyd olunan müqavilələr təsdiq edir. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizənin surətindən görünür ki, Şəxs tərəfindən «Puh Dankop» şirkətinin müvafiq bank hesabına yükləyiciekskavatorun və yükqaldırıcı texnikanın alınması məqsədilə 61000,00 Avro ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş 13 mart 2023-cü il tarixli 3 nömrəli və 14 mart 2023-cü il tarixli 1 nömrəli müqavilələrin və 16 mart 2023-cü il tarixli ödəniş tapşırığının surətlərindən görünür ki, 14 mart 2023-cü il tarixli 1 nömrəli müqavilə əsasında yükləyici-ekskavator və yükqaldırıcı texnikanın alışı məqsədilə "xxxx" şirkəti tərəfindən Şəxs müvafiq bank hesabına 89775,00 avro məbləğində pul vəsaiti köçürülmüş və Şəxs MMC tərəfindən 13 mart 2023-cü il tarixli 3 nömrəli müqavilə əsasında «Puh Dankop» şirkətinin müvafiq bank hesabına 61000,00 Avro ödəniş edilmişdir. Beləliklə, toplanmış iş materiallarına və Şəxs MMC-nin nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, 16 mart 2023-cü il tarixində "xxxx" şirkəti tərəfindən Şəxs MMC-nin hesabına yükləyici-ekskavatorun və yükqaldırıcı texnikanın alınması məqsədilə 89775,00 avro məbləğində pul vəsaiti köçürülmüşdür. Şəxs MMC isə öz növbəsində növbəti gün, yəni 17 mart 2023-cü il tarixində bu vəsaitin bir qismini – 61000,00 Avro məbləğində pulu yükləyici-ekskavatorun alınaraq "xxxx" şirkətinə çatırılması məqsədilə avans kimi ödəmişdir. Başqa sözlə, 17 mart 2023-cü il tarixində ölkədən çıxmış avans ödənişi 1 gün əvvəl müvafiq malların alışı məqsədilə 3-cü şirkət tərəfindən Şəxs MMC hesabına daxil göndərilmiş vəsait olmuşdur (faktiki olaraq Şəxs MMC vasitəçilik fəaliyyətini həyata keçirmişdir). Belə olan halda xarici valyutada tədiyyə balansının pozulmaması halı müəyyən edilir ki, bu da Şəxs MMC-nin əməlində inzibati xəta tərkibini istisna etmiş olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol 23 aprel 2025-ci il tarixdə tərtib edilərkən inzibati xəta törədilmədən artıq Şəxs tərəfindən 61000,00 ABŞ dolları məbləğində məhsul ölkəyə idxal edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar