Məhkəmə qərarları › İş №3(006)-2868/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2868/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2868/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru, polis mayoru X5, Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin DYP-nin YPX inspektoru, polis serjantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 2000-ci il tarixdə Masalı rayonu, Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Masalı rayonu, Təzə Alvadı ərazi dairəsi, Təzə Alvadı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5, 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru, polis mayoru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində, Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin DYP-nin YPX inspektoru, polis serjantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin DYP-nin YPX inspektoru, polis serjantı X7 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə “Kia Rio” minik markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomaşınla avtoxuliqanlıq etdiyini aşkar edib ona saxla işarəsi vermişlər, lakin sürücü işarəyə məhəl qoymayaraq hərəkətini davam etdirmiş, saxla işarəsinə tabe olmamışdır. Bir qədər sonra sürücü avtomaşını saxlayıb maşından düşərək piyada hadisə yerindən qaçıb uzaqlaşmışdır. Sürücü Şəxs xx.xx.2024-cü il tarixdə Yasamal rayon DYPŞ-nə yaxınlaşmış və onlar tərəfindən 27-ci PB-nə dəvət edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru, polis mayoru X1 Tural Xalid oğlunun izahatında göstərilmiş xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə gecə saat 2 radələrində Yasamal rayon yol polis əməkdaşı ona saxla əmri versə də o, qorxmuş avtomobili saxlamayaraq onların ərazisi olmayan yerə sürməsinə baxmayaraq onu qovmuşlar. O, avtomobil ilə çıxılması mümkün olmayan yerə girdiyi üçün avtomobildən düşərək qaçmağa başlamışdır. Bu zaman polis əməkdaşları arxası ilə gəlmiş, o 2 mərtəbəndən hündür olan yerə çıxmış və həmin vaxt arxaya baxdığı üçün həmin yerdən başı aşağı yıxılmışdır. Polis əməkdaşları gələrək ona kömək etmiş, daha sonra içkili olmaması ilə bağlı rəy almış, sonra onu gətirib evə qoymuşlar. Evdə olan zaman huşunu itirmiş, həmin vaxt iş yoldaşları onu axtarmışlar və gəlib evdə onu huşsuz vəziyyət qanın içində tapmışlar. Sonra onu təcili tibbi yardıma aparmışlar ordanda “Semaşka”ya aparmışlar. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış zamanı inzibati xəta haqqında protokolda əks olunan hallar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru, polis mayoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin DYP-nin YPX inspektoru, polis serjantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 511.1.3-cü maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, nəzərdə tutulan həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdəndə məhkəmə hesab edirki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Nəsimi rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 49-51, 77, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 23 iyul 2024-cü il tarixdən saat 20:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Yasamal rayon Polis İdarəsinə göndərilsin. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X6 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar