Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2874/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 02 may 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs 21980,00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 21980,00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi Vəkil məhkəməyə yazılı etiraz təqdim edərək ona uyğun verdiyi izahatında göstərmişdir ki, Şəxs MMC barəsində məhkəməyə təqdim olunan protokol qanunsuz və əsassızdır. Belə ki, protokolda qeyd edilir ki, Azservis MMC tərəfindən 21.980 avro məbləğində vəsait bank vasitəsilə xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür və qanunvericiliyə zidd olaraq həmin vəsait hesabına alman mallar (xidmət) ödənişin aparıldığı gündən 2 il müddətində ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Sözügedən protokol əsasında müəssisə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) ilə təqsirli bilinmişdir. Şəxsin İXM 430.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün edilmiş avans ödənişinin üzərindən xx.xx.2016 tarixli "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3. yarımbəndində qeyd edilən 2 illik müddət keçməsinə baxmayaraq ödəniş müqabilində xidmətləri idxal etməməlidir. Halbuki müəssisə ilə “Maurer SE” şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli Xidmət müqaviləsi əsasında “Maurer SE” şirkətinə tərəflərindən xx.xx.2023-cü il tarixdə avans ödəniş aparılmışdır. Daha sonra aradan nəinki 2 il, heç 3 ay müddət keçməmiş “Maurer SE” şirkəti tərəfindən müəssisənin texniki qulluğunu həyata keçirdiyi “SOCAR Tower” binasında xidmətlər həyata keçirilmiş və xidmətlərin icra edilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı imzalanmışdır. Sözügedən təhvil təslim aktının müəssisə tərəfindən banka təqdim edilməməsi texniki olaraq anlaşılmazlığa səbəb olmuş və xidmətlərin idxal edilməməsinə dair protokol tərtib edilməsinə yol açmışdır, bu barədə məlumatları olduqda dərhal xx.xx.2025 tarixli e-poçt əsasında təhvil təslim aktını banka təqdim etmişlər və bankdan müəssisəyə göndərilmiş xx.xx.2025-ci il tarixli cavab e-poçtunda qeyd edilmişdir ki, ödəniş bağlanaraq zəruri sənədlər Mərkəzi Banka göndərilmişdir. Açıq-aşkardır ki, müəssisə tərəfindən müqavilədə göstərilən və ödənişi edilən xidmətlər idxal edilmişdir, ona görə də, Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi nəzərdə tutulmaqla tərtib edilən protokol qanunsuz və əsassızdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizənin surətindən görünür ki, Şəxs tərəfindən “Maurer Se” şirkətinin müvafiq bank hesabına 21980,00 Avro ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş 31 yanvar 2023-cü il tarixli, ES-SOCM-AGR-001 nömrəli xidmət müqaviləsinin surətindən görünür ki, Şəxs MMC ilə “Maurer Se” şirkəti arasında imzalanmış 31 yanvar 2023-cü il tarixli müqavilə üzrə 21980,00 avro məbləğində xidmətlər göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol 02 may 2025-ci il tarixdə tərtib edilənədək həmin MMC tərəfindən 21980,00 Avro məbləğində xidmətlər qanunvericilikdə nəzərdə tutulan müddətdə həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2874/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2874/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver