Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2884/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 16 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 16 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 16.09.2021-ci il tarixli, MN ******* saylı qərarı ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 600 manat miqdarında inzibati cərimə tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında protokola əsasən 07.09.2021-ci il tarixdə Y.V.Çəmənzəminli küçəsi, ev 100 ünvanında yerləşən “Okean” restoranında işçi heyətinin tibbi maska ilə bağlı qayda pozuntusu aşkar edilmişdir. Bildirir ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və külli miqdarda dövlət büdcəsinə vergi ödəyir. Eləcə də Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin sadiq əsgəri Azərbaycan dövlətinin vətəndaşı kimi 8.000 (səkkiz min) manat miqdarında vəsaiti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hesabına köçürmüşdür. Hörmətli Prezident cənab İlham Əliyev hər çıxışında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri hər zaman dəstəkləmiş, öz diqqət və qayğısını əksik etməmiş, həmçinin dövlət qurumlarına qəti şəkildə tapşırıqlar verərək sahibkarların fəaliyyətinə yaradılan süni maneələrin və əngəllərin aradan qaldırılmasını vurğulamışdır. Bildirir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən sadəcə qərəzli, əsassız və qanunsuz olaraq eləcə də bilərəkdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneə törətmək məqsədi ilə bununla növbəti dəfə (halbuki ilk tərtib edilmiş protokol üzrə məhkəmə mübahisəsi davam edərkən) inzibati cərimə haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən yoxlama keçirilən zaman “Okean” restoranında olan bütün personal heyəti epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə riayət etmələrinə baxmayaraq agentliyin əməkdaşları tərəfindən qərəzli, qanunsuz və heç bir fakta söykənməyən, öz mülahizələrinə görə 16.09.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarla 600 (altı yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin qərarı ləğv edilməlidir. Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblər Nazirlər Kabinetinin 29 may tarixli qərarı ilə müəyyənləşib. Həmin qərarda bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-ci maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat apardan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd edilən protokol onun iştirakı olmadan 07.09.2021-ci il tarixdə tətbiq edilmiş və daha sonra Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən həmin işə baxılmasında iştirak etməsi barədə ona bildiriş göndərilmişdir. Lakin burada da qeydiyyat ünvanı bəlli olduğu halda qərəzli şəkildə qayda pozuntularına yol verilərək məktub onun yəni inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeydiyyat və ya faktiki yaşayış ünvanına deyil “Okean” restoranına göndərilmişdir ki, bu da onun qərarın qəbul edilməsində iştirakına yaradılan süni maneələrdən biridir. Hesab edir ki, onun iştirakı olmadan tərtib edilmiş inzibati protokolun və qərarın heç bir hüquqi əsası olmadığından həmin qərar ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 16.09.2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X.M.Məmmədzadə şikayətlə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirmiş, şikayətin təmin edilməməsini və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 16.09.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə lazımi qaydada məlumat verilsə də, şikayətçi və məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 07 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 28 may 2021-ci il tarixdə Y.V.Çəmənzəminli küçəsində fəaliyyət göstərən “Okean” restoranında işçilər qoruyucu tibbi maskadan düzgün isifadə etməyərək epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasının qarşısının almamış və buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, E.İ.Qubadov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, E.İ.Qubadov 07.09.2021-ci il tarixdə Y.V.Çəmənzəminli küçəsində fəaliyyət göstərən “Okean” restoranında işçilər qoruyucu tibbi maskadan düzgün isifadə etməyərək epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasının qarşısının almamış və buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında barəsində 16 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 16.09.2021-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan E.İ.Qubadov verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 16 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2884/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2884/2021
21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver