Məhkəmə qərarları › İş №3(006)-2890/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2890/2021

29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2890/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru Məmmədov Azər Vidadi oğlunun iştirakları ilə, xx.xx.1991-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 02.08.2021-ci il tarixdə ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində 21-ci Polis Bölməsinə şikayət etmiş, o da həmin şikayətlə tanış olmaq üçün polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində həmin ərizə ilə tanış olduqdan sonra şikayət ərizəsində yazılanların şər və böhtan olduğunu anlamışdır. Belə ki, 2016-cı ildən onların arasında mülki məhkəmə icraatı qaydasında mübahisələri olmuş, bununla bağlı bütün məhkəmə instansiyaları onun xeyrinə qərar qəbul etmişdir. Aralarında bağlanmış müqaviləyə əsasən onun şirkəti tərəfindən Zərərçəkmiş şəxs məxsus obyekt əsaslı təmir olunmuş, lakin obyekt təhvil verildikdən sonra təmirlə bağlı çəkilən xərclər sonuncu tərəfindən ödənilməmiş, müxtəlif bəhanələr gətirilmişdir. Zərərçəkmiş şəxs onun şirkətinə xeyli miqdarda borcu olmasına baxmayaraq, sonuncu həmin borcu ödəməmək üçün ona şər və böhtan atmağa başlamışdır. Zərərçəkmiş şəxs və onun yaxınlarının bu cür hərəkətləri, yəni ona qarşı iftira atmaları bu gün də davam etməkdədəir. Hadisə baş verən günü yəni, 02.08.2021-ci il tarixdə o, yenidən ünvan 2 ünvanının qarşısında yerləşən obyektə gələrək Zərərçəkmiş şəxs ona olan borcunu istəmiş, lakin sonuncu yenidən onun pulunu verməkdən imtina etmiş, səsküy salmış və özünü yerə vurmuşdur. İzahatının sonunda Zərərçəkmiş şəxs qarşı hər hansı zor tətbiq etmədiyini, onu döymədiyini, bütün bunların ona qarşı şər və böhtan olduğunu bildirərək, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən ona məxsus obyekt Şəxs icarəyə verilmiş, lakin 6 (altı) il müddətində icarəyə götürən şəxs, yəni Şəxs tərəfindən ona heç bir icarə haqqı ödənilməmişdir. Bundan başqa, obyektin kommunal xərcləri də Şəxs tərəfindən ödənilmədiyi üçün obyektin Azərişıq və Azərsuya böyük məbləğdə borcu yaranmışdır. Dəfələrlə Şəxs müraciət edərək, icarə haqqını ödəməsini, ödəmədiyi halda həmin obyektdən çıxmasını bildirmiş, lakin sonuncu oradan çıxmamış və icarə haqqını da ödəməmişdir. Hadisə baş verən gün, yəni 02.08.2021-ci il tarixdə səhər saatlarında Şəxs həmin obyektin qarşısına gələrək, onu təhqir etmiş, öldürəcəyi ilə hədələmiş, bıçağı onun boğazına dirəmiş, sonra onu itələyərək başını divara vurmuşdur. O, zərbənin təsirindən xəsarət almışdır. Bundan başqa, Şəxs obyektin örtücü reklam kağızını cıraraq, yararsız hala salmış və sonra çıxıb getmişdir. İzahatının sonunda Şəxs şikayətçi olduğunu və sonuncu barəsində həbs növündə inzibati tənbeh cəzasının tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru X5 izahatında bildirdi ki, 02 avqust 2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 xidməti zəng mərkəzinə və Nəsimi RPİ-nin 21-ci PB-nə şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, həmin tarixdə səhər saatlarında ünvan 2 ünvanında yerləşən özünə məxsus obyektə Şəxs gələrək onu nalayiq ifadələrlə təhqir etmiş, onu bıçaqla hədələyərək öldürəcəyini bildirmiş, əlləri ilə onu itələyərək başını divara vurmuş, mağazanın örtücü reklam kağızını yararsız hala salmışdır. Zərərçəkmiş şəxs müraciəti əsasında Nəsimi RPİ-nin 21-ci PB-də təhqiqat araşdırması aparılmış, həmin bölmənin baş təhqiqatçısı Nicat Sadıqov tərəfindən 08 avqust 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və Rüstəm Kazımzadə adlı şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qərar Nəsimi RPİ-nin 21-ci PB-nə göndərilmişdir. Bundan sonra barəsində şikayət verilən şəxs Şəxs olduğu yer müəyyən olunmuş və tərəfindən 29 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin baş təhqiqatçısı Nicat Sadıqov tərəfindən qəbul edilmiş 08.08.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 692 saylı, 31 avqust 2021-ci il tarixli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət-sağ gicgah nahiyəsinin qançır-şişkinliyi küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün Bakı şəhər Təcili və X2 Stansiyasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 02 avqust 2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olumur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilməsi mümkündür. Məhkəmə, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru X5 tərəfindən tərtib edilmiş 29 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi və iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir.Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 29 sentyabr 2021-ci il tarixdən, saat 17:45-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar