Məhkəmə qərarları › İş №3(006)-2892/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2892/2021

11.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2892/2021 11.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemologiya Mərkəzi» publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş 19.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemologiya Mərkəzi» publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş 19.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğvi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X4 şikayətdə göstərilənlərə uyğun izahat verərək göstərmişdir ki, 31.07.2021-ci il tarixdə əmək müqaviləsinə əsasən Baş menecer işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (X7) AR Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemologiya Mərkəzi»nin əməkdaşı kimi özünü təqdim etmiş şəxs baxış keçirmiş, sanitariya-gigiyena və karantin qaydalarının pozulması hallarını aşkar etməmişdir. Lakin sözü gedən orqanın əməkdaşı otelin ərazisinə baxış keçirmiş və həmin vaxt orada istifadə olunmuş təmiz yataq dəstlərinin düzgün saxlanılmamasını nöqsan bildirərək protokol tərtib etmiş və həmin protokol əsasında 4000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Tərəfindən hər hansı karantin rejimi qaydalarınının pozulmadığını israrla bildirməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolla razı olmadığından protokolu imza etməkdən imtina etmişdir. Həmçinin, protokol tərtib edilərkən məsul şəxs olmadığını və MMC ilə aralarında bağlanılmış 063 №li 06 iyul 2017-ci il tarixli əmək müqaviləsinə əsasən vəzifə öhdəliyinin olmadığını bildirməyinə baxmayaraq ondan əmək müqaviləsi və əmək müqaviləsinə dair bildiriş tələb etmədən, yəni səlahiyyətli şəxs olub-olmaması müəyyən edilmədən qeyri-qanuni olaraq inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs onun məsuliyyət daşıyan vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunması üçün, ilk əvvəl onun vəzifəli şəxs kimi hansı səlahiyyətlərə malik olmasını aydınlaşdırılmalı və bundan sonra onun hansı vəzifələri yerinə yetirməyi və ya lazımınca yerinə yetirməməyi müəyyən olunmalıdır. İnzibati xəta haqqında protokola onun vəzifəli şəxs kimi hansı səlahiyyətlərə malik olmasını təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir ki, bu da onun vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmasının əsassız olduğunu sübut edir. Belə ki, o, göstərilən cəmiyyətdə menecer vəzifəsində işləyir və onunla bağlanan əmək müqaviləsi və vəzifə təlimatına əsasən sanitar-gigiyena qaydalarına riayət edilməsinə nəzarət etmək onun vəzifələri sırasına daxil deyildir. Odur ki, yuxarıda qeyd olunanları, habelə qanunvericiliyin tələblərini rəhbər tutaraq, 19.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemologiya Mərkəzi» publik hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “Winter Park” otelində ("xxxx" MMC) 31 iyul 2021-ci il tarixdə sanitariyagigiyena və karantin rejimlərinin pozulması və istifadə olunmuş və təmiz yataq dəstlərinin düzgün saxlanılmaması aşkar edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və vəzifəli şəxsə 4000 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan 26.07.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X4 "xxxx" MMC-də baş menecer vəzifəsində çalışır. İş materiallarında olan oğlu "xxxx" MMC-nin vəzifə təlimatına əsasən Cəmiyyətin baş meneceri aşağıdakı vəzifələrin yerinə yetirilməsi üçün cavabdehdir: menecer müəssisənin müəyyən fəaliyyət sahəsi üzrə işləri təşkil edir; rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsini təşkil edir; tabeliyində olan işçilərin təltif edilməsi, istehsalat və əmək intizamını pozanlara intizam tənbehi verilməsi, zərurət olduqda maddi təsir tədbirləri tətbiq edilməsi barədə təkliflər verir. Həmin bölmələrin rəhbərləri ilə birgə sahənin fəaliyyət dairəsinə aid olan məsələləri müzakirə edir, onların həll edilməsi üçün tapşırıqlar verir; ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən “Winter Park” Hotel ("xxxx" MMC) barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta xətanın törədilməsi ilə bağlı protokol tərtib olunmuş və X3 vəzifəli şəxs kimi 4000 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, X4 "xxxx" MMC-də baş menecer vəzifəsində çalışır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, vəzifəli şəxslər qəbul olunmuş qaydalara riayət etmədikdə inzibati hüquqpozmanın subyekti sayılır. O qaydalara görə ki, onların yerinə yetirilməsinin təmin edilməsi həmin vəzifəli şəxslərin xidməti vəzifəsinə daxildir. Bu halda, X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemologiya Mərkəzi» publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş 19.08.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemologiya Mərkəzi» publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş 19.08.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar