Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2893/2021 14.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 27 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 27 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 17 sentyabr 2021-ci il tarixdə o, heç bir qayda pozmadığı halda DYP-nin əməkdaşı onu saxlayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O, bu barədə BPİ-nin BDYPİ-nə elektron şikayət etmiş, 29 sentyabr 2021-ci il tarixdə o, idarəyə dəvət edilmiş və ona hadisənin videogörüntüləri göstərilmişdir. Lakin həmin videogörüntüdə nə onun idarə etdiyi avtomobilinin qeydiyyat nömrəsi, nə də avtomobilinin markasını görmək mümkün olmamışdır. Həmçinin bildirmişdir ki, müşahidə kameralarının olduğu yer inzibati xəta hadisəsinin törədilmə yerindən çox uzaqda olmuşdur. Göstərilənləri nəzərə alaraq Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 27 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi H.G.Qasımov ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini və barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər BPİ-nin DYPİ-nə lazımi qaydada və telefon vasitəsilə məlumat verilsə də, Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş 07 oktyabr 2021-ci il tarixli, 3(006)-2893/2021 saylı bildirişdən görünür ki, Bakı şəhər BPİ-nin DYPİ-nə Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (08 oktyabr 2021-ci il tarixli reyestrin 11 sıra nömrəsi ilə). Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, H.G.Qasımov 17 sentyabr 2021-ci il tarixdə, saat 18:21-də ünvan 1 ünvanında idarə etdiyi “Ravon Nexia R3” minik markalı, **-PL-*** qeydiyyat nişanlı avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozmuş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, H.G.Qasımov 17 sentyabr 2021ci il tarixdə, saat 18:21-də ünvan 1 ünvanında idarə etdiyi “Ravon Nexia R3” minik markalı, **-PL-*** qeydiyyat nişanlı avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarını pozmasına görə barəsində 27 sentyabr 2021-ci il tarixdə, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu 60 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, H.G.Qasımovun barəsində Bakı şəhər BPİ DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, H.G.Qasımova istinad edilən inzibati xəta hadisəsi xüsusi texniki vasitənin köməyi ilə videogörüntü şəklində qeydə alınmışdır. Lakin həmin videogörüntü bugünədək H.G.Qasımovun elektron kabinetində yerləşdirilməmiş və ya sonuncuya hər hansı digər formada təqdim edilməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi inzibati xəta hadisəsinin mövcudluğu əks etdirən videogörüntüləri və ya səs yazıları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 27 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 27 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ DYPİ-nə göndərilməli və həmin qərar əsasında Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin Mərkəzi İnformasiya sistemində H.G.Qasımovun barəsində yerləşdirilmiş inzibati cəriməyə dəbbə pulunun hesablanması şikayətin məhkəməyə daxil olduğu 15 sentyabr 2021-ci il tarixdən dayandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 27 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə göndərilsin. Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin 27 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş X4 İdarəsinin Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cəriməyə dəbbə pulunun hesablanması şikayətin məhkəməyə daxil olduğu 30 sentyabr 2021-ci il tarixdən dayandırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2893/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2893/2021
14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver