Məhkəmə qərarları › İş №3(006)-2901/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2901/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2901/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri DYPİ-nin Yol nəqliyyat hadisələri üzrə şöbəsinin baş inspektoru, polis mayoru – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Baş Polis İdarəsinin X4 İdarəsindən daxil olmuş 25 iyul 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:10-da idarə etdiyi “Toyota Prius (Hibrid)” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri DYPİ-nin Yol nəqliyyat hadisələri üzrə şöbəsinin baş inspektoru, polis mayoru – X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:10 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsində idarə etdiyi «Toyota Prius» minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edib Bakıxanov küçəsinə çatarkən «Stop» nişanının tələblərinə riayət etmədən hərəkətini davam etdirmiş və nəticədə Bakıxanov küçəsində düzünə hərəkətdə olan «BMW» markalı, **-YP-*** dövlət nömrə nişanlı YPX-nə məxsus avtomobilin sağ tərəfi ilə toqquşmuş və qarşı tərəfin avtomobilinə maddi ziyan vurmuşdur. Həmin zaman Şəxs özünü şübhəli apardığından onun sərxoşluq vəziyyəti yoxlanılmış, sərxoş olmağı aşkar edilmişdir. Şəxs özü də izahat verərkən hadisədən əvvəl pivə içməsini etiraf etmişdir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində idarə etdiyi «Toyota Prius» minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobili M.Qaşqay küçəsi ilə idarə edərkən, həmin küçənin Bakıxanov küçəsi ilə kəsişməsində diqqətsizlik edərək «Stop» nişanının tələblərinə riayət etməyərək Bakıxanov küçəsinə daxil olarkən, həmin küçə ilə hərəkətdə olan «BMW» markalı, **-YP-*** dövlət nömrə nişanlı, YPX-nə məxsus avtomobilin sağ tərəfi ilə toqquşmuşdur, hadisə zamanı xəsarət alan olmamış, avtomobillərə maddi ziyan dəymişdir. Onu həkim yoxlanışına aparmışlar və sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, bildirərərək barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” xx.xx.2024-cü il tarixli, 2/1389 nömrəli aktdan görünür ki, həmin tarixdə saat 00:41-də Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş “Yol nəqliyyat hadisəsinin sxemi”-dən görünür ki, «Toyota Prius» minik markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomaşın «BMW» minik markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmanlığını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 15:35-dən hesablansın. Qərar inzibati həbs hissəsində dərhal icra edilsin və icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın “Şəxs yuxarıda qeyd olunan məntəqəyə təhvil veriməsi hissəsində” icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə həvalə edilsin. Şəxs barəsində tətbiq edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasına dair tənbeh tədbiri müstəqil icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar