Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2902/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, zərərçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 iştirakları ilə, xx xxxxxxx 1980-ci ildə Biləsuvar rayonu, Ağalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, 6-cı Zavod küçəsi ev 3, mənzil 12-də qeydiyyatda olan yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələri üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 31 may 2024-cü il tarixdə, saat 16:30-da Bakı şəhəri, Nəsimi rayonu, F.Əmirov küçəsində X6 tərəfindən park edilmiş “Kia Sportage” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobildən 500 manat nağd pulu gizli yolla oğurlamış və avtomobilin saxlanc yerini sındıraraq 200 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Bakı şəhər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X5 izahatında göstərmişdir ki, vətəndaş X1 RPİ-nin 22-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 31 may 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, F.Əmirov küçəsində onun tərəfindən park edilmiş “Kia Sportage” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 03 iyun 2024-cü il tarixdə yaxınlaşarkən avtomobilin elektrik naqillərində problem olduğuna görə avtomobilin qapılarının açıq qaldığını və həmin avtomobilin salonunda ayaq altında 500 manat pulun oğurlandığını, həmçinin avtomobilin saxlanc yerinin sındırıldığını qeyd etmişdir. Polis şöbəsində təhqiqatçı Ramil Sadıqov tərəfindən araşdırma aparılaraq, cinayət işinin başlanması rədd edilmiş, X4 ziyan vurmuş şəxsin Azərbaycan Respublikası İXM-nin 227 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Bundan sonra, aparılmış araşdırma nəticəsində Şəxs saxlanılmış və oğurluq etməsi ilə bağlı videogörüntülər ona təqdim edilmişdir. Şəxs əməlini etiraf etməmiş və izahat verməkdən imtina etmişdir. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, o, 31 may 2024-cü il tarixdə saat 16:30 radələrində sərxoş vəziyyətdə olduğundan həmin vaxt hər hansı avtomobildən oğurluq etməsini xatırlamır. Lakin o, inzibati xəta haqqında protokolda qeyd olunanların əksinə olaraq oğurluq etmədiyini bildirir. Bundan əlavə video görüntülərdə əks olunmuş şəxs ona bənzəsə də oğurluq əməlini o törətməmişdir. İzahatının sonunda oğurluq əməlini törətmədiyini bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 verdiyi izahatında göstərmişdir ki, o, 31 may 2024-cü il saat 16:30 radələrində Fikrət Əmirov küçəsində özünə məxsus AZ**-KS-*** dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı avtomobilini saxlayıb evə getmiş, xx.xx.2024-cü il tarixdə saat 07:20 radələrində avtomobilə yaxınlaşan zaman avtomobildə elektrik naqillərində olan problemlə əlaqədar avtomobilinin kilidinin açıq qaldığını, avtomobilin salonunda ayaq altında olan 500 manat pulunun oğurlandığını, həmçinin naməlum şəxs tərəfindən avtomobilin saxlanc yerinin sındırıldığını, nəticədə 200 manat maddi ziyan dəydiyini görmüşdür. Bundan sonra hadisə barədə DİN-nin 102 xidmətinə zəng vurmuş və Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan polis əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində əməli törədən Şəxs saxlanılmışdır. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 25 iyul 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 iyul 2024-cü il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Ramil Sadıqov tərəfindən araşdırma aparılaraq, X4 ziyan vurmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 227 və 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Məhkəmə, Bakı şəhər Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X5 tərəfindən tərtib edilmiş 25 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Çünki “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınmasına yol verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq ona 02 (iki) ay müddətinə inzibati qaydada həbs tətbiq edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 25 iyul 2024-cü il tarixdən, saat 01:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2902/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2902/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver