Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2915/2024 19.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, İnzibati protokol tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri X1 və X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndələri X6 və X5 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs MMC xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu, Ə.Hüseynzadə 74 ünvanında akkreditasiya olunmadan fəaliyyət göstərərək uyğunluq sertifikatlarını vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, ”Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış xidməti məruzəsindən görünür ki, Şəxs MMC tərəfindən akkreditasiya attestatının qüvvədə olma müddətinin bitməsinə baxmayaraq 20 iyun 2024-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək olan müddət ərzində 110 ədəd uyğunluq sertifikatının verilməsi barədə məlumatları vahid elektron informasiya sisteminə daxil edilmişdir. Buna uyğun olaraq aparılmış araşdırmalar nəticəsində fakt üzrə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsi ilə nəzərdə tutulan xəta tərkibinin mövcudluğu təsdiqini tapmışdır. İnzibati xəta tərkibinin yaranmasının əsas səbəbi akkreditasiya attestatının qüvvədə olma müddətinin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən müxtəlif şirkətlərə uyğunluq sertifikatının verilməsi olmuşdur. Bununla əlaqədar olaraq, Şəxs MMC-nin nümayəndəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə dəvət edilərək hüquq və vəzifələri izah edilmiş, bundan sonra inzibati xəta haqqında protokol tərtib edilərək surəti barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinə təqdim edilmişdir. Şəxs MMC-nin nümayəndəsi izahatında 110 ədəd uyğunluq sertifikatının verilməsini təsdiq etmiş, lakin buna görə akkreditasiya attestatının qüvvədə olmasına ehtiyac olmadığını bildirərək etiraz etmişdir. Akkreditasiya haqqında qanunvericiliyin tələblərinə görə qurumlar ancaq attestatiya nişanını aldıqdan sonra uyğunluq sertifikatının verilməsini təmiin edə bilər. Göründüyü kimi, akkreditasiya müddəti 14 iyun 2024-cü il tarixdə bitməsinə baxmayaraq, 20 iyun 2024-cü il tarixdən 28 iyun 2024cü il tarixədək Şəxs MMC tərəfindən müxtəlif şirkətlərə uyğunluq sertifikatı verilmişdir. Şəxs MMC tərəfindən hələ də akkreditasiya attestatının qüvvədə olma müddətinin keçməsinə baxmayaraq həmin müddətinin artırılmasına dair müraciətlər edilməmişdir ki, bu da həmin şirkətin analoji inzibati xəta tərkibini yaradan fəaliyyətini hal-hazırda davam etdirməsinə ciddi şübhələr yaradır. Şəxs MMC tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən Akkreditasiya attestatı verildiyi tarixdən 3 il müddətində etibarlı olması nəzərə alınmalı və 20 iyun 2024-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək uyğunluq sertifikatının verilməsinə dair fəaliyyəti davam etdirilməməli idi. İzahatının sonunda inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirərək Şəxs MMC barəsində inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMCnin nümayəndəsi X6 yazılı etiraz təqdim edib ona uyğun izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Şəxs barəsində 22 iyul 2024-cü il tarixli, MN 15311400 saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Dövlət Xidməti tərəfindən protokol “Azərbaycan Akkreditasiya Mərkəzi” X9 3 iyul 2024-cü il tarixli məktubu əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı tərtib edilmişdir. Faktlara və hallara əsasən inzibati xəta hadisəsinin və inzibati xətanın tərkibinin olmadığını nəzərə alaraq icraata xitam verilməlidir. “Azərbaycan Akkreditasiya Mərkəzi” X9 tərəfindən "xxxx" MMC-yə 14 iyun 2021-ci il tarixli AZ 02.0533.02.21 saylı akkreditasiya attestatı verilmişdir. "xxxx" MMC tərəfindən 01 may 2024-cü il tarixli 3-27-111/2-1823/2024 nömrəli məktubla 14 iyun 2024cü il tarixində bitən akkreditasiya attestatının AZS İSO/İEC 17065:2021 “Uyğunluğun qiymətləndirilməsi: məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” standartına uyğun yenilənməsi ilə bağlı müvafiq olaraq “Azərbaycan Akkreditasiya Mərkəzi” X10 müraciət ünvanlanmışdır. 1 may 2024-cü il tarixli müraciətə cavab olaraq “Azərbaycan Akkreditasiya Mərkəzi” X13 tərəfindən 11 iyun 2024cü il tarixli, 3-21-1/2-971/2024 nömrəli məktubla “Müraciətə baxılma müddətinin axımının dayandırılması haqqında” “Azərbaycan Akkreditasiya Mərkəzi” X9 10 iyun 2024-cü il tarixli, 24.053MAD 4 nömrəli Qərarı göndərilmişdir. Qərara əsasən, “Azərbaycan Akkreditasiya Mərkəzi” X9 akkreditasiya prosesinin davam etdirmək üçün resurslarının olmadığı, "xxxx" MMC Sertifikatlaşma şöbəsinin akkreditasiya olunmasına dair müraciətin baxılma müddətinin axımı dayandırıldığı qeyd edilir. Bundan sonra Dövlət Xidməti tərəfindən “Azərbaycan Akkreditasiya Mərkəzi” X9 3 iyul 2024-cü il tarixli məktubuna istinad edərək "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi haqqında 22 iyul 2024-cü il tarixli, MN 15311400 saylı protokol tərtib edilmişdir. “Lisenziyalar və icazələr haqqında” Qanununa 3 nömrəli əlavədə qeyd olunan “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 44-cü bəndinə əsasən uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan akkreditasiya attestatı tələb olunur. “Lisenziyalar və icazələr haqqında” Qanunun 1.0.7-ci və 22.1-ci maddələrinə əsasən icazə (akkreditasiya attestatı) müddətli verilə bilər və “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən Akkreditasiya attestatı verildiyi tarixdən 3 il müddətində etibarlıdır. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunda sadəcə icazənin (akkreditasiya attestatı) müddəti göstərilir. İcazənin (akkreditasiya attestatı) müddəti bitdikdən sonra icazə sahibinin icazə uzatma niyyəti ilə və icazənin uzadılma prosesi barədə tənzimləmə “Lisenziyalar və icazələr haqqında” Qanunda nəzərdə tutulur. “Lisenziyalar və icazələr haqqında” Qanunun 23.1.4-cü maddəsinə əsasən icazənin sahibi icazənin müddətinin uzadılması ilə bağlı icazə verən orqana müraciət etdikdə icazə yenidən rəsmiləşdirilir. “Lisenziyalar və icazələr haqqında” Qanunun 23.5-ci maddəsinə əsasən icazənin sahibi icazədə göstərilmiş hərəkətin yerinə yetirilməsini onun müddətinin bitməsindən sonra da davam etdirmək istədikdə, icazənin müddətinin bitməsinə ən azı 30 gün qalmış icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün icazə verən orqana ərizə ilə müraciət etməlidir. "xxxx" MMC 14 iyun 2024-cü il tarixində bitəcək icazənin (akkreditasiya attestatının) müddətinin uzadılması üçün 01 may 2024-cü il tarixində, yəni icazə müddətinin bitməsinə 43 gün qalmış müraciət etmişdir. “Lisenziyalar və icazələr haqqında” Qanunun 23.9-cu maddəsinə əsəsən lisenziyanın və icazənin yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın (icazənin) sahibi və ya onun hüquqi varisi öz fəaliyyətini lisenziya və icazə verən orqana təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir. “Azərbaycan Akkreditasiya Mərkəzi” X13 tərəfindən müddətinin axımının dayandırılması hüquqa ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar uyğunluğu qiymətləndirən malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlara şamil olunur. Qaydaların 3-cü hissəsinə əsasən uyğunluğu qiymətləndirən qurum akkreditasiyanın aparılması üçün zəruri olan sənədləri əlavə etməklə akkreditasiya orqanına kağız üzərində yazılı və ya elektron formada müraciət edir. Qaydaların 3.5-ci bəndinə əsasən akkreditasiya barədə müraciət akkreditasiya orqanına təqdim edildiyi gün qeydiyyata alınaraq 10 (on) iş günündən çox olmayan müddətdə araşdırılır. Həmin bəndə əsasən, akkreditasiya orqanı tərəfindən müraciətə baxılma müddətinin axımının dayandırılması haqqında qərar yalnız Bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunmadıqda qəbul edilir. “Azərbaycan Akkreditasiya Mərkəzi” X9 10 iyun 2024-cü il tarixli, 24.053-MAD nömrəli Qərarı ilə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, yəni “Azərbaycan Akkreditasiya Mərkəzi” X9 akkreditasiya prosesinin davam etdirmək üçün resurslarının olmadığı əsası ilə qəbul edilmişdir. İnzibati xəta haqqında protokolun tərtib edilməsi qaydaları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsində əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən isə inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə inzibati araşdırma aparılır. İnzibati araşdırma aparılması zərurəti Məcəllənin 102.1-ci maddəsində qeyd edilir və inzibati araşdırma aparılması Məcəllənin 538-1.1-ci maddəsində nəzərdə tutulan xəta ilə bağlı inzibati araşdırma aparılmasının zərurəti qeyd edilməmişdir. Ehtimal daxilində inzibati xətanın mövcudluğu qəbul edilsə idi belə, Dövlət Xidməti tərəfindən inzibati xəta protokol İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla tərtib edilmişdir. İşin faktiki hallarından və hüquqi əsaslandırmadan göründüyü kimi, "xxxx" MMC tərəfindən uyğunluğun qiymətləndirilməsi fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Qanunun 23-cü maddəsinin tələblərinə uyğun olaraq tam hüquqi əsasla davam etdirilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən inzibati xəta haqqında protokol inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadan tərtib edilmişdir. Bu baxımdan inzibati xəta haqqında protokol ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan ”Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ-nin baş direktorunun müavini Emin Zeynalov tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənova ünvanlanmış xidməti məruzəsindən görünür ki, Şəxs MMC tərəfindən akkreditasiya attestatının qüvvədə olma müddətinin bitməsinə baxmayaraq 20 iyun 2024-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək olan müddət ərzində 110 ədəd uyğunluq sertifikatının verilməsi barədə məlumatların vahid elektron informasiya sisteminə daxil edildiyi müəyyən olunmuşdur. İş materiallarında olan MN ******* nömrəli, 22 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs MMC akkreditasiya olunmadan malların sertifikatlaşdırılması fəaliyyətini həyata keçirmişdir. İş materiallarında olan Şəxs MMC tərəfindən 20 iyun 2024-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək müxtəlif şirkətlərə verilmiş sertifikatlardan görünür ki, həmin sertifikatlarla müxtəlif şirkətlərə uyğunluq sertifikatları verilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın tərəflərinin izahatlarını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs MMC Azərbaycan Respublikasında akkreditasiyadan keçmədən fəaliyyət göstərmişdir. Bu hal iş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən 20 iyun 2024-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək müxtəlif şirkətlərə verilmiş uyğunluq sertifikatları ilə öz təsdiqini tapır. Halbuki, “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinə əsasən uyğunluğun könüllü qiymətləndirilməsi üçün mal (iş, xidmət), onunla əlaqəli proses (o cümlədən idarəetmə sistemi), istehsal metodu, ilk növbədə, texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır. Texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə, uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma yolu ilə həyata keçirilir. Sertifikatlaşdırma sifarişçinin təşəbbüsü ilə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təmin edilir və bu barədə uyğunluq sertifikatı verilir. Digər tərəfdən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi-malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya (bundan sonra - akkreditasiya) - qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurummalın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslərdir. Həmin Qanunun 1.0.6-cı maddəsinə əsasən akkreditasiya attestatı - uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənədidir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurum fəaliyyətində bu qanunun, akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin tələblərinə əməl etməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum öz fəaliyyətində bu qanunun tələblərini ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik baş verdiyi hallarda müvafiq qərarın qəbul edilməsi üçün akkreditasiya orqanını dərhal məlumatlandırmalıdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə, akkreditasiya orqanı tərəfindən akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilir və quruma nöqsanların aradan qaldırılması üçün müddət təyin edilməklə, yazılı bildiriş təqdim olunur (göndərilir). Həmin Qanunun 10.3-cü maddəsinə əsasən nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması, nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi üçün əsasdır. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları,inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2915/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2915/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver