Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2917/2025 19.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X1, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ DYPİ tərəfindən İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, İXP ******* saylı protokolda göstərilən qayda pozuntusu qanunsuz yazılmışdır. Belə ki, məcburedici nişanda düz və sağa dönmək göstərilmişdir və həmin nişana da tam əməl edilmişdir. Yerdə göstərilən nişana gəldikdə tıxacda yerdəki nişanı görmək qeyri-mümkündür. Görmədiyi nişana necə əməl edə bilər. Öncə nişanı görməlidir ki, ona da əməl etsin. Yol polisi əməkdaşı X3 vəziyyəti düzgün qiymətləndirməmiş və qanunsuz protokol tərtib etmişdir. Yuxarıda nişanların göstərildiyini bildirmişdir. Həmin əməkdaş görünür bilmir ki, dördkünc nişanlar məcburi deyildir, yalnız nizamlayıcıdır və həmin nişanlara əməl etmək məcburiyyəti yoxdur. Video materiallar tam düzgün araşdırılsa həmin yol polisi əməkdaşının qanunsuz və qərəzli hərəkətləri müəyyən ediləcəkdir. Protokolda protokolun tərtib edilmə saatı 13:39 göstərilmişdir, lakin o, polis əməkdaşı tərəfindən daha xeyli əvvəl saxlanılmışdır. Həmin əməkdaş onu kifayət qədər lüzumsuz yerə saxlayaraq, gedəcəyi yerə gecikməyinə səbəbiyyət verməyə çalışmışdır. Halbuki, həmin protokolun tərtib olunub ona təqdim edilməsi 3-5 dəqiqəlik zaman ərzində mümkün idi. Görünür, onun qərar deyil, protokol tələb etməsi və məhkəməyə müraciət edəciyini bildirməyi polis əməkdaşının xoşuna gəlməmişdir. Halbuki, ona həmin hüquqları izah etmək polis əməkdaşının birbaşa vəzifəsi olmasına baxmayaraq, ona hüquqları barədə izah verməmiş və qanunsuz protokolu tərtib etmişdir. Ona görə də həmin qanunsuz protokola xitam verilməlidir. Göstərilənlərə əsasən Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 yuxarıda göstərilən məzmunda izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, polis kiçik serjantı X3 tərəfindən barəsində tərtib edilmiş İXP ******* saylı protokol qanunauyğun tərtib edilməmişdir. Belə ki, protokolda hansı yol hərəkəti nişanının tələblərini pozduğu göstərilməmişdir. Protokolda göstərilən 327.1 yol nişanının tələblərinin pozulduğu göstərilmişdir ki, “Yol hərəkəti haqqında” Qanunda belə bir nişan növü yoxdur. Olmayan nişanı necə poza bilər. Əgər həmin ərazidə faktiki olan yol nişanlarına nəzər yetirilsə görünər ki, yolda nişanlanma da “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqdadır. Belə ki, yolda quraşdırılmış nişanlar “Yol hərəkəti haqqında” Qanunda nəzərdə tutulan nişanlarla ziddiyyət təşkil edir, lakin tək nişan olaraq düzünə və sağa dönməyə icazə verən dairəvi nişan “Yol hərəkəti haqqında” Qanuna uyğundur. Tərəfindən də həmin nişanın tələblərinə tam əməl edilmişdir. Göründüyü kimi tərəfindən hər hansı məcburedici nişanın tələbi pozulmamışdır. Ona görə də polis kiçik serjantı X3 tərəfindən barəsində tərtib edilmiş İXP ******* saylı protokolda hansı nişanı pozmağı göstərilməsi qeyri-mümkündür. Belə olan halda protokolun düzgün tərtib edilməməsi və qayda pozuntusunun olmaması artıq hamıya bəlli olan haldır. Hamıya bəlli olan halın da sübuta ehtiyacı yoxdur. Protokolun qanunsuz və qanuna uyğun tərtib edilməməsi hər biri ayrılıqda və ya birlikdə həmin protokolun etibarsız sayılması və icraatına xitam verilməsi üçün əsasdır. Butün bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, barəsində qərar çıxarılmış X2 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Belə ki, X5 xx.xx.2025-ci il tarixdə 28 May küçəsində idarə etdiyi “X9” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsində nəzərdə tutulan nişanlanma xətlərinin tələbinə riayət etməmiş, həmin nişanlanma xətləri yuxarıda quraşdırılmış 5.8.1, 5.8.2 nişanları ilə işarələnmiş həmin nişanlar yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin yerləşdirilməsi və xətlər üzrə təşkil olunması barədə xəbərdar olunsa da sürücü X5 hərəkətini 28 May küçəsi ilə orta cərgə ilə düzünə davam etdirmiş, bu zaman “Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsinin tələbinə uyğun olaraq Bakı şəhər DYPİ-nin Müşayiət-Eskort bölüyünün YPX inspektoru polis kiçik serjantı X3 “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 1-ci bəndinin 12-ci hissəsini rəhbər tutaraq işarə verməklə sürücünü dayandırmış və özünü təqdim edərək sürücüdənn sənədlərini təqdim etməsini xahiş etmiş, sürücü X5 orada hay-küy salmış, polis əməkdaşını təhqir etmişdir. X5 “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin tələbini pozduğu üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, inzibati həbsdən azad olduqdan sonra Bakı şəhər DYPİ-nə dəvət olunmuş, ona hüquq və vəzifələri izah olunmuş və inzibati xəta hadisəsinin videogörüntüləri təqdim olunmuş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edirlər ki, tərtib olunmuş qərar qanuni və əsaslıdır. Göstərilənləri nəzərə alaraq barəsində qərar çıxarılmış şəxs X2 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən X2 barəsində qəbul edimiş xx.xx.2025ci il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol patrul xidməti inspektoru, polis kiçik serjantı X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində xidmət apararkən vətəndaş X2 idarə etdiyi avtomobili “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin tələbini pozduğuna görə saxlamış, yaxınlaşıb qayda pozuntusu etdiyini izah etməyə çalışarkən vətəndaş hiddətlənərək heç bir qaydanı pozmadığını iddia etmişdir. Qayda pozuntusu aşkar olunduğuna görə tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə tərəfləri dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 13:39-da idarə etdiyi “X9” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini əks etdirən diskə baxış zamanı X5 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X5 barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2917/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2917/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver