Məhkəmə qərarları › İş №3(006)-2919/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2919/2021

29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2919/2021 29.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Mərkəzi Bankın tərtib etmiş: nümayəndəsi X8 oğlunun Barəsində inzibati xəta haqqında Şəxs MMC-nin nümayəndəsi iş üzrə icraat aparılan şəxs: X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Cavad xan küçəsi, ev 18, m.54, qanuni təmsiliçisi: X7; VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 24.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC 40.000,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 23.08.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X4 izahatında göstərdi ki, 24.08.2021-ci ildə "xxxx" QSC tərəfindən Mərkəzi Banka bir sıra müştərilərin xarici valyutada olan vəsaitlərini bank hesablarından müvafiq rekvizitlər üzrə köçürməklə malların idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödənilmiş vəsaitin geri göndərilmədiyi nəzərə alınmaqla qabaqcadan ödəniş əməliyyatlarına dair sənədlər təqdim olunmuşdur. Həmin sənədlərə əsasən Şəxs MMC 23.08.2019-cu il tarixdə 40.000,00 ABŞ dolları məbləğində vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait müqabilində müvafiq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, avans yolu ilə ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Bu səbəbdən də MMC barəsində müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Lakin məhkəməyə təqdim olunmuş gömrük bəyannamələrinə görə qeyd olunan vəsait hesabına alınan malların qanunvericiliklə müəyyən edilmiş vaxtda ölkəyə idxal olunması təsdiq olunur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X5 izahat verərək göstərdi ki, cəmiyyətlə Türkiyədə yerləşən “X2 San. ve Tic. LTD” şirkəti arasında bağlanılmış 30.08.2018-ci il tarixli müqaviləyə əsasən MMC-nin ünvanına 27.12.2018-ci il tarixdə 62.314,52 ABŞ dolları dəyərində “Predo” markalı uşaq bezləri göndərilmişdir. Mallar alındıqdan sonra cəmiyyət tərəfindən həmin şirkətin hesabına 16.08.2019-cu il tarixli, İHR**********237 saylı invoys üzrə 40.000,00 ABŞ dolları dəyərində pul köçürülmüşdür. Bununla bağlı təqdim edilmiş gömrük bəyannamələrinin üzərində bank tərəfindən müvafiq qeydlər aparılmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Təqdim edilmiş materiallardan görünür ki:  "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş 24.08.2021-ci il tarixli məktubda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda Şəxs MMC-nin 23.08.2019-cu il tarixdə 40.000,00 ABŞ dolları göndərildiyi qeyd olunmuşdur; - Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən 23.08.2019-cu il tarixdə Türkiyədə yerləşən “X2 San. ve Tic. LTD” şirkətinin hesabına 30.08.2018-ci il müqavilə üzrə 40.000,00 ABŞ dolları pul köçürülmüşdür; - 30.08.2018-ci il tarixdə Şəxs MMC ilə “X2 San. ve Tic. LTD” şirkəti arasında aqentlik müqaviləsi imzalanmışdır; - “X2 San. ve Tic. LTD” şirkəti tərəfindən verilmiş 16.08.2019-cu il tarixli, İHR**********237 saylı invoysa əsasən Şəxs MMC üçün nəzərdə tutulmuş “Predo” markalı uşaq bezlərinin dəyəri 40.000,00 ABŞ dolları təşkil edir; - 01181000292324 və **********0986saylı yük gömrük bəyannamələrinə görə “X2 San. ve Tic. LTD” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına göndərilmiş “Predo” markalı uşaq bezləri (30.08.2018-ci il tarixli müqavilə üzrə) müvafiq olaraq 11.12.2018 və 27.12.2018-ci il tarixlərdə ölkəyə idxal edilmiş, bu barədə bank tərəfindən həmin sənədlər üzərində müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X6 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs MMC 23.08.2019-cu il tarixdə Türkiyədə yerləşən “X2 San. ve Tic. LTD” şirkətinin hesabına göndərdiyi 40.000,00 ABŞ dolları məbləğində xarici valyutada vəsait hesabına alınan mallar hələ həmin köçürmədən əvvəl ölkəyə idxal olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar