Məhkəmə qərarları › İş №3(006)-2927/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2927/2021

01.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2927/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1978-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-2987/2014 saylı, 17 iyun 2014-cü il tarixli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-2987/2014 nömrəli, 17 iyun 2014-cü il tarixli icra sənədi barədə xəbərdar olmuş və əvvəllər aliment üzrə ödənişləri vaxtında ödəmişdir. Lakin sonradan maddi imkanı yaxşı olmadığından və həmçinin işləmədiyi üçün aliment üzrə ödənişləri qətnamədə göstərildiyi məbləğdə yəni, 300 manat deyil, hər ay 70-80 manat civarında ödəyə bilmişdir. Hal-hazırda o, fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur və aylıq qazancı aliment üzrə ödənişləri tam olaraq ödəmək üçün yetərli deyil. Buna baxmayaraq, idarə etdiyi avtomobilin lizinq müqaviləsi üzrə ödənişlərini tam olaraq ödədikdən sonra həmin avtomobili sataraq, aliment üzrə ödənişi tam olaraq ödəmək imkanına malik olacaqdır. Bundan başqa, uşağının xəstə olduğu dövrdə birdəfəlik 500 manat ödəniş etmiş, həmçinin sentyabr ayında məktəblərin açılması ilə əlaqədar müəyyən məbləğdə vəsaiti tələbkara vermişdir. O, heç zaman alimenti ödəməkdən boyun qaçırmamış, sadəcə olaraq maddi imkanı onu vaxtı-vaxtında alimenti ödəməyə imkan verməmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-2987/2014 saylı, 17 iyun 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 2014-cü ilin aprel ayından başlayaraq, 06.11.2002-ci il təvəllüdlü X5, 18 sentyabr 2004-cü il təvəllüdlü X1 və 18 sentyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin qətnamə qanuni qüvvəsində aldıqdan sonra aliment üzrə ona ödənişlər vaxtında verilməmiş, yalnız az bir miqdarda məbləğ ona ödənilmişdir. Buna görə də ödənilməmiş aliment borcu 8700 manat olmuşdur. Uşaqlarının maddi ehtiyaclarını qarşılamaq ona çətin olduğundan aliment üzrə ödənişlərin hər ay vaxtında ödənilməsini, həmçinin yaranmış borc məbləğinin birdəfəlik ona verilməsini istəyir. Hal-hazırda Şəxs qarşı şikayətçi olduğundan, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X7 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-2987/2014 saylı, 17 iyun 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 2014-cü ilin aprel ayından başlayaraq, 06.11.2002-ci il təvəllüdlü X5, 18 sentyabr 2004-cü il təvəllüdlü X1 və 18 sentyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. 23 aprel 2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada icrasının təmin edilməsi üçün borclunun ünvanına bildiriş göndərilmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən tələbkara pul tam olaraq ödənilməmiş və barəsində 01.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tələbkar isə borcun tam olaraq ödənilməsini tələb edir. Sonda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-2987/2014-008 saylı, 17 iyun 2014-cü il tarixli icra sənədinə əsasən Şəxs 2014-cü ilin aprel ayından başlayaraq, 06.11.2002-ci il təvəllüdlü X5, 18 sentyabr 2004-cü il təvəllüdlü X1 və 18 sentyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Şəxs aliment üzrə ayrı-ayrı vaxtlarda qismən ödənişlər etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar