Məhkəmə qərarları › İş №3(006)-2928/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2928/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2928/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi və vəkili (Bakı şəhəri 14 saylı Vəkil Bürosu) X1 iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 111, mənzil 77-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-315/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 16(006)-315/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi barədə xəbərdar olmuş, lakin onun qərəzli olaraq icra məmurunun qanuni tələbindən yayınmaq niyyəti olmamışdır. Belə ki, 19 iyul 2024-cü il tarixdə icra şöbəsinə yaxınlaşaraq uşağının xəstə olduğunu və əməliyyat zərurətinin olduğunu bildirmişdir. Belə ki, uşağa ilkin olaraq pediatr həkim tərəfindən baxış keçirilmiş, o da əməliyyat zərurətinin olduğunu bildirmişdir. Bundan sonra uşaq əməliyyat olunmuş və bu barədə tibbi sənədlər məhkəməyə təqdim edilmişdir. Hətta uşağın əməliyyatına görə o, müəyyən müddət işdən azad olunmuş və onun barəsində bülleten açılmışdır. Lakin uşağın səhhəti normallaşdıqdan sonra o, icra sənədi üzrə uşaqla X10 görürüşünə maneə yaratmayacaqdır. Göründüyü kimi, icra sənədinin 20 və 21 iyul ayı tarixlərində icra olunmaması üzürlü səbəblərdən olmuşdur. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-315/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X10 övladı xx.xx.2017-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan saat 16:00-dək kənar şəxslərin iştirakı olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq hüququna Şəxs tərəfindən edilən maneələrin aradan qaldırılması qərara alınmışdır. İcra məmuru tərəfindən heç bir əsas olmadan Şəxs barəsində məcburi gətirmə qərarı verilmişdir. Halbuki, Şəxs icra məmurunun tələbinə riyaət edərək 19 iyul tarixində icra şöbəsinə gəlmişdir. X13 ilə uşağın görüşünə heç bir maneə yaradılmasa da, uşağın əməliyyat olunması səbəbindən onların görüşünün müəyyən edilmiş tarixlərdə baş tutması mümkünsüz olmuşdur. Ümumiyyətlə, X13 uşağın onda olduğu dövrlərdə Şəxs ilə görüşünə sünu maneələri dəfələrlə yaratmışdır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-315/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən onun övladı xx.xx.2017-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan saat 16:00-dək kənar şəxslərin iştirakı olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq hüququna Şəxs tərəfindən edilən maneələrin aradan qaldırılması qərara alınmışdır. 19 iyul 2024-cü il tarixdə Şəxs Nəsimi rayon İcra Şöbəsinə gələrək icra sənədi ilə tanış olmuş və növbəti gün onunla uşağının görüşünə maneə yaratmayacağını bildirmişdir. Lakin 20 iyul 2024-cü il tarixdə icra məmuru ona uşağın xəstə olduğunu bildirdiyinə görə uşaqla görüşünün həmin gün və 21 iyul 2024-cü il tarixdə mümkünsüz olduğunu bildirmişdir. Bundan sonra görüşün baş tutmaması səbəbindən akt tərtib olunmuşdur. Halbuki onun uşağı xəstə olmamış və keçmiş arvadı tərəfindən bəhanə edilərək onun övladı ilə görüşünə maneə yaradılmışdır. Övladı onunla birlikdə olduğu dövrlərdə o, uşağın anası ilə görüşünə maneələr yaratmamışdır. Hal-hazırda şikayətçi olduğunu bildirərək inzibati tənbeh tədbirinin qəbul edilməsinə dair qərarın qəbul edilməsini xahiş edir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X7 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-315/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X10 övladı xx.xx.2017-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan saat 16:00-dək kənar şəxslərin iştirakı olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq hüququna Şəxs tərəfindən edilən maneələrin aradan qaldırılması qərara alınmışdır. İcraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada icrasının təmin edilməsi üçün borcluya 19 iyul 2024-cü il tarixdə təqdim edilmişdir. Lakin Şəxs tərəfindən icra sənədi icra edilməmişdir. Belə ki, borclu telefonla məlumat verərək uşağın xəstə olduğunu və sağalacağı tarixədək X10 övladı ilə görüşünün mümkün olmaycağını bildirmişdir. Lakin 17 avqust 2024-cü il tarixdə icra sənədinin vaxtının bitməsi nəzərə alınaraq, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-315/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X10 övladı xx.xx.2017-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan saat 16:00-dək kənar şəxslərin iştirakı olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq hüququna Şəxs tərəfindən edilən maneələrin aradan qaldırılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X4 tərəfindən möhürlə təsdiq olunmuş epikrizindən görünür ki, X12 müayinə olunmuş və 25 iyul 2024-cü il tarixdə ümumi anesteziya ilə cərrahi əməliyyat aparılmışdır. X6 2 həftə məktəb (uşaq baxçası) dərslərdən və bir ay idman dərsindən azad edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan ******* və ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, Şəxs 20-23 iyul və 25-27 iyul tarixlərində uşağı X8 xəstəliyinə görə işdən azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və onun nümayəndəsinin, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə, Azərbaycan Tibb Universitetinin X4 tərəfindən möhürlə təsdiq olunmuş epikrizindən və əmək qabiliyyətinin olmaması vərəqələrindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 16(006)-315/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin üzürlü səbəblərdən icra edilməməsi müəyyən edilmişdir. İcra vərəqəsi Nəsimi rayon İcra Şöbəsinə daxil olduğu vaxtdan borclu icra şöbəsinə dəvət edilərək izahatı alınmışdır ki, belə olan halda şəxsin üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi X6 xəstəliyi ilə əlaqədardır. Buna baxmayaraq Şəxs övladının müalicəsi görüşə imkan verəcəyi təqdirdə X13 ilə görüşünə maneələr yaratmayacağını və heç bir qərəzinin olmadığını məhkəmə iclasında bildirmişdir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən proses iştirakçılarının izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi icraya yönəlməsindən müəyyən müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikasının “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da, onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar