Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2934/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin böyük məsləhətçisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tərtib olunan MN ******* nömrəli, 29 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Nəsimi rayon Məhkəməsinə daxil olmuşdur. X2 Bakı regional bölməsinin inzibati xəta haqqında MN ******* nömrəli, 29 sentyabr 2021-ci il tarixli protokoluna görə Şəxs MMC ölkəyə idxal etdiyi qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan satmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin böyük məsləhətçisi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs MMC 18.03.2021-ci il tarixdə ölkəyə idxal olunmuş qida məhsullarının sertifikatlaşdırılması barədə Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinə müraciət etmişdir. Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsi üçün 22.06.2021-ci il tarixdə X1 İnformasiya sistemi üzərindən ərizəçinin şəxsi kabinetinə ödəniş bildirişi göndərilmişdir. Lakin ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsinə dair müvafiq qəbz Agentliyə təqdim edilmədiyindən idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilmişdir. Şəxs MMC-yə 16.07.2021-ci il tarixli bildiriş göndərilərək ölkəyə idxal olunmuş qida məhsulları partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatların 17.08.2021-ci il tarixədək Agentliyin Bakı regional bölməsinə təqdim edilməsi xahiş edilmiş, həmin müddət ərzində məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi bildirilmişdir. Lakin Şəxs MMC tərəfindən həmin məhsullar barəsində hər-hansı bir məlumat verilməmişdir. Agengtliyin səlahiyyətli nümayəndəli tərəfindən qida məhsullarının saxlanıldığı ünvana baxış keçirtmək məqsədi ilə gedilmiş, lakin anbarda məhsul partiyası aşkar olunmamışdır. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, barələrində tərtib olunmuş protokol əsassızdır. Belə ki, o, 15 mart 2021-ci il tarixdə Rusiyadan Azərbaycana az miqdarda kolbasa məhsulu idxal etmiş, balaca bir dükan almışdır. 16 mart 2021-ci il tarixdə həmin məhsullarının sertifikatlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinə müraciət etmişdir. Müraciətində məhsulların saxlama müddətinin 30 gün olduğunu bildirmiş və bu səbəbdən prosesin tezləşdirilməsini xahiş etmişdir. 16 iyul 2021-ci il tarixdə isə Agentlik ona ödəniş etməməsi ilə bağlı məktub göndərmişdir. Bu müddətdə artıq kolbasa məhsullarının 30 günlük saxlama müddəti bitmişdir. Beləliklə də, onun 4000 manatlıq malı istifadəyə yarasız hala düşmüş, ona maddi ziyan dəymişdir. O həmin məhsulları satmamışdır. Məhsulları ona dəymiş zərəri sübut etmək üçün qohumunun evində soyuducuda saxlayır. Göstərilənləri nəzərə alaraq məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının X2 Bakı regional bölməsi tərəfindən qəbul edilmiş 16.07.2021-ci il tarixli qərardan görünür ki, Şəxs MMC-nin 18.03.2021-ci il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilmişdir; - Azərbaycan Respublikasının X2 Bakı regional bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 16.07.2021-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC-nin ölkəyə idxal olunmuş qida məhsullarının sertifikatlaşdırılması barədə olan 18.03.2021-ci il tarixli, İD********** nömrəli müraciətinə Azərbaycan Respublikasının X2 Bakı regional bölməsində baxılmışdır. Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsi üçün X1 İnformasiya sistemi üzərindən şəxsi kabinetə ödəniş bildirişi göndərilmiş, lakin dövlət rüsumunun ödənilməsinə dair müvafiq qəbz Agentliyə təqdim edilməmişdir. MMC-dən müraciəti əsasında ölkəyə idxal olunmuş qida məhsulları partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatların 17.08.2021-ci il tarixədək Agentliyin Bakı regional bölməsinə təqdim edilməsi xahiş edilmiş, qeyd olunan müddət ərzində məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi və inzibati icraata başlanılacağı bildirilmişdir; - Azərbaycan Respublikasının X2 Bakı regional bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 17.08.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə bildirişdən görünür ki, Şəxs MMC-nin səlahiyyətli şəxsinin 29.09.2021-ci il tarixdə saat 11:00-da Agentliyin Bakı regional bölməsinə gəlməsinin zəruri olduğu qeyd edilmişdir; - Azərbaycan Respublikasının X2 Bakı regional bölməsinin böyük məsləhətçisi Nəsib Qasımov və məsləhətçisi Anar Zeynalov tərəfindən tərtib edilmiş 22.10.2021-ci il tarixli aktdan görünür ki, Şəxs MMC tərəfindən 18.03.2021-ci il tarixli, İD********** nömrəli müraciət əsasında idxal olunmuş qida məhsulunun saxlandığı anbara baxış keçirtmək mümkün olmamış, şirkətlə əlaqə saxlanılarkən baxışda iştirak etməkdən imtina olunmuş və məhsul partiyasının digər ünvana daşındığı bildirilmiş, oraya baxış keçirmək üçün şərait yaradılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs MMC tərəfindən istehlakçıların hüquqlarının pozulması, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2934/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2934/2021
27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver