Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2936/2021 02.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞnin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən 30 sentyabr 2021-ci il tarixdə, saat 23:00-da Nəsimi rayonu, Bül-Bül prospekti, 16 ünvanında yerləşən “BOSS” klubunun icarədarı, vəzifəli şəxs Şəxs klubu işlədərək karantin qaydalarını pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi və çıxışında bildirdi ki, həmin obyekt əyləncə məkanı olmaqla, yalnız 01 oktyabr 2021-ci il tarixdən fəaliyyət göstərə bilərdi. Bundan əlavə, məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, yoxlama aparılan zaman məkanda işçilər daxil olmaqla, 50 nəfərdən artıq insan olmamış, həmçinin işçilərin və hər bir müştərinin “Covid-19” pasportu mövcud olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 16 ünvanında yerləşən “BOSS Lounge” adlı obyektin cari ildən icarədarıdır. Orada işləyən işçilər daxil olmaqla, hər kəs “Covid-19” əleyhinə vaksin olunmuş və buna dair pasportları da mövcuddur. Bundan əlavə icarədarı olduğu məkan AR Nazirlər Kabinetinin müvafiq qərarına əsasən saat 24:00-a kimi fəaliyyət göstərir. 30 sentyabr 2021-ci il tarixdə, təxminən saat 22:10 radələrində BŞBPİ-nin əməkdaşları kimi 4 nəfər mülki geyimli şəxslər karantin qaydalarının yoxlanılması məqsədilə obyektə daxil olmuş və Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşlarını dəvət etmişlər. Çəkiliş zamanı da, sosial məsafə saxlanılmış, ara məsafə qorunmuşdur. Müştərilərdən bir neçə nəfər isə oyun meydanı olmadığından, hər biri əyləşdiyi masada oynayırdı. Məkana daxil olan zaman hər bir müştərinin girişdə ilk öncə “Covid-19” pasportu yoxlanılır və yalnız bundan sonra, müştərinin məkana daxil olmasına icazə verilir. Qeyd edir ki, yoxlama aparılan zaman da, işçilər daxil olmaqla, məkanda 50-yə yaxın insan olmuş və hər birinin “Covid-19” pasportu mövcud olmuşdur. Həmçinin karantin qaydalarına uyğun olaraq müştərilər arasında sosial məsafənin saxlanılması məqsədilə masalar buna uyğun olaraq yerləşdirilmişdir. Onun işlətdiyi obyektdə karantin qaydalarının pozulmasına yol verilməmiş və obyekt həmin qaydalara uyğun olaraq fəaliyyət göstərir. Bundan əlavə Şəxs bildirdi ki, özü keçmiş polis işçisidir. Azərbaycan Respublikası Qanunlarına hörmətlə yanaşır və bu günədək heç bir qanunsuz hərəkəti olmamışdır. Hər iki oğlu vətən uğrunda ikinci “Qarabağ müharibəsi”ndə iştirak etmiş, müxtəlif medallarla təltif edilmiş, hər ikisi də, müharibə veteranlarıdır. Belə ki, oğlu Ceyhun Şahbazov müharibə zamanı Müdafiə Nazirliyinin N saylı hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmiş, vətənə layiqincə xidmət etmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Digər oğlu isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin çevik əməliyyat qrupunda xidmətini davam etdirməkdədir. Göstərilənləri nəzərə alaraq, əməlində inzibati xəta tərkibinin əlamətləri olmadığından, barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 02 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən 30 sentyabr 2021-ci il tarixdə, saat 23:00-da Nəsimi rayonu, Bül-Bül prospekti, 16 ünvanında yerləşən “BOSS” klubunun icarədarı, vəzifəli şəxs Şəxs klubu işlədərək karantin qaydalarının pozduğu, bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir. İş materiallarında olan “Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı Vergi ödəyicisi haqqında məlumat”a əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bül- Bül prospekti, 16 ünvanında yerləşən obyekt “Kafe (Yeməkxana)” təsnifatına aid edilməklə, qeydiyyatdan keçmişdir. Həmin məlumata əsasən yuxarıda qeyd edilən obyektə dair Şəxs ilə icarəyə verən şəxs X3 arasında icarə müqaviləsi bağlanmış, müqavilənin başlanma tarixi 30.09.2021-ci il və bitmə tarixi 30.09.2023-cü il kimi qeyd edilmişdir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16.01.2021-ci il tarixli Qərarınının 2.3-cü bəndindən görünür ki, 2021-ci il 01 fevral saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00dək yerində xidmət göstərilməsinə icazə verilir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli, 177 saylı Qərarına əsasən: - “2021-ci il iyulun 1-dən etibarən COVİD-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVİD-19-a qarşı birinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVİD-19 pasportunun olması tələb olunur.”; - 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur; - 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVİD-19-a qarşı tam peyvənd olmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur; - şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir; “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli, 229 saylı Qərarına əsasən: Yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə bilərlər:
1. ictimai iaşə müəssisələrində;
2. mehmanxanalarda;
3. iri ticarət mərkəzlərində.”. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 24 sentyabr tarixli 290 nömrəli Qərarına əsasən: 1.1 2021-ci il oktyabrın 1-dən etibarən aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir: 1.1.1. istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti; 1.1.2. mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və konfrans zallarının fəaliyyəti (ümumi tutumunun 50 faizindən çox olmamaqla); 1.1.3. iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, ümumi tutumunun 50 faizindən çox olmamaqla, kinoteatrların fəaliyyəti; 1.2. bu Qərarın 1.1.1-1.1.3-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələri saat 00:00-dək fəaliyyət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən 2 xidmətlərdən yalnız COVİD-19 pasportu olan şəxslər (yaşı 18dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilərlər və həmin iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVİD-19 pasportuna (COVİD-19-a qarşı peyvənd sertifikatı və ya COVİD-19-a qarşı immunitet sertifikatı) malik olması tələb olunur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, 30 sentyabr 2021-ci il tarixdə, saat 23:00 radələrində BŞBPİ-nin əməkdaşları tərəfindən Şəxs icarədarı olduğu “BOSS” adlı obyektə dair yoxlama keçirilmiş və yoxlamanın nəticəsi olaraq Şəxs barəsində 02 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu tərtib etmiş şəxsin və barəsində protokol tərtib edilmiş şəxsin ifadələrindən görünür ki, hadisə yuxarıda göstərildiyi kimi, 30 sentyabr 2021-ci il tarixdə, saat 22:00-23:00 radələrində, “BOSS” adlı obyektdə baş vermiş, hadisə zamanı həmin obyektdə 50 nəfərə yaxın (işçi və müştəri daxil olmaqla) şəxs olmuş və həmin şəxslərin üzərində “Covid- 19” pasportu olmuşdur. Həmçinin müəyyən edildi ki, həmin obyekt icarə müqaviləsinə əsasən (VÖEN **********) kafe (yeməkxana) - restoran kimi fəaliyyət göstərir. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16.01.2021-ci il tarixli Qərarına əsasən ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyətlər və tələblər nəzərə alınmaqla, müştərilərə saat 06.00-dan 00.00-dək yerində xidmət göstərilməsinə icazə verilir və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli, 177 saylı Qərarına əsasən “2021-ci il iyulun 1-dən etibarən COVİD- 19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVİD-19-a qarşı birinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVİD-19 pasportunun olması tələb olunur. Yuxarıda göstərilmiş qanun və normalara əsasən, obyektdə 50 nəfərdən çox (işçi və müştəri daxil olmaqla) şəxs olmamış, həmin şəxslərin “Covid-19” pasportları olmuş, obyekt saat 00:00-dək kafe-restoran (iaşə obyekti) kimi fəaliyyət göstərmişdir. Məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə 30 sentyabr 2021-ci il tarixdə, saat 23:00-da Nəsimi rayonu, Bül-Bül prospekti, 16 ünvanında yerləşən “BOSS” adlı obyektin icarədarı, vəzifəli şəxs Şəxs həmin obyekti işlədərək karantin qaydalarını pozması göstərilsə də, bu pozuntunun hansı konkret hərəkətlərdə və nədə ifadə olunması qeyd edilməmişdir. Həmçinin, məhkəmə tərəfindən Şəxs pandemiya dövründə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinə tamamilə riayət etməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 sentyabr 2021-ci il tarixli 280 saylı qərarının tələblərinin pozuntusuna da yol verməməsi müəyyən edilmişdir. Belə ki, protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru, polis kapitanı X2 verdiyi ifadəsində “BOSS” adlı obyektin “əyləncə mərkəzi” kimi fəaliyyət göstərdiyini bildirsə də, iş materiallarında olan “Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı Vergi ödəyicisi haqqında məlumat”dan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 16 ünvanında yerləşən obyekt iaşə obyekti olan kafe (yeməkxana)-restoran kimi fəaliyyət göstərir. Həmçinin məhkəmə qeyd edir ki, izahatlara əsasən kafedə müştərilərdən bir neçə nəfərin hər birinin əyləşdiyi masada oynaması həmin məkanın əyləncə məkanı olması anlamına gəlmir. Belə ki, izahatlardan həmçinin görünür ki, kafedə oyun üçün meydan olmamışdır. Məhkəmə qeyd edir ki, əyləncə məkanı ilə kafe (restoran) kimi fəaliiyət göstərən obyektləri eyniləşdirmək düzgün deyildir. Əyləncə məkanı adından göründüyü kimi, əyləncə xarakterli tədbirlərin həyata keçirilməsi yeridir və bunun üçün həmin məkanda müəyyən avadanlıq və qurğuların quraşdırması zəruridir. Hazırki iş üzrə isə müəyyən edilmişdir ki, Şəxs icarədarı olduğu məkanda kafe (restoran) fəaliyyəti üçün nəzərdə tutulmuş avadanlıqlar olmuşdur. Beləliklə də, müəyyən edilmişdir ki, 30 sentyabr 2021-ci il tarixdə, saat 23:00-da Nəsimi rayonu, Bül-Bül prospekti, 16 ünvanında yerləşən “BOSS” adlı obyektin icarədarı, vəzifəli şəxs Şəxs həmin obyekti işlədərək karantin qaydalarını (bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda qeyd edilən müvafiq qərarlarının tələblərini) pozmadığı üçün onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Halbuki, Azərbaycan Respublikasının İXM-nin «epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması adlanan 211-ci maddəsinin dispozitiv şərlərinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə, bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə inzibati tənbeh nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 211.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Hakim: Ceyhun Tağıyev