Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2937/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Mustafayeva İlhamə Mövlan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Nəsimi rayon DYPŞ Yol Patrul xidməti inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1, 511.1.3 və 342.5-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhər Nəsimi rayon DYPŞ-nin əməkdaşı tərəfindən xx.xx.2024cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:28 radələrində “VAZ 21154” minik markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.5 və 511.1.3-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon DYPŞ Yol Patrul xidməti inspektoru X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» metrosu ətrafında xidmətdə olarkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin tarixdə etibarnamə ilə idarə etdiyi «Vaz 21154» markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hüseynbala Əliyev küçəsində hərəkətdə olarkən sürətlə hərəkət edərək müntəzəm olaraq manevr qaydalarını pozmuş, avtomobili yerindən tərpədərkən təkərlərin asfalta sürtünməsi nəticəsində müxtəlif səslər çıxartmış. Nəticədə asfalt üzərində təkər izləri buraxmışdır. Həmin avtomobil törədilən qayda pozuntusuna görə saxlanılmış, ona törətdiyi qayda pozuntusu izah olunmuş və sürücü Şəxs avtomobildən kənarlaşdırılaraq, avtomobil duracağa yerləşdirilmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi təzə təkərləri yoxlamaq üçün 25 iyul 2024-cü il tarixdə, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində hərəkətdə olarkən avtomobili yerindən sürətlə tərpətmiş, nəticədə avtomobilin təkərinin yerdə izi qalmışdır. Avtomobili sürətlə idarə etmiş, bir dəfə manevr qaydasını pozmuşdur. Hərəkətlərində hər hansı bir davamlılıq olmayıbdır. Özünü avtoxuliqan kimi aparmamışdır. Yol Polisi əməkdaşlarını saxla əmrinə dərhal avtomobili saxlamış və bütün qanuni tələblərinə riayət etmişdir. O, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Eyni zamanda, o, məhkəməyə ərizə ilə müraciət edərək hazırkı inzibati xəta haqqında işə müdafiəçinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Bakı şəhər Nəsimi rayon DYPŞ-nin İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolundan məlum olur ki, xx.xx.2024-cü il tarixdə saat 22:28 radələrində «Vaz 21154» markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.5 və 511.1.3-ci maddələri ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırkı halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilən sənədlərlə Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə belə nəticəyə gəlir edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, o, inzibati məsuliyyətə cəlb edilməli və ona Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.5-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Nəsimi Rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 34.3, 40, 43, 48-51, 114-117, 128-130, 511.1.3-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.5-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Nəsimi Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2937/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2937/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver