Məhkəmə qərarları › İş №3(006)-2943/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2943/2020

20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2943/2020 20.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev prospektində heç bir əsas olmadan hərbi qulluqçuların hərbi geyim formasını qanunsuz olaraq üzərində daşıyaraq inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin o, məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru Nizami Cəfərov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs hərbi qulluqçuların hərbi geyim formasını qanunsuz olaraq üzərində daşımaqla inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru Eyvazov Arzuman tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar