Məhkəmə qərarları › İş №3(006)-2947/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2947/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2947/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili Vəkil iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Səbail Rayon Prokurorluğu tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs MMC tərəfindən X6 əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili Vəkil izahatında göstərdi ki, Səbail Rayon Prokurorluğu tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında xx.xx.2025-ci il tarixli Qərar qəbul edilmişdir. Həmin qərarın qəbul olunmasına əsas şikayətçi X3 ərizəsi olmuşdur. İlk növbədə qeyd edir ki, R.İmanovun şikayəti şirkətin əməkdaşı Ülviyyə Cəlilzadəyə qarşı olmuş və şikayətdə əmək münasibətlərinin pozulmasından yox, məhz guya ona qarşı dələduzluq olunması bildirilmişdir. Həmin şikayət əsasında material üzrə araşdırma aparılmış və cinayət tərkibinin olmaması müəyyən edilərək cinayət işinin başlanılımasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Lakin əfsuslar olsun ki, Səbail Rayon Prokurorluğunun gəldiyi qənaətinə əsasən şirkətin əməllərində AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən olunur. Lakin hesab edir ki, hər hansı bir inzibati xəta baş verməmişdir. Belə ki, Ruslan İmanov şirkətlərində heç bir zaman çalışmamış və onlar arasında hər hansı bir əmək münasibətləri yaranmamışdır. Əmək Məcəlləsinin 17.1-ci maddəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 17.2-ci maddəsinə əsasən hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verilir. Qeyd edir ki, şirkətin həmin ərəfədə hər hansı bir işçiyə ehtiyacı olmamış və Ruslan İmanovun da onlarla əmək müqaviləsinin bağlanılması niyyəti olmamışdır. O, əksinə sərbəst olaraq vasitəçilik xidmətləri təklifi vermiş və tam sərbəst olaraq vasitəçilik xidməti göstərmişdir. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən isə bildirilir ki, hərbi qulluqçulara, məhkəmə hakimlərinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə, xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə və ) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmçinin bildirir ki, mülki-hüquqi xarakterli müqavilə isə şirkətlə bağlanmamışdır. Ruslan İmanov onunla yox, şirkətin işçisi olan Ülviyyə Cəlilzadə ilə şəxsi əlaqə yaratmış və məhz onunla mülki hüquqi xarakterli sövdələşmə aparmışdır. Şirkətin adından yox, məhz öz təşəbbüsü ilə həyata keçirilmişdir. Ona görə də, göstərilənləri nəzərə alaraq, Səbail Rayon Prokurorluğu tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar əsassız sayılmaqla iş üzrə icraata xitam verilməsi xahiş olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 08 may 2025-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırma zamanı X6 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də qeyri rəsmi olaraq layihələrin idarə olunması vəzifəsinə təyin edilmişdir. Şirkətin hüquqi ünvanı Xocalı prospekti 37, Dəmirçi Plaza 6-cı mərtəbə otaq 603 olmuşdur. Şirkətin fəaliyyəti tədbirlərin təşkil edilməsi və qonaqlama işlərinin həyata keçirilməsindən ibarətdir. Həmin şirkətdə işləməsi ilə bağlı onunla heç bir əmək müqaviləsi bağlanılmamışdır. Şirkətdə onun işi MMC-nin digər şirkətlərdən götürdüyü layihələrin lazımı işlərinin yəni, qonaqlama işlərinin (otellərin, avtomobillərin, ofis ləvazimatlarını və s. kirayə verilməsi) görülməsini təşkil etməkdən ibarət olmuşdur. Gördüyü işlə bağlı şirkəti rəhbəri Ülviyyə Cəlilzadə ona aylıq 1000 manat pul verəcəyini demişdir. Həmin şirkətin direktoru X4, təsisçisi isə anası X2 olmuşdur. Belə ki, COP29 tədbiri zamanı Ülviyyə Cəlilzadə ortaq olaraq işlədiyi “Fairmont” hotelin əməkdaşı Ramiş Quliyevlə birləşərək hotelin məlumat bazasını hotelin rəhbərliyinin xəbəri olmadan sonuncu tərəfindən oğurlanaraq birgə istifadə etmələri nəticəsində külli miqdar gəlir əldə etmişdir. Qeyd edilən hotelin informasiya kontaktlarına Şəxs tərəfindən göndərilən təkliflərlə və istifadə olunan əlaqə vasitələri ilə ən son COP29 tədbirində iştirak edəcək olan şirkətlərin məlumatların oğurlayaraq qiymət təklifi göndərib öz şirkətlərinə yönəltmişlər. Ödənişlərin isə Ülviyyə Cəlilzadə və ya anası Tünzalənin təsisçisi olduğu Şəxs şirkətinə ya da eyni şəxsin adma olan lojistik şirkətə tələb etmişdir. O, şirkətdə işlədiyi ərəfədə bunun şahidi olmuşdur. Bununla da Ülviyyə dələduzluq yolu ilə külli miqdarda pul əldə etmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırma zamanı X4 izahatında göstərmişdir ki, “Urban Crevv" MMC 2021-ci ildən hal-hazıradək fəaliyyət göstərir. MMC-nin təsisçi və direktoru X1r. MMC-nin hüquqi ünvanı ünvan 2van isə Ağ şəhər Məri Bulvar küçəsi 2-dir. O, MMC-nin layihə rəhbəri vəzifəsində işləmişdir. MMCnin fəaliyyyətinə əsasən dövlət tədbirlərinin keçirilməsi, logistik dəstək və satınalmalardan ibarətdir. Belə ki, X6 şirkətdə rəsmi olaraq işləməmiş, əmək müqaviləsi əsasında çalışmamışdır. Yalnız vasitəçi kimi fəaliyyət göstərmişdir. Vasitəçi kimi Ruslanın fəaliyyəti “COP29” ərəfəsində elektrik maşınlarının tapılması və fotoqraf tapılmasından ibarət olmuşdur. Vasitəçi kimi göstərdiyi xidmətlərə görə Ruslanın kart hesabına ödənişlər etmişdir. Ruslana olaraq çəkdiyi xərclərə görə 2599 manat, vasitəçi kimi xidmətlərinə görə 2159 manat ödəniş etmişdir. Lakin sonradan müəyyən səbəblərə görə Ruslanın göstərdiyi vasitəçilik xidmətindən istifadə etməmişdir. Ruslanın bu əsassız şikayətləri ondan qisas almaq və qərəzli olaraq onun işgüzar nüfuzuna zərər vurmaq məqsədi daşımışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəfin izahatı və məhkəməyə təqdim edilmiş sənədlərlə Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan, yalnız X3 şikayəti əsasında inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar tərtib etmişdir. Məhkəmə, inzibati xəta haqqında işin hallarını tam və hərtərəfli araşdıraraq qeyd edir ki, inzibati xəta haqqında protokolda göstərilən X3 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı müəyyən edilmir. Belə ki, iş üzrə tədqiq edilmiş sənədlərdən və tərəfin izahatından müəyyən edildi ki, Ruslan İmanovun Şəxs MMC tərəfindən işlərin yerinə yetrilməsinə cəlb edilməsi nə şahid ifadələri, nə də digər mötəbər sübutlarla təsdiq edilmir. Belə olduğu təqdirdə isə Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi təqsirsizlik prezumpsiyası prinsipi baxmından qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnə bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinin tələbinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə bu hala dair qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar tərtib etmiş orqan kimi Bakı şəhər Səbail Rayon Prokurorluğuna izah edir ki, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq inzibati xəta haqqında iş üzrə icraat aparan orqanın vəzifəsidir. Lakin, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə tərtib etmiş orqan işin hallarına düzgün qiymət vermədən, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar tərtib etmiş, bununla da sonuncunun hüquqlarını pozmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarın əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Bakı şəhər Səbail Rayon Prokurorluğu tərəfindən qəbul olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərara dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar