Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2958/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 tərtib etdiyi xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-4289/2012 saylı icra sənədinə əsasən Şəxs vurulmuş zərərin əvəzi kimi 7000 manat alınaraq X2 verilməlidir. Lakin Şəxs qərarın icrasını tam təmin etməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-4289/2012 saylı icra sənədinə əsasən Şəxs vurulmuş zərərin əvəzi kimi 7000 manat alınaraq X2 verilməlidir. İcra sənədi icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən tam olaraq icra edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Borclunun icra sənədi üzrə ödənilməmiş borcu hazırda 3500 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, maddi gəliri olmadığı üçün ödəniş edə bilməmişdir. Əvvəllər kredit borcuna görə həbs olunmuşdur. İş tapıb işləyib borcunu ödəməsi üçün vaxtından əvvəl məhkumluğun götürülməsi barədə ərizə vermişdir. İş üçün taksi xidmətinə müraciət etmişdir. Oradan da məhkumluğunun olub-olmaması haqqında arayış istəmişlər. Hazırda borcun əvəzinə tələbkara Türkan ərazisində 6 sot torpaq sahəsi təklif etmişdir. Tələbkar təklifi qəbul etməmişdir. Həmin torpaq sahəsini satışa çıxarmış, lakin hələ də satılmamışdır. 2023-cü ildə məhkumluğu götürüləndən sonra iş tapa bilər. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-4289/2012 saylı icra vərəqəsindən görünür ki, Şəxs vurulmuş zərərin əvəzi kimi 7000 manat alınaraq X2 verilməlidir; - Nəsimi rayon İcra şöbəsinin xx.xx.2013-ci il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-4289/2012 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-4289/2012 saylı icra sənədinin icrasını təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, Şəxs vurulmuş zərərin əvəzi kimi 7000 manatın alınaraq X2 verilməsinə dair məhkəmə qərarı xx.xx.2012-ci il tarixdə qəbul edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə isə Şəxs 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Göründüyü kimi, Şəxs tutulan vaxta qədər borcu ödəməsi üçün kifayət qədər vaxtı olmuş, lakin üzrsüz səbəbdən borcun icrasından yayınmışdır. Şəxs 10 aprel 2021-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad olunmuş, bundan sonra icra şöbəsinə izahat verərərək hər ay borcundan 100 manat ödəniş edəcəyini bildirmiş, lakin bir ildən artıq vaxtın keçməsinə baxmayaraq yenə də xx.xx.2012ci il tarixli, 2(006)-4289/2012 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2958/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2958/2022
24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver