Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2964/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, ödədiyi cərimənin geri qaytarılmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X4 müstəntiq kimi xidmət etmişdir. xx.xx.2022-ci il tarixdə öz arzusu ilə X3 xidmətdən xaric edilmişdir. Xidmətdən xaric olunandan sonra 20 iyun və 23 iyun 2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə gəlib hərbi qeydiyyata alınmağı barədə Xəlil adlı əməkdaşa müraciət etmişdir. Lakin həmin şəxs ona X1 hərbi biletinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə Daxili İşlər Nazirliyindən daxili olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə yenidən getmiş, bu zaman həmin əməkdaş ona özünə aid hərbi biletin xx.xx.2022-ci il tarixdə daxil olduğunu, onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə gec müraciət etdiyini, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.2.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağını söyləmişdir. O, heç bir inzibati xəta törətmədiyini söyləmiş və inzibati məsuliyyətə cəlb olunmağı barədə qərar və protokolun surətini istəmişdir. Lakin həmin şəxs protokol və qərarı əməkdaş qadının tərtib etdiyini, həmin qadının məzuniyyətdə olduğunu, ondan mobil telefonunu götürərək protokol və qərar tərtib ediləndən sonra onunla əlaqə saxlayacağını söyləmişdir. Həmin gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsindən çıxmış və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun adına ərizə yazıb inzibati məsuliyyətə cəlb olunmağı barədə qərar və protokolu istəyərək hərbi qeydiyyata alınmağını xahiş etmişdir. Bundan sonra dəfələrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin facebook sosial şəbəkəsindəki səhifəsinədə müraciətlər ünvanlamışdır. xx.xx.2022-ci ildə yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə saat 11 radələrində getmişdir. Orada əməkdaş bir qadın (yəni səlahiyyəti olmayan şəxs) onun barəsində inzibati protokol və qərar tərtib edib onu 30 manat cərimə etmiş, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan bütün hüquqları pozulmuşdur. Qərarın və protokolun surətini istəsə də, rəisin yerində olmadığı, onunla əlaqə saxlanılacağı barədə bildirilmişdir. Oradan çıxıb Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə ərizə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin facebook sosial şəbəkə səhifəsinə təkrar şikayət etmişdir. Saat 16:00 radələrində ***-***-**-** nömrəsindən Bəhruz Hüseynov adında şəxs onu dəvət edib inzibati qərarın və protolokun surətini təqdim etmişdir. Həmin qərarla tanış olub özünü təqsirli bilmədiyini protokola qeyd etmişdir, bundan əlavə, inzibati məsuliyyətə cəlb edildiyi zaman izahat belə ondan alan olmamışdır. Protokolda onun yerinə guya xəbəri olmadığı 7 gün ərzində müraciət etmədiyi sözləri yazılmışdır. Buna da etiraz etmiş, heç bir nəticə olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.2.1-ci maddəsindən görünür ki, vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə məsuliyyət daşıyır. O, inzibati protokol barəsində tərtib olunanadək dəfələrlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə getmiş, subutu qurumun rəhbərinə ünvanladığı şikayət ərizələri və ərizələrin göndərilməsi ilə bağlı poçt qəbzləri, qurumun sosial şəbəkədə yazışmağı barədə smslərdir. Digər tərəfdən o, gələcəyi necə görə bilər ki, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsindən göndərilən məktub poçt vasitəsi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə neçə günə gedib çatacaq. Bundan əlavə, MN ******* nömrəli protokolda onun inzibati xəta törətməyi faktı DİN-nin Baş Kadrlar İdarəsindən daxil olmuş 022/39-386m nömrəli məktubu ilə təsdiq edilməsi qeyd edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi ona hərbi uçot qaydalarının pozulmasına görə cərimə inzibati tənbeh vermə haqqında qərar qəbul etsə də, onu dəfələrlə orda olsa da qeydiyya almamışdır. Bu hərbi biletinin surəti ilə təsdiq olunur. Məhkəmə iclasında X6 şikayət ərizəsinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 xx.xx.20220-ci il tarixdə X4 xidmətdən xaric olunmuş və 7 gün müddətində hərbi qeydiyyata alınması üçün müraciət etməmiş, bununla da, Azərbaycan Respublikası İXM-nin 606.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 30 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022ci il tarixli, Ə1681s/h-001-22 saylı əmrindən görünür ki, polis mayoru X6, Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, “istefada olan polis mayoru” sayılmaqla 16 iyun 2022-ci il tarixdən öz arzusu ilə xidmətdən xaric edilmişdir. Həmin protokol və qərarda şəxsin xx.xx.2022-ci il tarixdə X4 xidmətdən xaric olunduğu və 7 gün müddətində hərbi qeydiyyata alınması üçün müraciət etmədiyini təsdiq edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. İş üzrə görünür ki, həmin vaxtı şəxs protokolla razı olmamışdır, inzibati xəta törədilməsi ilə razı olmamışdır, bunu mübahisələndirir. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-2964/2022 məktubu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinə sorğu verilərək, qərarın qəbul edilməsinə əsas olan hər hansı bir sübutu, qərarın qəbul edilməsinə əsas olan digər materialları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz X6 tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 606.2.1-ci maddəsi vətəndaşlar ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-də 2 qaydada protokol tərtib edilməsi müəyyən edilmişdir. Dərhal və ya inzibati araşdırmanın nəticəsi üzrə. Belə ki: - İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin - İXM-nin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin hazırkı iş üzrə şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün, tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokolu tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə, dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində İXM-in 606.2.1-ci maddəsi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokolu əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2964/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2964/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver