Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2966/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs (bundan sonra Şəxs MMC) (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 153; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 389-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Statistika İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 2024-cü ilin (illik) 1-əmək (əmək üzrə) hesabatı mart ayının 15-dək təqdim edilməli olduğu halda, bugünədək təqdim etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X2 izahat verərək bildirdi ki, Şəxs MMC 2024-cü ilin (illik) 1-əmək (əmək üzrə) hesabatı mart ayının 15-dək təqdim edilməli olduğu halda, təqdim etməmişdir. Bakı şəhəri Statistika İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində müəssisə tərəfindən hesabat gec təqdim olunduğu üçün xəbərdarlıq məktubu yazılmış, həm mühasibin elektron poçt ünvanına, həm də müəssisənin hüquqi ünvanına göndərilmişdir. Artıq müəssisədə gecikmə halı ikinci dəfədir ki, baş verdiyi üçün barələrində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq şirkətin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəməyə etiraz ərizəsi ərizəsi ünvanlayaraq Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN №0356075 nömrəli protokol üzrə başlanılmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 389-cu maddəsinin tələblərinin pozulduğu iddia edilən xx.xx.2025-ci il tarixli MN №0356075 nömrəli protokol tərtib edilmiş və İXM-nin 18.5-ci bəndinə əsasən müvafiq qərar qəbul edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bununla bağlı qeyd edirlər ki, MN №0356075 nömrəli protokol tərtib edilərkən qanunvericiliyin normaları gözlənilməmiş, protokolda Şəxs MMC-yə əvvəlcədən məlumatın təqdim edilməsi, lakin Cəmiyyətin nümayəndəsinin prosesdə iştirakdan boyun qaçırdığı göstərilmişdir, halbuki bunu təsdiq edən heç bir sübut mövcud deyildir. Həmin bildiriş Cəmiyyətə çatmadan və Cəmiyyət lazımi qaydada məlumatlandırılmadan Komitə tərəfindən protokol tərtib edilmişdir. Bu isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin İnzibati Xətalar Məcəlləsinin 61.1ci maddəsi ilə nəzərdə tutulan hüquqlarının və qanunvericiliyin digər prosessual tələblərinin pozuntusudur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Maddənin mətnindən aydın olduğu üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılması üçün protokol tərtib edən vəzifəli şəxs müəyyən etməli idi ki, bu barədə Şəxs MMC-yə məlumat təqdim edilib və Cəmiyyət təxirə salmaq haqqında vəsatət təqdim etməyib, yaxud belə vəsatət rədd edilib. Məlumatın vaxtında bildirilməsi dedikdə nə nəzərdə tutulur? AR İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Odur ki, inzibati icraat zamanı şəxsin hüquqlarının qorunması və müdafiə imkanlarının təmin edilməsi məqsədilə, protokol tərtib edilməzdən əvvəl hüquqi şəxsə xəbərdarlıq edilməsi zəruri prosessual davranış kimi nəzərdə tutulur. Lakin təqdim olunmuş materiallar və işin halları belə bir xəbərdarlığın daxil olmadığını göstərir. Bu isə prosedur qaydalara tam əməl olunmadığını göstərməklə yanaşı, inzibati icraatın şəffaflıq və ədalətlilik prinsipləri çərçivəsində aparılması baxımından da əsaslı suallar doğurur. Bundan əlavə, işin mahiyyəti Şəxs MMC tərəfindən (illik) 1- Əmək statistik hesabat məlumatlarının təqdim edilməməsi ilə bağlı olsa da, Şəxs MMC tərəfindən hesabatın təqdim edilməsindəki gecikmənin aradan qaldırılması mümkün deyildir. Belə ki, hesabatların təqdim edilməsi üçün nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra, Dövlət Statistika Komitəsinin “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron informasiya sisteminə giriş avtomatik deaktiv edilir. Bu səbəbdən də sonradan hesabatın təqdim olunması texniki baxımdan mümkün olmamışdır. Şəxs MMC daxili iş prinsiplərinə və texniki imkanlarına əsasən, hesabatları elektron formada təqdim etmək imkanına malikdir və təqdimat prosesində məhz bu üsuldan istifadə etməyi seçmişdir. Hərçənd ki, hesabatların ənənəvi (kağız daşıyıcılarda) formada təqdim olunması texniki olaraq mümkündür, lakin rəsmi elektron sistem mövcud olduğu halda, təqdimatın bu sistem vasitəsilə həyata keçirilməsi praktikasına üstünlük verilir. Bu səbəbdən, hesabatın elektron formada təqdim olunmaması texniki maneələrlə bağlı olmuş və Şəxs MMC tərəfindən hər hansı laqeydlik və ya imtinaya yol verilməmişdir. Beləliklə, Dövlət Statistika Komitəsinin sistemində müvafiq normativ mexanizm boşluğu mövcuddur. Və nəzərə almaq lazımdır ki, müddət ötürüldükdən sonra belə hesabat təqdim etmək istəyən müəssisələr üçün sistemdə texniki imkan mövcud olmadığından, gecikmənin aradan qaldırılması mümkün olmur. Bu isə həm hüquqi, həm də praktiki baxımdan inzibati məsuliyyətin yüngülləşdirilməsinə əsas yarada biləcək haldır. Müvafiq olaraq, hesab edirlər ki, hesabatın təqdim olunmaması müəssisənin iradəsindən asılı olmayan texniki maneələrlə bağlı olmuş, gecikmənin bərpası üçün addım atılmış, lakin bu, sistemin texniki məhdudiyyətləri səbəbindən mümkün olmamışdır. Bu hal məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınmalı, müvafiq qərar qəbul edilərkən ədalətlilik və mütənasiblik prinsiplərinə əsaslanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda hesab edirlər ki, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılması üçün inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bundan əlavə bildirirlər ki, protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasına səbəb və əsaslar müəyyən edilməmiş, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmamışdir. Azərbaycan Respublikası İXM-nin 99-cu maddəsinin məzmununa görə inzibati xəta haqqında protokol tərtib edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün müvafiq səbəb və əsas olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikasının İXM-nin 101-ci maddəsinin məzmununa görə isə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta üzrə icraat aparılan hüquqi şəxs barəsində məlumatların əlavə araşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə protokol 102.5-ci maddədə göstərilən müddətlərdə tərtib edilir. Qeyd olunan normalardan göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasının səbəb və əsasları müəyyən edilməli, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmalı, həmçinin icraata başlamaq haqqında protokol buna səlahiyyəti olan şəxs tərəfindən tərtib edilməlidir. Eyni zamanda qanunvericilik imkan verir ki, əgər hüquqi şəxs tərəfindən müvafiq inzibati xətanın törədilməsi faktı aşkar edildikdə onun barəsində əlavə araşdırılması zərurəti yarandıqda inzibati xəta haqqında icraatın başlanması haqqında protokol dərhal deyil, iki gün müddətində tərtib edilə bilər. Lakin hazırki işin hallarından müəyyən edilir ki, hazırkı “İnzibati xəta haqqında” protokolda inzibati xəta haqqında icraatın başlanmasının səbəbləri, yəni inzibati xəta hadisəsinin mövcudluğunu göstərən məlumatların necə əldə edilməsi, əgər inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmişdirsə hansı prosessual və ya rəsmi sənədin tərtib edilməsi (raport, akt və s) barədə müvafiq qeydiyyat aparılmamış, iş materiallarına buna dair hər hansı bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 11.2. 53, 61.1.4, 99-103, 105.1, 109.1.6, 110, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmədən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN №0356075 nömrəli protokol üzrə başlanılmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan Müvafiq sistemdən olan çıxarışa əsasən Şəxs MMC 2024-cü ilin (illik) 1-əmək (əmək üzrə) hesabatı mart ayının 15-də təqdim etməli olduğu halda, təqdim etməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə görə dövlət statistika orqanlarına öz vəzifələrini yerinə yetirmək üçün statistik müşahidələrin aparılması üçün məlumatlar təqdim etməyən, yaxud məlumatları gecikdirməklə və ya təhriflə təqdim edən, statistik sirri yayan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati icraat başlamaq və inzibati tənbeh tədbirləri tətbiq etmək hüququ verilir. Həmin Qanunun 11-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2014-cü il tarixli, 14/06 saylı qərarı ilə təsdiq edilmiş Əmək üzrə 1-əmək №-li illik rəsmi statistika hesabatı forması”nda (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində xx.xx.2014cü il tarixdə **********1406 nömrə ilə qeydiyyata alınmışdır) göstərilmişdir ki, hesabat sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyrihökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları tərəfindən martın 15-dək yerləşdiyi rayonun (şəhərin) statistika orqanına və ya elektron formada Dövlət Statistika Komitəsinin internet səhifəsində (www.stat.gov.az) real-vaxt rejimində təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, hüquqi şəxs Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya biləvasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2966/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2966/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver