Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2974/2024 18.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət verən şəxs X2 nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin 15 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi 15 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin (bundan sonra “Əmək Müfəttişliyi”) barəsində ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Müvafiq qərar ünvanına xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Həmin qərara etiraz edərək, bildirir ki, qərarda göstərilən inzibati xəta tərəfindən törədilməmişdir, qərar əsassız və qanunsuzdur. Belə ki, ******* saylı, xx.xx.2024-cü il tarixli qərar öz növbəsində ******* saylı, 02.07. 2024-cü il tarixli (“X7” MMC-nin vəzifəli şəxsi kimi barəsində tərtib edilmiş) Protokola istinad edir. Protokolda yazılır: “Qarabağ və X5 rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış Şahid3, Şahid1 və Şahid2 xx.xx.2024 il tarixindən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt “Qarabağ və X5 rayonlarına giriş ” informasiya sistemi üzərindən əldə olunmuş müvafiq məlumatlar ilə təsdiq edilir. Göründüyü kimi, protokolda fakt kimi qələmə verilməsinə cəhd edilən əsas olaraq “Qarabağ və X5 rayonlarına giriş” informasiya sistemindən əldə olunmuş məlumatlar çıxış edir. Daxili İşlər Nazirliyinin (bundan sonra “DİN”) həmin informasiya sistemindəki məlumatlara (“Qarabağ və X5 rayonlarına giriş” informasiya sistemi) əsasən Şahid3, Şahid1 və Şahid2 “X7” MMC tərəfindən işə cəlb edilmələri yox, sadəcə barələrində Qarabağ rayonlarına giriş üçün icazənin alınması barədə müraciət edildiyi təsdiq olunur. Bundan başqa, Şahid3, Şahid1 və Şahid2 öz ərizələrində vurğulayırlar ki, xx.xx.2024-cü il tarixdə “X7” MMC tərəfindən Qarabağ və X5 zonasında iş təklifi ilə sonradan razı olmadıqları üçün əmək müqavilələrinin bağlanmasından imtina ediblər, “X7” MMC ilə heç vaxt əmək münasibətləri yaranmamışdır və Qarabağ və X5 zonasına “X7” MMC-nin dəvəti ilə getməyiblər (müvafiq Ərizələr əlavə olunur). “X7” MMC inşaat şirkəti olaraq müvafiq dövlət orqan və idarələri (Sifarişçilər) tərəfindən Qarabağ ərazisində müxtəlif tikinti-quruculuq işlərini həyata keçirməyə Baş podratçı olaraq cəlb edilmişdir. Qarabağda işləmək üçün Şahid3, Şahid1 və Şahid2 barəsində “X7” MMC tərəfindən 2024-cü ilin mayın əvvəlində “Qarabağ və X5 rayonlarına” giriş üçün DİN-ə müraciət edilsə də, adları çəkilən şəxslər qısa müddətdən sonra fikirlərindən daşınıb, iş təkliflərini qəbul etməmişlər, şirkətdə işləməyə razı olmamışdırlar. Belə ki, nə o, nə də “X7” MMC tərəfindən adları çəkilən şəxslər bir gün də olsa hər hansı əmək və sairə fəaliyyətinə cəlb edilməmişlər. Əmək Müfəttişliyinin istinad etdiyi DİN-nin “Qarabağ və X5 rayonlarına giriş” informasiya sisteminin siyahısında olan Şahid3, Şahid1 və Şahid2 Qarabağ ərazisində işləməsi (faktiki əraziyə daxil olmaları) üçün icazənin alınmasına müraciətin “X7” MMC tərəfindən edilməsi zərurəti bu prosesin “X7” MMC-dən asılı olmayan və DİN tərəfindən müəyyən edilmiş xüsusiyyətlər ilə bağlıdır. Adları çəkilən şəxslərin ərizələri ilə də təsdiq olunur ki, nə o, nə də rəhbərlik etdiyi şirkətlə hər hansı əmək münasibətləri olmamışdır, yaranmamışdır. Bu səbəbdən də göstərilən iznibati xətanın törədilməsi baş verə bilməzdi. Əmək Müfəttişliyi isə həmin sistemə əsasən yanlış olaraq belə qənaətə gəlmişdir ki, bu şəxslərlə rəhbərlik etdiyi şirkət arasında əmək münasibətləri vardır və bu səbəbdən İnzibati xətanın törədilməsi ehtimalını etmişdir. Müvafiq Protokola diqqət yetirilsə görünür ki, dövlət qurumu inzibati hüquq pozmanın sadəcə hansısa məlumatın aşkar edilməməsi əsasında tərtib etmişdir və hər hansı digər sübutlar təqdim etməmişdir. Çünki digər hər hansı sübut mövcud da deyildir. Əmək Müfəttişliyi qərarı qəbul edərkən yuxarıda göstərilən hallara nəzər yetirməmiş, nəzərə almamışdır. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən aşkar ediləcəkdir ki, həmin şəxslərin hətta hər hansı izahatları belə Əmək Müfəttişliyi tərəfindən alınmamışdır, həmin şəxslərdən hər hansı şikayət daxil olmamışdır və mübahisə edilən hal ilə bağlı hər hansı digər sübutlar təqdim edilməmişdir. Göstərilənlər əsasında da qənaətə gəlinir ki, Əmək Müfəttişliyi tərəfindən məsələ üzrə səthi araşdırma aparılmış və əsassız protokol tərtib edərək əsassız və qanunsuz qərar qəbul edilmişdir. İş materiallarında müəyyən olunur ki, Əmək Müfəttişliyi inzibati xəta haqqında protokol tərtib edərkən işin düzgün həlli üçün əhəmiyyətli olan bütün zəruri halları müəyyən etmək məqsədilə iş üzrə əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırmalı olduğu halda, iş üzrə səthi araşdırma apararaq «X7» MMC tərəfindən Şahid3, Şahid1 və Şahid2 iş icazəsi (faktiki giriş icazəsi) almaq üçün “Qarabağ və X5 rayonlarına giriş” informasiya sisteminə hər hansı müraciət ünvanlayıb-ünvanlanmaması, «X7» MMC-nin “Qarabağ və X5 rayon”larına daxil olan inzibati ərazi vahidində fəaliyyət göstərib-göstərməməsi, hansı sahibkarlıq fəaliyyəti növü ilə məşğul olması, qeyd olunan işçilərin “Qarabağ və X5 rayon”larına daxil olub-olmaması, daxil olublarsa hansı rayonda işlərin icrasına cəlb olunub-olunmaması araşdırılmamış, cəlb olunduqları iş yerinin audio-video çəkilişi aparılmamış, Şahid3, Şahid1 və Şahid2 yazılı izahatları alınmamış və digər müvafiq sübutlar toplanmamışdır. Əmək Müfəttişliyi tərəfindən məhkəməyə Şahid3, Şahid1 və Şahid2 məhz «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə, ümumiyətlə Şahid3, Şahid1 və Şahid2 həmin cəmiyyətlə hər hansı bir əlaqələrinin olmasına dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. İnzibati araşdırmanı aparan və protokolu tərtib edən orqan Şahid3, Şahid1 və Şahid2 «X7» MMCdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi barədə nəticəyə gəlsə də, buna dair mötəbər sübutlar mövcud deyildir, yerinə yetirilmiş işlərin (xidmətlərin) məhz nədən ibarət olması, həmin işlər (xidmətlər) həyata keçirildiyi halda isə onların mülki qanunvericiliklə müəyyən olunmuş işlər (xidmətlər) (tapşırıq müqaviləsində nəzərdə tutulmuş) sırasına deyil, məhz əmək münasibətləri pozulmaqla, müqavilə bağlanılmadan işlərin, xidmətlərin görülməsinə cəlb edilməyə aid olması, bu zaman inzibati xətanın törədilməsi və bunda hüquqi şəxsin təqsirinin olması müəyyən və təsdiq olunmamışdır. Hansı ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi onu özündə ehtiva edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bir sözlə, burada, sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Təqdim olunan sübutlara münasibətdə qeyd edilməlidir ki, «X7» MMC tərəfindən Şahid3, Şahid1 və Şahid2 işçi icazəsi (faktiki giriş icazəsi) alınması barədə “Qarabağ və X5 rayonlarına” giriş informasiya sistemi üzərindən təqdim olunan məlumatlar inzibati məsuliyyətin əsasını təşkil edən “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” barədə hüquqi nəticəyə gəlinməsinə əsas verə bilməz. Sadalanan xüsusatlara əsasən vurğulanmalıdır ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələr və ziddiyyətli məqamlar həmin şəxsin xeyrinə həll edilir Qeyd edilənlər əsasında müəyyən edilir ki, şikayət edilən qərarda göstərilən inzibati xəta nə onun, nə də rəhbərlik etdiyi “X7” MMC tərəfindən törədilməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X2 nümayəndəsi və vəkili Vəkil şikayətdə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şahid3, Şahid1 və Şahid2 xx.xx.2024 il tarixindən xx.xx.2024-cü il tarixədək “X7” MMC-də Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Şahid3, Şahid1 və Şahid2 xx.xx.2024 il tarixindən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə onun barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Şahid1 notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Şahid2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə “X7” MMC tərəfindən Qarabağ və X5 Zonasında iş təklifi ilə sonradan razı olmadığı üçün əmək müqaviləsinin bağlanmasından imtina etmiş və “X7” MMC ilə heç vaxt əmək münasibətləri yaranmamış, Qarabağ və X5 Zonasına “X7” MMC-nin təklifi ilə getməmişdir. İş materiallarında olan Şahid2 notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Şahid2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə “X7” MMC tərəfindən Qarabağ və X5 Zonasında iş təklifi ilə sonradan razı olmadığı üçün əmək müqaviləsinin bağlanmasından imtina etmiş və “X7” MMC ilə heç vaxt əmək münasibətləri yaranmamış, Qarabağ və X5 Zonasına “X7” MMC-nin təklifi ilə getməmişdir. İş materiallarında olan Şahid3 notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Şahid3 bildirmişdir ki, 2024-cü ilin may ayında “X7” MMC tərəfindən Qarabağ və X5 Zonasında iş təklifi ilə sonradan razı olmadığı üçün əmək müqaviləsinin bağlanmasından imtina etmişdir. “X7” MMC-nə qarşı heç bir iddia və tələbi yoxdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2628/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, “X7” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2223/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2628/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi – bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; Həmin Məcəllənin 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Şahid3, Şahid1 və Şahid2 məhz “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə, ümumiyyətlə Şahid3, Şahid1 və Şahid2 həmin cəmiyyətlə əmək münasibətlərinin olmasına dair araşdırma aparmamışdır. Hansı ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi onu özündə ehtiva edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bir sözlə, burada, sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Təqdim olunan sübutlara münasibətdə qeyd edilməlidir ki, “X7” MMC tərəfindən Şahid3, Şahid1 və Şahid2 işçi icazəsi alınması barədə “Qarabağ və X5 rayonlarına” giriş informasiya sistemi üzərindən təqdim olunan məlumatlar inzibati məsuliyyətin əsasını təşkil edən “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” barədə hüquqi nəticəyə gəlinməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, X4 tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar X2 təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə X2 təqsirliliyi təkzib olunur. İnzibati xəta haqqında iş üzrə icraat aparmış orqan işin hallarını tam araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməyə görə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi üçün qanuni əsaslar yoxdur. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddasinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin 15 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. “X7” MMC-nin direktoru X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2974/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2974/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver