Məhkəmə qərarları › İş №3(006)-2975/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2975/2024

07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2975/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22001287 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22001287 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, “Kia Optima” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. 27 iyun 2024-cü il tarixdə, saat 11:24 radələrində idarə etdiyi “Kia Optima” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə hərəkətdə olan zaman yolun sağ hissəsində yerləşən, parkinq xəttləri ilə nişanlanmış hissədə həmişəki kimi istifadəsində olan nəqliyyat vasitəsini park edib banka yaxınlaşdır. Bankdan çıxıb evinə gələrkən “SMS Radar” mobil tətbiqi vasitəsilə barəsində 40 manat cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edildiyi barədə bildiriş almışdır. Daha sonra müəyyən etmişdir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X2 tərəfindən EQ 22001287 saylı, 27 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, tərtib olunmuş inzibati xəta haqqında protokol və protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar polis əməkdaşı tərəfindən iş tam, obyektiv və hərtərəfli araşdırılmadan tərtib olunmuşdur və həmin protokol əsasında qəbul edilmiş inizbati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibatı xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir. İlk növbədə qeyd etməyi vacib bilir ki, həmin ərazi əzəldən banka gələn müştərilərin parkinq ərazisi olmuşdur. Özü də dəfələrlə maşınını həmin ərazidə saxlayaraq işlərinin arxasınca getmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş foto-cədvələ də nəzər saldıqda müəyyən edilir ki, yerdəki xətt parkinq xəttidir, ərazidə “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında göstərilmiş tələblərə zidd şəkildə sadəcə formal olaraq 5.12 nişanı quraşdırılmışdır. “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.3-cü bəndinə əsasən avtobus dayanacaq məntəqəsində yol müvafiq qaydada nişanlanmalıdır. Avtobusların yanalma sahələrində yol 1.17 nişanlanma xətti ilə nişanlanmalı və həmin hissənin eni 3m±30 sm olmalıdır. Bundan əlavə həmin Qərara əsasən sərnişin tələbatından və istiqamət üzrə hərəkət edən marşrut avtobuslarının sayından asılı olaraq dayanacaq məntəqəsinə birdən az olmayaraq dayanacaq pavilyonu quraşdırılmalıdır. Həmin Qərarın 5.3.3-cü maddəsinə əsasən həmin ərazi dayanacaq lövhəsi ilə təchiz olunmalıdır və dayanacaq lövhəsi dayanacaq yerini işarə edən 5.12 yol nişanından, dayanacaq məntəqəsinin adının və dayanacaq məntəqəsindən keçən marşrutların nömrələrinin əks olunduğu məlumat tablosundan ibarətdir. Bununla yanaşı həmin Qərarın 5.4.1-ci maddəsinə əsasən hər bir avtobus dayanacaq məntəqəsi Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan vahid reyestrdə qeydə alınır. Reyestrdə dayanacaq məntəqəsinin adı, ünvanı, texniki göstəriciləri və başqa zəruri məlumatlar qeyd edilir. Tərəfindən təqdim olunmuş videogorüntüdən, foto-cədvəldən, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən polis əməkdaşı tərəfindən çəkilmiş fotoşəkillərə də nəzər saldıqda aydın şəkildə görünür ki, avtobus dayanacaq məntəqəsində yol müvafiq qaydada nışanlanmamışdır və ərazidə 1.17 nişanlanma xəttinin olmasından söhbət belə gedə bilməz. Bundan əlavə olaraq ərazidə aayanacaq pavilyonu olmalı olduğu halda ərazidə heç bir dayanacaq pavilyonu yoxdur. Bununla yanaşı ərazidə dayanacaq lövhəsi, dayanacaq məntəqəsinin adının və dayanacaq məntəqəsindən keçən marşrutların nömrələrinin əks olunduğu məlumat tablosu ümumiyyətlə yoxdur və olmamışdır. Bununla yanaşı, hər bir avtobus dayanacaq məntəqəsi Bakı Nəqliyyat Agentliyi (hal-hazırda AYNA) tərəfindən aparlan vahid reyestrdə qeydə alınmalı və reyestrdə dayanacaq məntəqəsinin adı. ünvanı, texniki göstəriciləri və başqa zəruri məlumatlar qeyd edilməli olduğu halda bu tələblərin heç birinə əməl olunmamışdır. Hesab edir ki, əməlində inzibati xəta tərkibi mövcud olmamışdır. Polis əməkdaşı qanunsuz və əsassız olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Polis əməkdaşının bu cür qanunun tələblərini kobud surətdə pozaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etməsi hüquqa ziddir. Qeyd olunan şəraitdə iş materiallları və təqdim olunmuş sübutlar əsasında müəyyən edilir ki, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi qüvvədə olan qanunvericiliyə zidd və qanunvericiliklə yolverilməz olmuşdur. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X2 tərəfindən qəbul edilmiş EQ 22001287 saylı, 27 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22001287 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 İXM-in 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXMnin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X3 dayanma qaydalarını pozmadığını və avtomobili dayandırdığı ərazidə avtobus dayanacağının olmadığını bildirmişdir, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Həmçinin, İş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini əks etdirən diskə baxış zamanı X3 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi təsdiq edilmir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli, EQ 22001287 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22001287 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar