Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2978/2024 14.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, qərardan şikayət verən şəxs Barış Altıparmakın nümayəndəsi və vəkili Vəkil, barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan Barış Altıparmak tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, X10 Xidməti (bundan sonra: DƏMX) tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə “X14 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin baş direktoru X9 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə müəyyən edilən inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 4500 (dörd min beş yüz) manat inzibati cərimə edilmişdir. Qeyd edilən qərar qanunsuz və əsassızdır, hesab edir ki, məhkəmə qaydasında ləğv edilməlidir. İşin faktiki hallarına münasibət bildirməmişdən öncə qərarın tərtibi ilə bağlı qanunvericilik pozuntularını məhkəmənin diqqətinə çatdırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81-1.1-ci maddəsinə əsasən İXM-in 191.2-ci, 192.1-ci, 192.3cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. 127- 4.1-ci maddəsinə əsasən İXM-in 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 477-1.1.2-ci, 477-1.1,4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Qeyd edilən maddələrin tələblərindən göründüyü kimi DƏMX-in tərtib etdiyi qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 56 nömrəli Qərarının 3-1 nömrəli əlavəsi ilə təsdiq edilmiş formaya uyğun olaraq elektron qaydada tərtib edilməli idi. Bundan əlavə İXM-in 192.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan əməlin törədilməsinə görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 127-4.7-ci maddəsində istinad edilən 127-4.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol tərtib edildikdə və yaxud inzibati tənbeh vermə haqqında elektron qərar çıxarıldıqda inzibati cərimənin məbləği həmin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddində müəyyən olunur. Yəni, DƏMX-in vəzifəli şəxsi cərimə məbləğini müəyyən edərkən daxili inamını deyil qanunvericiliyin tələblərini rəhbər tutmalı və üç min manat cərimə tətbiq etməli idi. Bilindiyi kimi işğaldan azad olunan ərazilərə girişlər “portal” üzərindən icazə alınmaqla həyata keçirilir. İcazə alınan şəxslərdən X1 və X2 "xxxx" MMC-nin X11 isə "xxxx" MMC-nin əməkdaşı olmuşdur. Bu şirkətlər Kolinə subpodrat xidmətləri göstərmiş və onların müraciətləri əsasında həmin şəxslər üçün “portal” icazələri alınmışdır. İXM-nin tələblərinə əsasən inzibati xəta informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə məsuliyyət müəyyən edə bilər. Bir şeyin aşkar olması onun mübahisələndirilməyən olması, şübhədənkənar olması, hamılıqla qəbul edilən olması anlamına gəlir. İnformasiya sistemindəki məlumatlar inzibati xətanı aşkar etmir, ola bilmə ehtimalını irəli sürür. DƏMX isə bu məlumatı etibarlı mənbə kimi qəbul edib, icazə alınmış şəxslərin izahatlarını almadan, onların iş yerlərini müəyyən etmədən, onların kim tərəfindən hansı işlərin görülməsinə cəlb edilməsini müəyyən etmədən, yəni bütün faktiki halları araşdırmadan əsassız və qanunsuz qərar qəbul etmişdir. X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X13 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq öz izahatında bildirmişdir ki, X3 mübahisələndirdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokol əsaslıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının giriş informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə icazəsi alınmış X1, X2 və X11 03 may 2024-cü ildən 03 iyul 2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyən edilmişdir. Qeyd olunan protokol əsasında xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qəbul edilən qərar da qanuni və əsaslıdır. Göründüyü kimi, şikayətçinin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan pozuntunu törətməsi bir daha təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barış Altıparmak X10 Xidmətinin Bakı şəhər idarəsinə lazımi qaydada çağırılmış, lakin o, araşdırmada iştirak etməmiş, həmçinin sübutlar təqdim etməmişdir. Protokol və onun əsasında qəbul edilən qərar qanuni və əsaslıdır, şikayətçinin göstərdiyi dəlillər həmin qərarın ləğvi üçün yetərli dəlil sayıla bilməz. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Barış Altıparmak tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 4500 (dörd min beş yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş sifarişçi “X14 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə subpodratçı "xxxx" MMC arasında bağlanmış 01 mart 2024-cü il tarixli, KOL-KL-094 nömrəli xidmət müqaviləsindən və “X14 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə subpodratçı "xxxx" MMC arasında bağlanmış 19 aprel 2024-cü il tarixli, KOL-KL-108 nömrəli xidmət müqaviləsindən görünür ki, Sifarişçi İcraçıya sifariş verir və bu işlərin icrası nəticəsində razılaşdırılmış xidmət haqqının ödənilməsini öhdəsinə götürürür, icraçı isə sifarişçinin sifarişi əsasında və müəyyən etdiyi qaydada göstərilən işlərin görülməsini öhdəsinə götürür. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Barış Altıparmak tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X1, X2 və X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmiş, həmçinin X10 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdin edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni “X14 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən icazəsi istənilən məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedibgetməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Beləliklə müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunverciliklə müyyən edilmiş qaydada tam, hərtərəfli araşdırılmadan tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, Barış Altıparmak barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Barış Altıparmak barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2978/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2978/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver