Məhkəmə qərarları › İş №3(006)-2983/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2983/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2983/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 26155879, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 26155879 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, dayanma-durma qaydalarının pozulması əsası ilə barəsində xx.xx.2025-ci il tarixdə EQ 26155879 nömrəli protokol tərtib edilmişdir. Qayda pozuntusunun baş verdiyi yer Nəsimi rayonu, X6 küçəsi 83 ünvanıdır. O özünə məxsus **-UV-*** dövlət nömrə nişanlı “İnfiniti QX70” markalı avtomobili səkinin üzərində deyil, parklanma üçün nəzərdə tutulmuş yol cibində saxlamışdır. Səki ilə yol cibi mərmər daşla ayrılmış və piyadalarının sərbəst hərəkəti üçün müvafiq üç metr enində olan səki nəzərdə tutulmuşdur ki, o da parklanmanı həmin səkidə etməmişdir. İnzibati xətaya görə İXM-in 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə 60 manat və 2 cərimə balı tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 16-cı bəndində qeyd edilir ki, səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Həmin qanunun 40-cı maddəsində piyadanın vəzifələri göstərilir ki, piyada səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir. Həmin qanunun 50-ci maddəsinin İİ bəndində dayanma və durma barədə qeyd edilir ki, yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə, kiçik elektrik nəqliyyat vasitələrinə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Həmin maddənin Vİ bəndində qeyd edilir ki, nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə, yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində, 5.1 nişanı ilə işarələnmiş yerlərdə, dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda, girişin, habelə darvaza qarşısında və 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır. Dövlət şəhərsalma norma və qaydalarının 8.18-ci maddəsinə əsasən yerli əhəmiyyətli avtomobil yollarında (fasiləsiz hərəkətli, tənzimlənən hərəkətli, rayon əhəmiyyətli, nəqliyyat-piyada, piyada-nəqliyyat) səkinin piyada hissəsinin eni 2,25-3 metr müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, inzibati xətanın qeydə alındığı yerdə standartlara uyğun eni 3 metr olan müvafiq səki nəzərdə tutulub. Piyadalar heç bir maneə olmadan rahat şəkildə həmin səki ilə hərəkət edə bilirlər. Səkinin qarşısında, mərmər daşla ayrılmış əsas yola qədər olan hissədə parklama üçün yer nəzərdə tutulub. Həmin yer tikinti normalarına əsasən binanın “qırmızı xətti”nə daxil olan sahədir. Qeyd edilən ərazidə parklanmanın, dayanma və durmanın qadağan edilməsinə dair heç bir yol nişanı da qoyulmamışdır. Bundan əlavə, həmin parklanma ərazisi başdan sona qədər də qırıq-qırıq sarı rəngli yol kənarı xətlə işarələnmişdir. Yuxarıda sadalanan və qüvvədə olan qanunvericilik aktlarına əsasən də harada dayanma- durmanın qadağan edildiyi yerlər aydın şəkildə qeyd edilib ki, sözü gedən ərazi həmin qadağanın təsiri altına düşmür. Əgər səki piyadaların hərəkət etməsi üçün nəzərdə tutulan sahədirsə və həmin sahədə dayanma, durma edilməyibsə, məhdudlaşdırıcı və qadağanedici hər hansı yol nişanı yoxdursa, birmənalı şəkildə barəsində tərtib edilmiş EQ 26155879 nömrəli protokol və onun əsasında qəbul edilmiş qərar əsassızdır. Qeyd edilənləri nəzərə alaraq, müvafiq araşdırmanın aparılması və EQ 26155879 nömrəli protokol və qərarın ləğv edilməsi barədə yazılı şəkildə xx.xx.2025-ci il tarixdə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmiş, bununla əlaqədar olaraq həmin idarədə izahat vermişdir. Eyni zamanda Daxili İşlər Nazirliyinin müvafiq elektron müraciət portalına (mia.gov.az) müxtəlif vaxtlarda (18 fevral, 12 mart, 9 aprel, 28 aprel, 7 may) müraciətlər edərək protokolun ləğv edilməsini xahiş etmişdir. Qeyd etdiyi müraciətlərin heç birinə münasibət bildirilməmişdir. Belə olan halda, xx.xx.2025-ci il tarixdə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinə şəxsən gedib, araşdırmanın nəticəsinə dair sənədi və barəsində tərtib edilmiş elektron qərarı tələb edib almışdır. Ona təqdim edilən xx.xx.2025-ci il tarixli A-5775 nömrəli cavab məktubunda protokol və qərarın qanunauyğun yazıldığı qeyd edilmişdir. Lakin həmin məktub daha əvvəl nə kağız daşıyıcısında, nə də elektron poçt vasitəsilə ona təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 4 noyabr 2020-ci il Qərarında qeyd edilir ki, həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1 -ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verib təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 26155879 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən X4 xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasutələrinin səkilərdə dayanmasına və ya durmasına görə) təqsirli bilinib 60 manat cərimə edilmişdir. Həmin qərarda şəxsin xx.xx.2025-ci il tarixdə həqiqətən də “nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və ya durması” ilə müşaiyyət olunan xətanı təsdiq edəcək sübutla təsdiq edilmir. İş üzrə təqdim olunmuş şəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə X3 istifadəsində olan nəqliyyat vasitəsi Nəsibbəy Yusifbəyli küçəsi 52 ünvanında məhz səkidə nəqliyyat vasitəsi dayandırılmamışdır. Bundan əlavə nəqliyyat vasitəsinin saxlanıldığı yer səki kimi qiymətləndirilə bilməz. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin 1-ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Göründüyü kimi, nəqliyyat vasitəsinin dayandırıldığı yer piyadalar üçün nəzərdə tutulan yolun hissəsi deyildir. Belə olduğu halda məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası İXMnin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi həqiqəti əks etdirmir və məhkəmə iclasında öz təsdiqini tapmır. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Həmçinin təqdim edilmiş fotoşəkillərdən də görünür ki, avtomobilin saxlanıldığı yer səki yox, nəqliyyat vasitələrinin dayanması üçün nəzərdə tutulan yolun hissəsidir. Şəkildən aydın görünür ki, həmin hissə səki deyil. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın X4 tərəfindən törədilməsində şübhələr yaranır. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-2983/2025 saylı məktubu ilə Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir. Həmçinin protokolu tərtib etmiş və qərar qəbul etmiş şəxsin də məhkəmə iclasında iştirakı tələb edilsə də, həmin şəxslər də məhkəmə iclasında iştirak etməmişlər. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində İXM-in 346.9-cu maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 26155879 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar