Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2984/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Protokola əsasən Şəxs MMC Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə imzalanmış xx.xx.2021-ci il tarixli lisenziya müqaviləsinin şərtlərini pozmuş, bununla da MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məsələ ilə bağlı qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə məsuliyyət nəzərdə tutur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən lisenziya şərtləri dedikdə, lisenziyanın alınması üçün ərizəçinin və lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən lisenziya sahibinin yerinə yetirilməli olan, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblər başa düşülür. Həmin Qanunun 29-cu maddəsinə görə bu Qanunun tələblərinin, lisenziya və icazə şərtlərinin pozulmasına görə lisenziyanın (icazənin) sahibi Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır. Göründüyü kimi, qanunvericlik inzibati məsuliyyəti lisenziya müqaviləsinin şərtlərininin tələblərinin pozulmasına görə deyil, lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulmasına görə müəyyən edir. Eyni zamanda “Lisenziyalar və icazələr haqqında” Qanunun 12.2-ci maddəsində göstərilir ki, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, lisenziya və icazə şərtlərinin siyahısı, onları müəyyən edən hüquqi aktlar (o cümlədən, texniki normativ hüquqi aktlar), lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydaları, lisenziya və icazə verən orqan tərəfindən qəbul olunan inzibati aktlardan şikayət verilməsi qaydası, lisenziya və icazə verən orqanın səlahiyyətlərini əks etdirən məlumatlar, lisenziyalara və icazələrə dair hüquqi aktların tətbiqinə dair verilən izahatlar, tez-tez verilən suallara cavablar, habelə sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə xidmət edə biləcək məlumatlar lisenziya və icazə verən orqanların internet saytlarında yerləşdirilməli və “Lisenziyalar və icazələr” portalında yerləşdirmək üçün səlahiyyətli orqana göndərilməlidir. Həmin məlumatlarda dəyişikliklər baş verdikcə, onlar yenilənməlidir. Bu normanın da məzmunundan belə aydın olur ki, ayrıca lisenziyanın şərtlərinin siyahısı mövcud olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 174 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan Əlavə Şərtlər”də rabitə xidmətlərinə (telefon (məftilli), sellülar (mobil)-(texnoloji standartın adı göstərilməklə), radiotrank və simsiz telefon, ölkədaxili telekommunikasiya kanallarının təşkili, beynəlxalq telekommunikasiya kanallarının təşkili, İP-telefoniya (internet-telefoniya), məlumatların ötürülməsi (data), sürətli poçt xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər sadalanmış və orada lisenziya müqaviləsi ilə bağlı tələblər müəyyən edilməmişdir. O da nəzərə alınmalıdır ki, “Lisenziyalar və icazələr haqqında” Qanunun 19.8-1-ci maddəsinə görə bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə (sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) lisenziyanın verildiyi tarixdən 30 gün müddətində lisenziya sahibi ilə lisenziya verən orqan arasında lisenziya müqaviləsi bağlanılmalıdır. Lisenziya müqaviləsi bağlanılmadıqda, bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilmiş lisenziya hüquqi nəticələr yaratmır. Lisenziya müqaviləsinin formasını və bağlanılma qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının 07 sentyabr 2020-ci il tarixli, KQ-6/20 nömrəli qərarı ilə təsdiq edilmiş “Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası”na Əlavə - “Lisenziya müqaviləsinin forması”nın (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində xx.xx.2020-ci il tarixdə **********620 nömrə ilə qeydiyyata alınıb) 3.1-ci bəndinə görə bu Müqavilə Lisenziya üzrə Azərbaycan Respublikasının ərazisində Operator tərəfindən şəbəkənin qurulması, istismarı, genişləndirilməsi və təkmilləşdirilməsi, həmçinin bu şəbəkə üzərindən telekommunikasiya xidmətlərinin göstərilməsi, habelə radiotezliklərdən və nömrə resurslarından istifadə şərtlərini tənzimləyir. Bununla belə təqdim edilmiş sənədlərin təhlili göstərir ki, hazırki məsələnin mahiyyəti Şəxs MMC və "xxxx" MMC ilə şəbəkələri arasında arabağlantının təşkili və qarşılıqlı hesablaşma haqqında müqavilənin bağlanılmasında yaranmış mübahisədir. “Telekomunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə müvafiq olaraq operatorlar öz şəbəkələri arasında qarşılıqlı arabağlantını müqavilə (bundan sonra - arabağlantı müqaviləsi) əsasında həyata keçirirlər. Arabağlantı müqaviləsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şərtlərə zidd olmayan texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və qanunvericiliyə uyğun olaraq müqaviləni bağlayan tərəflərin müəyyən etdiyi digər məsələlər nəzərə alınmalıdır. Operator hər bir ümumistifadəli telekommunikasiya şəbəkəsi operatoru ilə 2 ay müddətindən gec olmayaraq arabağlantı müqaviləsi bağlamalıdır. Göstərilən müddət ərzində hər hansı operator ilə razılıq əldə edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən, mübahisənin predmeti nəzərə alınmaqla, müəyyən olunan şərtlər əsasında tərəflər arasında 7 iş günü müddətində arabağlantı müqaviləsi bağlanmalıdır. Arabağlantı müqaviləsinin bağlanması ilə əlaqədar mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda qeyd olunan “Lisenziya müqaviləsinin forması”nın 6.8.5-ci bəndinə əsasən operatorun şəbəkəsinin Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulması, habelə digər mobil və sabit şəbəkə operatorları ilə arabağlantının təşkili, arabağlantı müqavilələrinin bağlanması və qarşılıqlı hesablaşmaların aparılması ilə bağlı yaranan problemlərin həll edilməsinə Nazirlik tərəfindən köməklik göstərilir. Sadalanan normalardan da belə aydın olur ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi telekomunnikasiya sahəsində fəaliyyət göstərən Şəxs MMC və "xxxx" MMC arasında arabağlantı müqavilələrinin bağlanması və qarşılıqlı hesablaşmaların aparılması ilə bağlı yaranan problemlərin həll edilməsində sadəcə köməklik göstərməli, bununla bağlı yaranmış mübahisələr isə məhkəmə qaydasında həll edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığına görə o, ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2984/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2984/2022
30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver