Məhkəmə qərarları › İş №3(006)-2992/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2992/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2992/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-nin qanuni təmsilçisi X6 oğlunun iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 04, m.04; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə tərtib olunmuş 28.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC 181.250,00 Avro məbləğində olan vəsaiti bank hesabından 05.09.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan 45.000,00 Avro dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X3 izahat verərək göstərdi ki, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2016-cı il tarixli, 745 nömrəli Fərmanına uyğun olaraq Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilmiş və nazirlik tərəfindən yeni tikilmiş fabrik üçün xüsusi güzəştli şərtlərlə avadanlıqların gətirilməsi üçün 2019-cu ildə “İnvestisiya təşviqi sənədi” verilmişdir. Bununla əlaqədar Şəxs MMC ilə Türkiyədə fəaliyyət göstərən “X4 ve Dış Ticaret LTD” şirkəti arasında bağlanılmış 02.08.2019-cu il tarixli 003 saylı satış müqaviləsinə əsasən 05 sentyabr 2019-cu il tarixdə 181.250,00 Avro və 06.10.2020-ci il tarixdə 100.000,00 Avro məbləğində avans köçürmələr həyata keçirilmişdir. 30.10.2020-ci il tarixdə **********3009 saylı yük gömrük bəyannaməsinə əsasən 2 invoys sənədi üzrə köçürülmüş pul vəsaiti ilə bağlı demək olar ki, sifariş verilmiş malların əksəriyyəti ölkəyə idxal olunmuşdur. Lakin pandemiya ilə əlaqədar bütün ölkələrdə olduğu kimi, Türkiyədə də istehsalatda yaranmış ləngimələrə görə 45.000,00 Avro dəyərində “PVC X1, Capping and Labeling Machine” adlanan xüsusi avadanlıqların hazırlanması mümkün olmamış və bu səbəbdən də onların vaxtında ölkəyə gətirilməsi təmin edilməmişdir. Bu da Şəxs MMC-nin təqsirli hərəkətlərindən baş verməmişdir. Bundan əlavə, müasir fabrikin tilntisi, fabrik üçün həmin avadanlıqların gətirilməsi birbaşa ölkə iqtisadiyyatına töhfə vermək, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb etmək, yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal etmək məqsədi daşıyır və belə hal da İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin pozulmasından heç bir söhbət gedə bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2020-ci il tarixli Qərarına əsasən idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2019-cu il 19 dekabr tarixli Qərarında vurğulanır ki ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlər və məlumatlar göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan:  "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş 30.08.2021-ci il tarixli məktubda qeyd olunur ki, hüquqi şəxs və fərdi sahibkarların təqdim etdikləri hesab faktura əsasında ödənilmiş qabaqcadan ödəniş məbləğlərinin 06 sentyabr 2019-cu il tarixindən 27 Avqust 2021-ci il tarixinədək olan dövr ərzində 720 gün keçmiş və gömrük bəyannamələri təqdim olunmayan ödənişlərin siyahısı və onlara uyğun sənədlərin surətləri təqdim edilir. Müştəri 27.08.2021-ci il tarixdə banka rəsmi qaydada müraciət edərək pandemiya səbəbindən 45.000 Avro qabaqcadan ödəniş üzrə malların 2021-ci ilin noyabr ayında ölkəyə idxal ediləcəyini göstərmiş və bununla əlaqədar olaraq həmin tarixə qədər bank tərəfindən möhlətin verilməsini və ya digər qabaqcadan ödəniş ilə əvəzləşdirilməsini xahiş edir. Bu məktuba əlavə edilmiş sənədə görə Şəxs MMC 06.09.2019-cu il tarixdə “X4 ve Dış Ticaret LTD” şirkətinə 181.250,00 Avro pul köçürmüş, bu məbləğdən 45.000,00 Avro bağlanılmamışdır;  05.09.2019-cu il tarixli ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən Türkiyədə yerləşən “X4 ve Dış Ticaret LTD” şirkətinin hesabına 02.08.2019-cu il tarixli, 003 saylı müqavilə ilə bağlı 02.08.2019-cu il tarixli, EMG-E19-137P, EMG-E19-139P, EMG-E19-141P saylı invoyslar üzrə 06.09.2019-cu il tarixdə 181.250,00 Avro məbləğində pul göndərilmişdir;  **********3009 saylı gömrük bəyannaməsinə görə Türkiyədə yerləşən “X4 ve Dış Ticaret LTD” şirkəti tərəfindən Şəxs MMC-yə 02.08.2019-cu il tarixli müqavilə üzrə 262.500,00 Avro dəyərində mallar 29.10.2020-ci il tarixdə ölkəyə idxal olunmuşdur. Həmin sənədin üzərində bank tərəfindən aparılmış qeydə əsasən 136.250,00 Avro 06.09.2019-cu il tarixli köçürmə üzrə bağlanılmışdır;  “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün” 28.10.2020-ci il tarixli Təsdiqedici Sənədə əsasən Şəxs MMC-yə “X4 ve Dış Ticaret LTD” şirkətindən 02.08.2019 və 28.09.2020-ci il tarixli müqavilələrlə bağlı siyahıda göstərilmiş mallara gömrük tarifi üzrə güzəştlərdən istifadə etmək hüququ verilir;  “X4 ve Dış Ticaret LTD” şirkəti tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubda göstərilir ki, 02.08.2019-cu il tarixli satış müqaviləsinin və 28.09.2020-ci il tarixli həmin müqavilayə əlavə razılaşmanın şərtlərinə əsasən “X4 ve Dış Ticaret LTD” Şəxs MMC üçün ümumi dəyəri 352.000 Avro dəyərində müvafiq malları istehsal edib təhvil verməli idi. Müqavilə şərtlərinə əsasən ödənişlər hissə-hissə həyata keçirilməli idi. 05 sentyabr 2019-cu il tarixdə Şəxs MMC tərəfindən “X4 ve Dış Ticaret LTD”ya 181.250 Avro və 06.10.2020-ci il tarixdə 100.000 Avro məbləğində köçürmələr həyata keçirilmişdir. Müqavilə şartlərinə tam olaraq riayət edilmiş, köçürülən məbləğ dəyərində Şəxs MMC-yə sifariş olunan mal göndərilmişdir. 29.10.2020-ci tarixində invoys dəyəri 262.500 Avro olan mal Şəxs tərəfindən təhvil alınmışdır. Təhvil alınan mal müqavilə üzrə sifariş olunan və müvafiq proformafakturalar üzrə göndərilən mallar sırasına aiddir. Tərəfimizdən tərtib edilmiş 02.08.2019-cu il tarixli, EMG-E19-141P proforma invoysda “PVC X1, Capping and Labeling Machine”nin istehsal olunması və digər mallar ila birgə göndərilməsi göstərilmişdir. Lakin həmin malın istehsalı ila bağlı şirkətdə ümumi istehsal prosesi pandemiya (uzunmüddətli lokdaunlara görə) şəraiti ilə əlaqədar (fors-major halları) uzun müddatə ləngimişdir. Ümumiyətlə 2020-2021-ci il ərzində COVİD-19 pandemiyası şəraitində şirkənin istehsal gücü əhəmiyyətli dərəcədə azalmışdır. “PVC X1, Capping and Labeling Machine”nin istehsalı hazırda davam edir və dekabr 2021 - yanvar 2022-ci ildə tamamlanaraq göndəriləcəkdir. Beləliklə müəyyən edilir ki, Şəxs MMC Türkiyədə yerləşən “X4 ve Dış Ticaret LTD” şirkəti ilə bağladığı 02.08.2019-cu il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş “İnvestisiya təşviqi sənədi” üzrə müvafiq malları sifariş vermək üçün 06.09.2019-cu il tarixdə həmin şirkətin hesabına 181.250,00 Avro məbləğində pul vəsaiti köçürmüş, 29.10.2020-ci il tarixdə bu köçürmə ilə bağlı 136.250,00 Avro dəyərində mallar Azərbaycan Respublikasına idxal edilmişdir. Həmin köçürmə üzrə qalıq qalan 45.000,00 Avro dəyərində malın isə Covid-19 pandemiyası ilə əlaqədar Türkiyədə “X4 ve Dış Ticaret LTD” şirkətinin istehsalatında yaranmış çətinliklərlə bağlı “PVC X1, Capping and Labeling Machine” adlı avadanlığın müəyyən edilmiş müddət ərzində istehsalı mümkün olmamış və buna görə də bu malın 02 il ərzində ölkəyə idxal etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X5 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2020-ci il tarixli Qərarında qeyd olunur ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Göründüyü kimi, Şəxs MMC ilə xarici şirkət olan “X4 ve Dış Ticaret LTD” arasında bağlanılmış iri həcmli müqavilə üzrə hissə-hissə olmaqla mallar sifariş verilərək avans yolu ilə qabaqcadan ödənişlər edilmiş və sifarişi qəbul etmiş istehsalçı tərəfindən də bu iş üzrə qarşılıqlı icra işləri aparılmış, sifariş edilmiş mallar onu sifariş etmiş Şəxs MMC-nin adına Azərbaycan Respublikasına demək olar ki göndərilmişdir. Lakin bir malın - “PVC X1, Capping and Labeling Machine” adlı avadanlığın Covid-19 pandemiyası ilə əlaqədar müəyyən edilmiş müddət ərzində istehsalı mümkün olmamış və buna görə də bu malın 02 il ərzində ölkəyə idxal etmək mümkün olmamışdır. Başqa sözlə, indiki halda Şəxs MMC tərəfindən xaricə ödənilmiş və qalıq qalan 45.000,00 Avro məbləğində valyuta vəsaitinin müqabilində sifariş edilmiş malın qanunvericiliklə müəyyən edilmiş müddətdə, yəni 02 il ərzində idxal edilməməsi barəsində icraat aparılan hüquqi şəxsdən asılı olmayan səbəblərdən baş vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs MMC-nin niyyəti birbaşa və ya dolayı yolla İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə qorunan ictimai münasibətə qəsd etməkdən ibarət olmadığından onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də hazırkı iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar