Məhkəmə qərarları › İş №3(006)-2992/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2992/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2992/2025 23.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Nəsimi rayon X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində gecə saat 01:10 radələrində Bakı şəhəri, Xəqani bağı yaxınlığında yerləşən “Xəqani” avtodayanacağından şəxsi avtomobilini çıxararaq onu idarəetmə hüququ olan başqa şəxsə (bundan sonra “sürücü”) təhvil vermişdir. Bir neçə metr hərəkət etdikdən sonra **-AP-*** dövlət qeydiyyat nişanlı Post Patrul Xidməti əməkdaşları avtomobilin qarşısını kəsərək dayanmaq tələbini irəli sürmüşlər. Sürücü bu əmri icra etmiş, lakin nə ona, nə də sürücüyə saxlanılma səbəbi barədə izahat verilməmişdir. Təxminən 5-10 dəqiqə sonra hadisə yerinə YPX əməkdaşı yaxınlaşaraq nəqliyyat vasitəsinin sərnişin hissəsində oturduğu halda şəxsən onun avtomobildən düşməsini tələb etmiş, o isə dəfələrlə qeyd etmişdir ki, həmin an nəqliyyat vasitəsini idarə edən şəxs o deyil və hüquqi əsas olmadan ondan bu tələb irəli sürülə bilməz. Buna baxmayaraq, avtomobildən düşməyə məcbur edilmiş və polis əməkdaşı tərəfindən heç bir izahat, protokol və ya hüquqi əsas olmadan tibb müəssisəsinə aparılmışdır. Orada sərxoşluq testi verməyi tələb olunmiş, o isə sərnişin olduğunu və testin hüquqi əsas olmadan tətbiq edilməsinin qanunsuz olduğunu bildirərək imtina etmişdir. Nəticədə, heç bir inzibat protokol tərtib edilmədən və hüquqi akt təqdim edilmədən avtomobili cərimə meydançasına aparılmışdır. Həmin zaman İXM-nin 100.3 və 100.4-cü maddələrində nəzərdə tutulmuş hüquqları pozulmuş, protokol təqdim edilməmiş və aktlaşdırma aparılmamışdır. Ertəsi gün Nəsimi rayon X6 İdarəsində Vüqar adlı şəxs tərəfindən avtomobilin 700 AZN müqabilində qaytarılacağı bildirilmişdir. Bu qanunsuz pul tələbinə etiraz etdiyi üçün barəsində 6 aylıq sürücülük hüququndan məhrumetmə ilə hədələnərək inzibati xəta haqqında iş məhkəməyə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsi iş üzrə (3(006)-922/2025 nömrəli iş) baxış zamanı protokolun qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini, o cümlədən tələblərinin pozulduğunu əsas gətirərək 2 dəfə təqdim edilmiş sənədləri geri qaytarmışdır. Bütün bu hallar göstərir ki, post patrul və YPX əməkdaşlarının hərəkətləri hüquqi əsasdan məhrum olmuş, İXM-in 8.1 və 8.3-cü maddələrinə əsasən, təqsirsizlik prezumpsiyası pozulmuş, Polis haqqında Qanunun 5-ci maddəsi ilə qadağan edilən şəkildə hüquqları məhdudlaşdırılmışdır. Avtomobilin protokolsuz evakuasiyası və saxlanması qanunsuz olmuşdur ki, bu da İXM-in 97.1-ci maddəsinə ziddir. Saxlanılma yalnız protokol əsasında həyata keçirilə bilər. Sərnişin olan şəxsdən sərxoşluq testi tələb edilməsi hüquqi əsasdan məhrum olmuşdur ki, bu hal da “Yol-patrul xidməti haqqında” Təlimatın 5.10 və 5.11-ci bəndlərinə ziddir. Təlimata əsasən bu cür müayinə yalnız nəqliyyat vasitəsini idarə edən şəxsə münasibətdə həyata keçirilə bilər. Yuxarıda qeyd olunan hüquq pozuntularını nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin maddələrinə əsasən barəsində olan inzibati tənbehə xitam verilməsini və TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Nəsimi rayon X6 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Nəsimi rayon X6 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Nəsimi rayon X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 İXM-in 343.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-922/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi rayon X6 Şöbəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXMnin 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X2 həmin vaxt avtomobili idarə etmədiyini, avtomobildə sərnişin qismində əyləşdiyini və avtomobili başqa şəxsin idarə etdiyini bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayət əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, X2 barəsində olan xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Nəsimi rayon X6 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar